Prezident İlham Əliyev: Biz öz gündəliyimizi - uğurlu multikulturalizm gündəliyini təklif edirik
"Biz öz gündəliyimizi - uğurlu multikulturalizm gündəliyini təklif edirik"
Bakunews.az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 16-da Heydər Əliyev Fondunun və AZƏRTAC-ın birgə təşkilatçılığı ilə Bakıda, Heydər Əliyev Mərkəzində Dünya Xəbər Agentliklərinin V Konqresinin, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasının birgə açılış mərasimində çıxışında deyib.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan xalqının multikulturalizm ənənələri müxtəlif dinlər, xalqlar arasında sağlam münasibətlərin qurulması baxımından parlaq nümunədir: "Azərbaycan multikulturalizmə gözəl nümunədir".
Prezident vurğulayıb ki, bu il Azərbaycanda "Multikulturalizm ili" elan olunub: "Bu bizim dövlət siyasətimizdir, eyni zamanda, cəmiyyətimizin ümumi ab-havasını əks etdirir".
İlham Əliyev deyib ki, Azərbaycan bir çox beynəlxalq tədbirlər təşkil edir. Onların arasında hər il keçirilən Bakı Humanitar Forumu, Mədəniyyətlərarası Dialoq Forumu və bu il keçirilmiş BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu yer alır: "Roma Papası Fransiskin sentyabrda Azərbaycana səfəri və multikulturalizm və bizim uğurlarımız barədə bəyanatları bu sahədəki nailiyyətlərimizin mühüm göstəricisi oldu".
Dövlət başçısı qeyd edib ki, Roma Papası Bakıya səfəri zamanı katolik kilsəsini, məscidi ziyarət edib, Azərbaycandakı bütün dini icmaların rəhbərləri ilə görüşüb və Bakıdan, elə bu zaldan bütün dünyaya mədəniyyətlərarası və dinlərarası dialoqun dəyərləri barədə müraciət edib.
Azərbaycan Prezidenti bildirib ki, bu gün dünyada dini və etnik zəmində qarşıdurmalarla müşahidə olunan hadisələr fonunda Azərbaycan multikulturalizmi əldə etdiyi nailiyyətlərdən biri kimi qəbul edir: "Biz insanların təkcə milli və ya dini mənsubiyyətlərinə görə əziyyət çəkdiyini, bu faciələri görürük. Bu bizi çox narahat edir. Ona görə də biz öz gündəliyimizi - uğurlu multikulturalizm gündəliyini təklif edirik. Hesab edirəm ki, Azərbaycanın nümunəsi bunu sübut edir. Biz əməkdaşlıq, qarşılıqlı anlaşma proqramı təqdim edirik".
Dövlətimizin başçısı deyib ki, bu məsələdə Azərbaycanın rolu, əlbəttə, başlıca olaraq ölkənin ənənələri və tələbatlarına əsaslanır. Çünki Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir, ölkədə dinclik hökm sürür və müxtəlif etnik və dini qrupların nümayəndələri burada sülh və anlaşma şəraitində yaşayırlar.
"Eyni zamanda bu, dünyaya müraciətdir. Çünki biz təcrid olunmuş ada deyilik və digərləri ilə qonşuluqda yaşayırıq. Buna görə də biz dünyada, o cümlədən regionda bu sahədə müsbət inkişaf görməkdə maraqlıyıq. Bu bizim məntiqi marağımızdır".