azia.az
azia.az

Sərkisyanın yeni sərsəmləməsi – düşmən sülhdən niyə qaçır?

28-11-2016, 09:22

Sərkisyanın yeni sərsəmləməsi – düşmən sülhdən niyə qaçır?
Ermənistan prezidenti son açıqlaması ilə onsuz da dalana dirənmiş Qarabağ danışıqlarını növbəti dəfə sabotaj etdi

Azərbaycanlı ekspert: “Türkiyə ilə hərbi saziş imzalamağımızın vaxtı çatıb”

İşğalçı Ermənistanın başçısı, Xocalı hərbi canisi Serj Sərkisyan yenə sayıqlayıb. Hakim Respublika Partiyasının qurultayında növbəti dəfə partiya sədri seçilməsindən ruhlanan Sərkisyan növbəti dəfə Qarabağ məsələsində radikal və beynəlxalq hüquqa söykənməyən mövqe sərgiləyib, Azərbaycanın ünvanına hədələr səsləndirib.

Hətta o qədər eyforiyaya qapılıb ki, işğalçı ordunun apreldəki rüsvayçı uğursuzluğunu belə unudaraq, guya “Azərbaycanın apreldə öz qarşısına qoyduğu hərbi-siyasi hədəflərə çata bilmədiyini, erməni ordusunun isə məqsədə çatdığını” iddia edib. İşğalçı ölkənin rəhbəri həmçinin, bir daha Dağlıq Qarabağın statusunun öncədən müəyyən edilməsini, bunun da “öz müqəddəratını təyin etmə”dən keçdiyini yeganə həll yolu" kimi təqdim edib. Bununla da faktiki surətdə işğal altındakı Azərbaycan ərazilərinin bir qarışını belə boşaltmağa hazırlaşmadığını ortaya qoyub. Yəni sülhü deyil, müharibə variantını seçdiyini ortaya qoyub.

Sərkisyan Azərbaycanla silahlanma yarışına girməyin mənasız olduğunu, lakin Ermənistan ordusunun onun qarşısında qoyulan hərbi-siyasi vəzifələri yerinə yetirmək gücündə olması kimi bir-birinə diametral zidd fikirlər də səsləndirib. Hərçənd aydındır ki, bu özündənrazı fikirləri, boşboğazlığı o, ənənəvi hərbi-siyasi müttəfiqi Rusiyaya arxalanaraq söyləyib - o Rusiya ki, son aylar Ermənistanın təhlükəsizlik qarantını artırmaq, onun özünü güvəndə hiss eləməsi üçün həqiqətən bir sıra əlavə addımlar atıb: işğalçıya bəzi müasir hücum silahları və sistemləri verib, onun hava məkanını nəzarətə götürüb, indi isə ortaq hərbi qruplaşmanın yaradılması yönündə addımlar atılır.

Əlbəttə ki, Sərkisyanın dedikləri ən əvvəl hakim rejimdən narazı olan topluma, daxili auditoriyaya ünvanlanıb. Onu sakitləşdirməyə hesablanıb. Çünki özü də dolayısıyla etiraf edib ki, Azərbaycan ordusu üstündür. Bakının heç vaxt işğal rejimi ilə barışmayacağı, Azərbaycan ərazisində heç zaman ikinci erməni dövləti yaradılmayacağını da erməni tərəfi yaxşı bilir.

*****

Düşmən ölkə başçısının son bəyanatı, sözsüz ki, həm də Rusiya ilə Türkiyə arasında son zamanlar istiləşməkdə olan münasibətlərə görə keçirilən təlaşdan qaynaqlanır. İrəvanda narahatdırlar ki, bu yaxınlaşma Dağlıq Qarabağ məsələsində Ermənistanın ziyanına olan hansısa pərdəarxası anlaşmaya, gəlişmələrə gətirə bilər.

Yeri gəlmişkən, bu həftə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyəyə səfər edəcək. Rusiya XİN rəsmisi Mariya Zaxartovanın sözlərinə görə, səfər çərçivəsində Güney Qafqazdakı vəziyyət də müzakirə mövzusu olacaq. Demək Qarabağ konflikti də diqqət mərkəzinə gətiriləcək. Bu xüsusda qardaş ölkə rəhbərliyinin Qarabağ mövzusunu təzədən gündəmə gətirəcəyi gözlənilir.

Image result for Qabil hüseynli
“Türkiyənin Qarabağ məsələsi ilə bağlı yenidən fəallaşması Rusiyanın Ermənistanla münasibətləri ilə sıx surətdə bağlıdır”. Bunu Axar.az-a sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli deyib. Politoloqun sözlərinə görə, Ermənistan həm açıq, həm də gizli formada silahlandırılır: “Bir müddət öncə Sankt-Peterburq görüşündə Putin 5 rayonun geri qaytarılması ilə bağlı türk liderə birmənalı qaydada təminat vermişdi. Yəni Qarabağ probleminin həll ediləcəyi ilə bağlı optimizm var idi. Ancaq hadisələrin gedişatında qəfil sərt dönüş baş verdi. Dünənə qədər Rusiyanı söyən ermənilərin kefinə təsir edəcək addımlar atılmağa başlanıldı. Moskvanın İrəvanla bağlı son addımları beynəlxalq praktikada görünməmiş, Cənubi Qafqazda vəziyyəti gərginləşdirən hərəkətdir və tamamilə status-kvonun qorunmasına xidmət edir. Baş verənlər, xüsusilə də ”İsgəndər-M"lərin Ermənistanda yerləşdirilməsi Türkiyə üçün də ciddi təhdiddir".

Politoloq adı çəkilən məsələdə bəzi açıq faktların olduğunu da dilə gətirib: “Rusiya Cənubi Qafqazda erməni işğalını tamamilə qanuniləşdirə biləcək və status-kvonun dəyişilməsinin qarşını alacaq addımlar atır. Yəni Ermənistan həm açıq, həm də gizli formada silahlandırılır. Putinin göstərişi ilə artıq Dumada yeni qanun hazırlanır. Belə ki, bəzi ölkələrə, ilk növbədə Ermənistana silah göndərilməsinin hərbi sirr kimi gizli saxlanılması nəzərdə tutulur. Bu proseslər sözün əsil mənasında ekspansiv və təhlükəli bir tendensiyadır”.

Q.Hüseynli hesab edir ki, Türkiyənin Qarabağ məsələsi ilə bağlı yenidən aktivləşməsi Ankaraya verilən sözün tamamilə saya salınmamasından irəli gəlir: “Türkiyədə Türkiyə-Rusiya dostluq cəmiyyəti yaradılır, Ankaradan Moskvaya yönəlik xeyli xoşməramlı siyasi mesajlar var. Türkiyə Rusiya ilə dostluq münasibətlərinə çox səmimi diqqət yetirir. Ancaq Qarabağ probleminin həlli ilə bağlı məsələlərdə Rusiya bütün qırmızı cizgiləri keçir və bölgədə partlayış xarakterli situasiyanın formalaşmasına rəvac verir. Türkiyə hazırda bu məsələdə Rusiya ilə necə davranacağı ilə bağlı çox ciddi bir dilemma qarşısındadır. Bu fonda Azərbaycan-Türkiyə birliyi, iki ölkədə arasında hərbi sazişin imzalanması və Naxçıvanda türk hərbi bazalarının yaradılması məsələsi yenidən gündəmə gələ bilər. Türkiyənin Qarabağla bağlı addımları siyasi bəyanatlar şəklində təzahür etsə də, Lavrovun Ankara səfəri gözlənilir və digər diplomatik kanallar vasitəsilə Ermənistan-Rusiya əməkdaşlığı araşdırılır. Bir sözlə, hazırkı mürəkkəb situasiya Ankaranın Bakı ilə ortaq hərəkətini şərtləndirir”.

*****

Beləcə, işğalçı Ermənistana havadarlıq Rusiyanın Türkiyə ilə münasibətlərin də neqativ təsirini göstərməkdədir. Odur ki, Kremlin özünün də dilemma ilə üz-üzə olduğunu söyləmək olar. Bu dilemma Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi postuna erməni generalın gətirilməsində aylardır davam edən tərəddüddə də özünü göstərməkdədir. Ancaq təkcə Rusiya deyil, Qazaxıstan da həmin postda Ermənistan nümayəndəsini görmək istəmir.

Bu faktı erməni şərhçilər də etiraf edir. Məsələn, erməni yazar Akop Badalyana görə, qazax prezident Nursultan Nazarbayev bunu məhz Azərbaycan prezidenti İlham Əliyevlə münasibətinə görə edir: “Rusiya və Qazaxıstan lideri telefonla Avrasiya İttifaqı və KTMT-nin dekabr sammitini müzakirə ediblər. Bu sammitin əsas məsələlərindən biri KTMT-yə yeni baş katibin təyinatı olacaq. 2015-ci ilin sonlarında bu məsələ iki dəfə təxirə salınıb. Bu vəzifəyə Ermənistan nümayəndəsinin təyin ediləcəyi deyilsə də, sonradan dayandırılıb. Qeyri-rəsmi olaraq bildirilir ki, KTMT-nin baş katibinin seçilməməsinin əsas səbəbi İrəvan sammitində Nursultan Nazarbayevin iştirak etməməsi olub. Bundan əlavə söylənilir ki, Nazarbayev məhz buna görə İrəvana gəlməyib. Qazaxıstan KTMT-nin rəhbərliyində Ermənistan nümayəndəsini görmək istəmir, çünki bunun İlham Əliyevin xoşuna gəlməyəcəyini düşünür”.

*****

Maraqlıdır, bəs Rusiya KTMT-nin Sankt-Peterburqda keçiriləcək dekabr toplantısında (həmin ay Ərdoğanın Moskva səfəri gözlənilir) buna öz “dobro”sunu verəcəkmi? Hansı qərar olur-olsun, bu, bir daha Moskvanın Azərbaycan və Türkiyə ilə münasibətlərə nə dərəcədə strateji dəyər verdiyini göstərəcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi