azia.az
azia.az

O Ronald, bu Donald, bunun ondan nəyi əskikdir?

14-11-2016, 12:13

O Ronald, bu Donald, bunun ondan nəyi əskikdir?
ABŞ və Rusiya ekspertləri Trampı məşhur prezident Ronald Reyqanla müqayisəsini aparıblar
Vaşinqtonun Donald Trampı sərt tənqidə məruz qoyan diplomatik elitası indi öz ritorikasını bir qədər yumşaldıb.

Musavat.com xarici mətbuata istinadən xəbər verir ki, ABŞ ekspertləri və KİV-i hazırda Trampın keçmiş prezidentlərlə, xüsusilə 80-ci illərin fenomeni Ronald Reyqanla müqayisəsini aparırlar.

Bir çox nüfuzlu ekspertin rəyinə əsasən, daxili və xarici siyasətdə Trampın söyləmləri ilə Reyqan arasında bir çox bənzərliklər tapmaq olar.

Məsələn, politoloq Çarlz Krouthammer Trampın qələbəsini “heç Reyqan dövründə görünməyən yeni ideoloji inqilabın xəbərçisi” adlandırıb.

Politoloqlar ən çox həm Reyqanın, həm də Trampın siyasətin ən üst nöqtəsinə gəldikləri yolda oxşar cəhətləri qeyd edirlər: Tramp da Reyqan kimi peşəkar siyasətçi olmayıb, hər iki prezident ictimaiyyyət gözündə şou-biznesdə parlayıb (Reyqan Hollivud aktyoru olub), iki prezident də həyatlarının önəmli hissəsini əyləncə dünyasında keçirib. Hər halda hər iki şəxs seçicilərin rəğbətini qazana bilib.

Demokratlara yaxın “Politico” jurnalının rəyinə görə,“Trampın uzun və bərbad seçki kampaniyasından sonra söylədiklərini arxada buraxıb ölkəni Riçard Nikson və Ronald Reyqan ənənələrində idarə etmək şansı hələ var”.

Həmin məqalənin müəllifi Pol Teylorun fikrincə, Reyqan seçilən vaxt da avropalılar xeyli qorxmuşdular. Bununla bərabər, Reyqan prezident postunu olduqca hörmətli dünya lideri olaraq tərk etməyi, habelə Mixail Qorbaçovla yaxınlaşaraq “soyuq müharibə”ni bitirməyi bacardı.

Eyni ümidləri “Nyu-York Tayms” da dilə gəririb: “Demokratlar arasında panikaya rəğmən Amerika Ronald Reyqan dövründə daha varlı və təhlükəsiz ölkəyə çevrilmişdi”.

Elə Trampın seçkiqabağı “Yenidən Amerikanı böyük edək “şüarı da buna işarədir.

Ümumiyyətlə, ekspertlətin rəyinə görə, indinin özündə də bütün respublikaçı namizədlər məhz Reyqanı özlərinə nümunə olaraq götürürlər.

Lakin keçmiş SSRİ-nin prezidenti Mixail Qorbaçovun köməkçisi, habelə tərcüməçisi işləmiş Pavel Palajçenko bu müqayisəni qətiyyətlə rədd edir: “Reyqanla heç bir parallelikdən söhbət gedə bilməz. Reyqan prezident olmamışdan qabaq kino aktyorlarının həmkarlar ittifaqının sədri, daha sonra Kaliforniya ştatının qubernatoru olub. Trampın çiyinlərində isə aqressiv biznes və bir neçə müflisləşmə təcrübəsi durur”.

Reyqan kimi, Trampın da xarici siyasətdə təcrübəsi yoxdur.

O, bütün ömrünü biznesdə keçirib və heç bir seçkili vəzifəni tutmayıb. Bu səbəbdən yeni prezident öz müşavirlərinin rəyindən olduqca asılı olacaq.

Ekspertlər Reyqanın da ilkin dövrlərdə xarici siyasətdə yalnız peşəkarlara güvəndiyini qeyd edirlər. Müasirlərinin dediyinə görə, Reyqanın ona təqdim edilən sənədi ilk səhifəsindən sonra oxuduğu nadir hallarda olub.

Ronlad Reyqan xarici siyasətlə bağlı birifinqlərdə yalnız onu maraqlandıran məsələlərə diqqət yetirib.

Elə vaxt da olub ki, xarici liderlərlə görüş zamanı Reyqanın müzakirə olunan məsələlər barədə xəbəri olmayıb, söhbəti isə kabinetin digər üzvləri aparıblar.

Prezidentlyi dövründə hərbi ruhda apardığı sərt ritorikasına rəğmən Reyqan dünyada gedən böyük konfliktlərə qarışmamaq siyasətinə üstünlük verib.

Reyqan dövründə əsasən sovet rejiminə qarşı mübarizə aparan sağ təmayüllü hərəkatlara dəstək verilməsi taktikası önə çıxıb. Buraya Əfqanıstan, Anqola, Nikaraqua kimi ölkələrdə gedən prosesləri aid etmək olar. Eyni zamanda Reyqan Çili, Portuqaliya, kimi ölkələrdə sağ rejimləri dəstəkləməklə, habelə Nikaraqua, Səddam Hüseyn rejiminə silah verməklə də yadda qalıb.

Reyqanın bu siyasətinə əsas ilham verən politoloq Cin Kirkpatrikin “Diktaturalar və ikili standartlar” adlı kitabı olub. Ronald Reyqan bu kitabı çox sevirmiş. Həmin kitabda müəllif Ağ Evin sağ rejimlərə dəstək verməsinin zəruriliyindən bəhs edir. Müəllifin fikrincə, kommunist diktaturalardan fərqli olaraq sağ rejimlərin demokratiyaya keçidi daha asandır.

EləTramp özü də dünyadakı avtoritar rejimlərlə əməkdaşlıq etməyə hazır olduğunu gizlətmir. “Tramp üçün ideologiya elə də də vacib deyil. Yəqin ki o, digər ölkələrdəki daxili quruluşlarını qiymətləndirməkdən qaçacaq”, - İvan Kurilla qeyd edir.

Ohayo dövlət universitetinin professoru Pol Bekin sözlərinə görə, Tramp administrasiyasının Rusiya ilə münasibətləri daha isti və daha az düşmənçilik ruhunda ola bilər. Lakin Rusiya Trampın şəxsi meydan oxuma kimi dəyərləndirə biləcəyi addımlardan qaçmalıdır. “Tramp onu xalqın gözündən sala biləcək istənilən hərəkətə sərt cavab verəcək”,-ekspert qeyd edib.

Elə bu səbəbdən rusiyalı ekspertlər də bunula bağlı ehtiyatlı mövqe bildirirlər.

“Reyqan qaydalarla oynayırdı. Əvvəlcə təzyiq edirdi, sonra isə yaxınlıq göstərirdi.Tramp isə dəyişən müasir dünyanın məhsulu olub populist və demaqoqdur. Ondan əldə olunan razılaşmalara əməl etməsini gözləmək çətindir”, - Rusiya xarici işlər nazirinin keçmiş müavini S. Adamişin qeyd edir.

“Burada Trampın kimi təhlükəsizlik məsələləri üzrə müşavir götürəcəyindən çox asılıdır”, - İvan Kurilla bildirib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi