Ərdoğan Afrika səfərini buna görə yarımçıq saxlayıb? – “Zelenski ilə…”
"Dünən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ukraynalı həmkarı Vladimir Zelenski arasında telefon danışığı olub. Zelenski tutduğu mövqeyə görə Türkiyə liderinə minnətdarlığını bildirib. Bundan öncə isə Ərdoğan Kremlin Donetsk və Luqanskın tanımasını qınamışdı”.
Sfera.az xəbər veri ki, bu sözləri Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov deyib.
Ekspert Türkiyə də daxil olmaqla dünya dövlətlərinin reaksiyasını bildiyi halda Putinin dayanmamasını belə şərh edib:
"Beynəlxalq qurumlar sərt sanksiyalar tətbiq edəcəklərini dedilər. Əlbəttə Kreml bunu təxmin etməmiş deyildi. Elə isə niyə belə qərar verdi? Görünür, Moskva müharibə başlayacağı təqdirdə Donetskə yardım etmək üçün hüquqi əsas yaradır. Bununla belə, Putin kifayət qədər riskli addımlar atır və "rus ruleti oynayır". Verdiyi qərarların ona baha başa gələcəyi ehtimalı heç də az deyil”.
Ekspertin sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev Moskvada səfərdə ikən Donbas və Luqanskla bağlı qərarı şərh etmək istəmədiyini deyib:
"Doğrudur, rəsmi Bakı Kiyevin ərazi bütövlüyünü tanıyır. Biz bunu dəfələrlə bildirmiş, beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmışıq. Lakin Moskva məsələyə münasibətimizin dəyişməyini, ən azından neytral mövqe tutmağımızı istəyir. Bunun üçün Kreml rəhbərliyinin Qarabağdakı sülhməramlı "kartından" istifadə etməsi istisna deyil. Hətta ola bilsin, bu məsələ Moskva görüşündə gündəmə gəlib. Həm Kremlin xarici siyasət kursu, həm də Putinin şəxsi xarakteri Qarabağdakı rus hərbçilərindən təzyiq vasitəsi kimi istifadə edə bilmək ehtimalını gündəmdə saxlayır. Son zamanlar cəbhənin müxtəlif istiqamətlərində təkrarlanan təxribatlar da bu baxımdan qiymətləndirilə bilər”.
K. Novruzoun sözlərinə görə, bu gün NATO liderlərinin zirvə görüşü keçiriləcək. Ərdoğan bu məqsədlə Afrika səfərini yarımçıq qoyub, ölkəyə qayıdıb:
"Diqqətçəkən məqam bu xəbərin Ərdoğanla Zelenski arasındakı telefon danışığından bir az sonra yayılmasıdır. Düşünmək olar ki, ani qərarın yeganə səbəbi NATO liderlərinin toplantısı deyil. Ham də ona görə ki, sammitin tarixi Ərdoğana bir neçə həftə əvvəldən məlum olmalı idi. Yəni o, belə bir iclasın olacağını bilirdi. Böyük ehtimalla yaxın günlərdə Türkiyə və Ukrayna liderləri arasında görüş olacaq. Bu görüşün böhranın həlli istiqamətində səmərəli olacağı, dövlət başçıları arasında razılığın əldə olunacağı da mümkündür. Hər halda Türkiyə Qərbdən daha səmimidir və gərginliyin azalması üçün əlindən gələni etməyə çalışır”.