azia.az
azia.az

Trampdan Qarabağa ədalət gözləyəkmi?

15-11-2016, 09:14

Trampdan Qarabağa ədalət gözləyəkmi?
Seçki kampaniyası dövründə Cənubi Qafqaz, Dağlıq Qarabağ münaqişəsi haqda heç nə deməyən yeni prezident erməni lobbisindən asılı deyil; Elçin Mirzəbəyli: “Tramp yeganə ABŞ prezidentidir ki, qondarma erməni soyqırımı ilə bağlı heç bir vəd verməyib”

Donald Trampın seçki kampaniyası dövründə bir dəfə olsun Cənubi Qafqaz, Azərbaycan, Qarabağ barədə hər hansı fikir bildirməməsi, Krım məsələsi ilə bağlı isə ona ünvanlanan suala birmənalı fikir bildirməkdən yayınması hakimiyyəti dövründə ondan Qarabağla bağlı ədalətli mövqe gözləməyin məntiqli olub-olmadığı məsələsini gündəmə gətirir.

Politoloq Elçin Mirzəbəyli hesab edir ki, Trampın seçki kampaniyasında ABŞ-ın xarici siyasətinin perspektiv istiqamətləri ilə bağlı səsləndirdiyi fikirləri onun prezident kürsüsünə oturduqdan sonra yürüdəcəyi siyasətlə əlaqələndirmək doğru olmazdı. Trampın seçki kampaniyası ərzində verdiyi açıqlamalar, debatlarda dilə gətirdiyi mülahizələr onu deməyə əsas verir ki, onun Birləşmiş Ştatların xarici siyasəti barədə aydın təsəvvürləri yoxdur.

Bu da onu deməyə əsas verir ki, bu məsələdə əsas yük ABŞ-ın xarici siyasəti ilə bağlı qatı mühafizəkar mövqe tutan vitse-prezident Mayk Pensin və hələlik kimliyi tam dəqiqləşməyən dövlət katibinin üzərinə düşəcək: “Maykl Pens həm konqresmen, həm də qubernator kimi özünü təsdiq etmiş siyasətçidir. Onun oğlu İraq müharibəsi veteranıdır. Pens 2002-ci ildə İraqa silahlı müdaxiləni dəstəkləyib və Qəddafi rejiminin devrilməsinin ən qatı tərəfdarlarından biri kimi çıxış edib. ABŞ-da Maykl Pensi respublikaçıların Donald Tramp üzərindəki nəzarətçisi və Trampın tərbiyəçisi kimi təqdim edirlər. Bunu təsdiq etmək üçün bir məqama diqqət çəkim: Donald Tramp seçki kampaniyası dövründə müsəlmanların ölkəyə girişinə müvəqqəti qadağa qoyulması məsələsini gündəmə gətirəndə, Maykl Pens dərhal onun fikirlərinə düzəliş verərək bunun ölkə konstitusiyasına zidd olduğunu bildirdi və nəticədə Tramp bir daha vədinin üzərinə qayıtmadı. Belə nümunələrin sayını artırmaq olar. Yəni demək istəyirəm ki, ABŞ-ın xarici siyasətində Trampın komandası, o cümlədən peşəkar siyasətçi və bacarıqlı idarəçi olan Maykl Pens əhəmiyyətli rol oynayacaq. Trampın Krım məsələsini gündəmə gətirməməsi onun seçki kampaniyasının ümumi fəlsəfəsi ilə bağlıdır. Tramp Rusiyaya qarşı kəskin mövqe nümayiş etdirən Klintona əks mövqedə dayanırdı və istər-istəməz Krım məsələsinin üzərindən sükutla keçməliydi. Bir məqamı da diqqətinizə çatdırım ki, Tramp və onun komandası, xüsusilə də vitse-prezident Pens nəhəng sənaye biznesinin maraqlarından çıxış edir və bu sektorun da Rusiyada ciddi maraqları var. Düşünürəm ki, bu detallar da nəzərə alınmalıdır. Qarabağ məsələsinə gəldikdə isə Trampın komandasında Cənubi Qafqazı yaxşı tanıyan insanların olması deməyə əsas verir ki, bu məsələ ilə bağlı ABŞ-ın yeni prezidentinin baxışlarının formalaşmasına uzun müddət sərf olunmayacaq. İndiki şəraitdə bizim üçün əlverişli olan bir neçə məqam var:



1.Tramp ABŞ-ın Türkiyə ilə münasibətlərini qaydaya salmaq və Ankaraya regionda daha böyük səlahiyyət vermək niyyətindədir. 2. Tramp və onun komandası ABŞ-Türkiyə-Rusiya əməkdaşlığına sıcaq yanaşır. 3.Tramp yeganə ABŞ prezidentidir ki, qondarma erməni soyqırımı ilə bağlı heç bir vəd verməyib və bu sözü ümumiyyətlə dilinə gətirməyib. 4. ABŞ-dakı erməni lobbisi və diasporu Trampın əleyhinə çıxış ediblər və hətta onun ünvanına aşağılayıcı fikirlər səsləndiriblər".

Politoloqun fikrincə, bütün bunlar Trampın Dağlıq Qarabağla bağlı mövqeyinə təsir göstərə bilər. Lakin bütün bunlar ehtimallardır. Tramp bütün hallarda ABŞ-ın qlobal geosiyasi maraqlarından çıxış edəcək: “Qlobal geosiyasi maraqların fonunda bizim üçün böyük görünən bir çox məsələlər diqqətdən yayına, yaxud güzəştə gedilə bilər. Çalışmaq lazımdır ki, Dağlıq Qarabağ probleminin ədalətli həllinin vacibliyi və Azərbaycanın önəmi qlobal geosiyasi maraqlar müstəvisinə daşınsın”.



Politoloq Natiq Miri isə bildirdi ki, Trampın seçki kampaniyası dövründə Cənubi Qafqaz və Qarabağ problemi ilə bağlı heç bir fikir işlətməməsi o demək deyil ki, Cənubi Qafqaz, Dağlıq Qarabağ məsələsi ABŞ-ın xarici siyasətində önəmli yer tutmayacaq: “İndidən demək olmaz ki, Tramp Cənubi Qafqaza, Dağlıq Qarabağ məsələsinə diqqət ayırmayacaq. Trampın bu bölgə haqqında xüsusi anlayışı olmaya da bilər. Amma nəzərə almaq lazımdır ki, geosiyasi məsələlər təkcə prezidentin müəyyənləşdirdiyi məsələlər deyil. ABŞ bir şəxsin iradəsi ilə idarə olunan dövlət deyil. Trampın dövründə də ABŞ Cənubi Qafqazda, o cümlədən Dağlıq Qarabağ məsələsində öz maraqlarını həyata keçirməyə çalışacaq. Əgər Trampın rəhbərlik edəcəyi ABŞ-ın xarici siyasətində bütün dünya gücləri, eyni zamanda Rusiya ilə uzlaşma siyasəti yürüdüləcəksə, təbii ki, bunun Azərbaycana da, xüsusilə Dağlıq Qarabağ məsələsinə də təsiri olacaq. Dağlıq Qarabağ probleminin həlli yalnız qlobal regional münaqişələr kontekstində mümkün olacaq. Bu məsələyə Suriya və Ukrayna problemi kontekstində baxılmalıdır.

Gələcəkdə Suriya məsələsində Tramp Kremllə anlaşacaqsa, bu uzlaşmanın Ukraynaya, ardınca isə Dağlıq Qarabağ məsələsinə də təsiri olacaq. Ona görə də məsələlərə kompleks şəkildə yanaşılmalıdır. ABŞ-la Rusiyanın anlaşması olmalıdır ki, regiondakı münaqişələr həllini tapsın. Bu olmadan nə Suriyada, nə Krımda, nə Dağlıq Qarabağda münaqişənin həllini görməyəcəyik. Dağlıq Qarabağ probleminin ayrıca həll olunması mümkün deyil. Bu məsələlərdə bir bütün olmaq lazımdır”.

Politoloq Trampın erməni lobbisi ilə əlaqəsinin olmamasının Azərbaycanın da xeyirinə olduğu qənaətindədir: “Trampa erməni lobbisinin maliyyəsi ehtiyac deyil. Seçki kampaniyasında da erməni lobbisi ilə əlaqəsi, əməkdaşlığı olmadı. Erməni lobbisi Klintonu dəstəkləyirdi. Bu detallar Dağlıq Qarabağ probleminin həllində müsbət baxımdan özünü göstərəcək. Odur ki, Trampın timsalında mühit Azərbaycanın xeyrinədir”. (musavat.com)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi