"Hərbi canilər soyumuzu məhv edə bilmədilər" - Parlamentdə MÜZAKİRƏ
Bu gün Milli Məclisin iclası keçirilib. Parlament üzvləri Xocalı soyqırımının 30 illiyi ilə əlaqdar faciə qurbanlarını bir dəqiqəlik sükutla yad ediblər.
Toplantıda Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatının qəbul olunmasına baxılıb. Spiker Sahibə Qafarova məlumat verərək deyib ki, Xocalı soyqırımının 30 illiyi ilə bağlı Bəyanatın hazırlanması üçün komissiya yaradıb. Parlament Sədri qeyd edib ki, komissiyanın sədri vitse-spiker Adil Əliyevdir. Komissiyanın üzvləri Elman Məmmədov, Tural Gəncəliyev, Pərvin Kərimzadə, Tamam Cəfərova və Kamal Cəfərovdur. Bundan sonra komissiya işinə başlayıb.
Spiker: "Bu cinayətin təşkilatçıları Ermənistan siyasi və dövlət rəhbərliyi, icraçıları isə Ermənistan ordusu, erməni terrorçu dəstələri və Xankəndidə yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin üzvləridir”
“Misilsiz qəddarlıq və cəzasızlıq timsalı olan Xocalı soyqırımı 20-ci əsrdə bəşəriyyətin üzləşdiyi ən dəhşətli kütləvi qırğın aktları ilə bir sırada dayanır", - deyə çıxış edən Milli Məclis Sədri xatırladıb ki, doğma torpağının müdafiəsinə qalxan xalqımızın mübarizə əzmini sarsıtmaq niyyəti ilə törədilmiş qanlı cinayət nəticəsində 613 nəfər dinc azərbaycanlı, o cümlədən 63 uşaq, 106 qadın və 70 nəfər qoca milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirilib, 487 nəfər şikəst edilib, 1275 sakin girov götürülərək amansız işgəncələrə məruz qalıb: "Girov götürülən insanlardan 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi bu günədək məlum deyildir. Təkcə bizim xalqımıza qarşı deyil, həm də bütün insanlığa qarşı yönəlmiş bu cinayət əməlinin təşkilatçıları Ermənistan Respublikasının siyasi və dövlət rəhbərliyi, birbaşa icraçıları isə Ermənistan silahlı qüvvələrinin bölmələri, erməni terrorçu dəstələri və keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin üzvləridir”.
"Erməni şovinistlərinin “böyük Ermənistan” xülyasına düşməsi Cənubi Qafqazın yerli əhalisinə saysız-hesabsız fəlakətlər gətirib"
Parlament Sədri qeyd edib ki, Xocalı soyqırımı son iki yüz ilə yaxın dövrdə xalqımıza qarşı həyata keçirilən qəsbkarlıq və etnik təmizləmə siyasətinin yeni qanlı səhifəsi olub: “Məlum olduğu kimi, tarixin müəyyən dövrlərində böyük dövlətlər öz geosiyasi planlarını reallaşdırmaq üçün uydurma “erməni məsələsindən” bir alət kimi istifadə etmişlər. Bu dövlətlərin gizli və açıq himayəsindən istifadə edən erməni şovinistlərinin “böyük Ermənistan” xülyasına düşməsi Cənubi Qafqazın yerli əhalisinə saysız-hesabsız fəlakətlər gətirib. XX əsrin əvvəllərində on minlərcə günahsız azərbaycanlı və digər xalqların nümayəndələri etnik və dini mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirilmişdir. Çar Rusiyasının süqutundan sonra Azərbaycanın əzəli torpaqlarında, yəni keçmiş İrəvan xanlığının ərazisində Ermənistan Respublikası yaradılmış, üstəlik, azərbaycanlılara məxsus olan əlavə 20 min kvadratkilometrdən çox ərazi də bu süni dövlət qurumuna qatılıb. Azərbaycan ərazisində ermənilər üçün sovet hakimiyyəti zamanı qondarma “Dağlıq Qarabağ Muxtar Vilayəti” təşkil edilib. 1948–1953-cü və 1988–1993-cü illərdə 1,5 milyon nəfərə qədər azərbaycanlı doğma yurdlarından deportasiya edilib və ya qovulub. 30 ilə yaxın dövrdə isə Azərbaycan ərazisinin 20 faizi işğal altında saxlanıb".
Spiker qeyd edib ki, erməni şovinizminə qarşı dövlət səviyyəsində mütəşəkkil müqavimət Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ali hakimiyyətə qayıtdıqdan sonra təşkil edilib.
"Şəhidlər Xiyabanında Xocalı abidəsi qoyulsun" - Deputatdan təklif
S.Qafarova diqqətə çatdırıb ki, Xocalı soyqırımının ildönümlərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə keçirilən ümumxalq yürüşləri Xocalı soyqırımı ilə bağlı aparılan geniş miqyaslı işin mühüm mərhələlərini təşkil edir.
Deputat Qənirə Paşayeva Xocalı soyqırımının tanıdılması ilə bağlı təkliflə çıxış edib. Millət vəkili təklif edib ki, Xocalı soyqırımı ilə bağlı Şəhidlər Xiyabanında abidə yaradılsın: "Çünki ölkəmizə gələn qonaqlar protokol qaydalarına uyğun Şəhidlər Xiyabanını ziyarət edirlər. Xocalı soyqırımı ilə bağlı abidə var. Amma Şəhidlər Xiyabanında da bir abidə qoyulsa, bu, xarici rəsmilərə tanıtmaq üçün əhəmiyyətli olacaq".
“26 fevral tarixi təkcə məhrumiyyət və ağrı hadisəsi deyil, həm də ümummili mübarizə günüdür"
"Dünyada, beynəlxalq münasibətlər və təhlükəsizlik sistemində baş verən dərin böhran şəraitində Azərbaycan xalqı öz tarixinin ağır və kədərli səhifəsini yenidən ehtiramla anır. Şübhəsiz, keçmiş və gələcək haqqında fikir söyləyən hər kəs indi daha çox məsuliyyət daşıdığının fərqindədir", - deyə deputat Zahid Oruc qeyd edib ki, 27 sentyabr 2020-ci ilə qədər davam edən işğal tariximizin bir parçası olan Xocalı soyqırımı birinci Qarabağ müharibəsindəki itkilərimizin və hərbi məğlubiyyətin simvolu olmaqla yanaşı, həm də son 30 ildə milli səfərbərlik və birlik hadisəsinə çevrildi: "Torpaqlarımız uğrunda mübarizədə milli nifrəti və qəzəbi bir araya gətirdi, tarixi yaddaşımızın oyanışına təkan verdi, xalqın özünüqoruma duyğusunu artırdı və hərbi, siyasi baxımdan bir milləti təşkilatlanmağa məcbur etdi. Ulu Öndər Heydər Əliyevin son iki əsrdə azərbaycanlıların yaşadığı faciələrin səbəblərini düzgün dərk etməsi üçün müəyyənləşdirdiyi dövlət kursu təkcə erməni faşizminin əsil simasını göstərmədi, eləcə də dünya erməniçiliyinin qlobal şəbəkəsini zəiflətdi, yaratdıqları mifləri sarsıtdı və Qələbəyə gedən bütün yolları açdı. Deməli, 26 fevral tarixi təkcə məhrumiyyət və ağrı hadisəsi deyil, həm də ümummili mübarizə günüdür".
"30 il sonra tam qətiyyətlə demək olar ki, erməni ideoloqları, eləcə də Sarkisyan-Koçaryan adlı hərbi canilər azərbaycanlı soyunu məhv edə bilmədilər. Biz bir millət kimi varıq, yaşayırıq və hər zaman da öz torpaqlarımızda qurub-yaradacağıq. Təkcə Xocalıda qətl edilən 613 nəfərin deyil, bütövlükdə 20 mindən artıq şəhidimizin, yüz il əvvəl 31 mart tarixində canlarını qurban verən minlərlə oğul və qızlarımın əvəzinə yeni doğulan 100 minlərlə insanımız bizi yox etmək, qorxu və əsarət altında saxlamaq istəyənlərin məqsədlərinin puça çıxması deməkdir", - Z.Oruc əlavə edib.
Deputat: "Azərbaycanlıların izini Xocalıdan silmək üçün bu şəhərin altını üstünə çeviriblər"
Deputat Azər Kərimli isə bildirib ki, Xocalı soyqırımı bəşər tarixinin ən amansız, ən qəddar qətliamlarından biridir: "İnsanlıq əleyhinə ağır cinayətlər törədən qatillər, müharibə cinayətləri Xocalıda təkcə dinc sakinləri, o cümlədən uşaqları, qadınları və ahılları xüsusi amansızlıqla, işgəncələrə məruz qoymayıblar, bütövlükdə azərbaycanlıların izini Xocalıdan silmək üçün bu şəhərin altını üstünə çeviriblər. Bu isə Xocalı soyqırımının düşünülmüş, öncədən planlaşdırılmış və bütövlükdə Azərbaycan xalqına qarşı yönəlmiş dəhşətli müharibə cinayəti olduğunu sübuta yetirən faktdır. Xocalı faciəsini törətməklə ermənilər xalqımızı qorxutmaq, mübarizə əzmini qırmaq, tarixi torpaqlarımızın bir qisminin itirilməsi ilə barışmağa məcbur etmək istəyirdilər. Xocalıda həyata keçirilən amansız müharibə cinayətləri Soyqırımı cinayətlərinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyada yer alan və soyqırım cinayətlərini ifadə edən bütün əməlləri - milli, etnik, irqi və ya dini qrupun qismən və ya bütövlükdə məhv edilməsi məqsədilə törədilən hərəkətləri əhatə edir. Bu baxımdan, Xocalı soyqırımı əsrin Holokost, Oradur, Lidisa, Xatın və Sonqmi, Srebrenitsa kimi dəhşətli faciələri ilə bir sırada dayanır və XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir”.
Xocalı şəhidlərinin qanının yerdə qalmadığını qeyd edən Azər Kərimli 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuzun günahsız insanların qisasını döyüş meydanında aldığını bildirib: “Biz işğalın ağır nəticələrinə ləyaqətlə qatlaşdığımız kimi, müharibəni də ləyaqətlə apardıq. Bu bizim xalq olaraq ən böyük üstünlüyümüzdür. Lakin biz heç zaman xalqımıza qarşı törədilən ağır müharibə cinayətlərinin, o cümlədən Xocalı soyqırımının qurbanlarını unutmayacağıq”.
Sonda Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı Milli Məclis Bəyanat qəbul edib. Belə ki, parlamentin komissiya Bəyanat haqqında qərar layihəsini hazırlayaraq parlamentin iclasına təqdim edib. Bəyanat qəbul edilib. Sənəddə Milli Məclisin beynəlxalq təşkilatlara və dünya dövlətlərinə müraciəti yer alıb.
"Erməni şovinistləri tərəfindən Azərbaycana qarşı törədilmiş Xocalı soyqırmını tanısınlar, təsdiqləsinlər. Gələcəkdə bu kimi faciələrin törədilməsinə şərait yaratmasınlar" , - deyə Bəyanatda vurğulanıb.
Mənbə:My Webpage