azia.az
azia.az

Prezidentin "tanışlıq, qohumluq" tapşırığına əməl olunacaqmı? - "Onlar ilk fürsətdə bildiyini edir"

20-02-2022, 10:35


Xəbər verdiyimiz kimi, dünən Prezident İlham Əliyev yeni təyin olunan icra başçılarını qəbul edərkən bəzi problemlərlə bağlı tapşırıqlarını verib. Dövlət başçısı xüsusilə vurğulayıb ki, kadr sahəsində kadrların düzgün seçilməsi böyük dərəcədə işlərin uğurla getməsinə şərait yaradacaq. Ona görə kadrların seçilməsində tanışlıq, qohumluq əlaqələri və hansısa başqa prinsiplər tamamilə aradan qaldırılmalıdır. Elə kadrlar seçilməlidir ki, bu kadrlar dövlət məmurları qarşısında duran vəzifələri şərəflə yerinə yetirsinlər.
Prezidentin "tanışlıq, qohumluq" tapşırığına əməl olunacaqmı? - "Onlar ilk fürsətdə bildiyini edir"
Bəs görəsən, prezidentin bu tapşırıqlarından digər məmurlar da nəticə çıxaracaqmı?

Mövzu ilə bağlı Redaktor.az-ın suallarını cavablandıran Milli Məclisin deputatı Hikmət Məmmədov təəssüf hissi ilə bildird ki, ölkədə vəzifəsini öz maraqlarını həyata keçirmək üçün vasitə kimi görən məmurlar var:

“Prezident İllham Əliyev icra başçısı vəzifəsinə yeni təyinatlar zamanı etdiyi çıxışda idarəetmədə müasir məqsəd və vəzifələrin nədən ibarət olduğunu izah edərkən üç mühüm prinsip üzərində dayanaraq onları vacib şərt kimi irəli sürdü. Bunlardan birincisi idarəetməni həyata keçirərkən vətəndaşın rəğbətinin qazanılması, yəni vətəndaş məmnunluğu, ikincisi hər bir məmurun xalqın xidmətçisi olması və üçüncüsü isə vəzifənin yüksək imtiyaz deyil, yüksək məsuliyyət olması ilə bağlı idi. Əslində bu üç prinsip müasir məmur obrazının fəaliyyət kodeksi kimi də səciyyələndirilə bilər. Doğrudan da təkcə bu üç mühüm keyfiyyətə sahib olmaq, ya da bu üç prinsip əsasında fəaliyyəti qurmaqla müasir idarəetmədə ən yaxşı nəticələr əldə etmək mümkündür. Elə Azərbaycan cəmiyyətinin də məmurlardan gözləntisi yuxarıda göstərilən prinsiplərdən irəli gələn vəzifələrin icra edilməsi ilə bağlıdır. Çox təəssüf ki, biz hələ də bəzi hallarda vəzifəni məsuliyyət kimi yox, xüsusi imtiyaz kimi dərk edən və vəzifə səlahiyyətlərini öz maraqlarını həyata keçirmək üçün vasitə kimi görən məmurlarla da rastlaşırıq. Eyni zamanda, həm də onun şahidi oluruq ki, bu tip məmurlar tutduqları vəzifə mərtəbəsindən asılı olmayaraq qanunlar qarşısında cavab verməli olurlar. Bu isə nəticə etibarilə həm məmurların şəxsi faciəsinə, həm də ictimai etimadın zədələnmsinə, məmura, yaxud dövlət səlahiyyətlisinə qarşı inamsızlığa gətirib çıxarır. Nəticədə isə uduzan bütün tərəflər olur”.

Deputat bildirdi ki, İlham Əliyevin tapşırıqları təkcə yeni təyin olunan icra başçıları üçün deyil, bütün məmurlar üçün bir fəaliyyət istiqaməti təşkil etməlidir:

“Azərbaycan Prezidenti eyni zamanda hazırki yeni çağırışlar kontekstində rayonlarımızda iş yerlərinin yaradılması, işgüzar mühitin formalaşdırılması, sahibkarların fəaliyyətinin və onların təşəbbüslərinin dəstəklənməsinin də vacib olduğunu vurğulayaraq, bu istiqamətə mühüm addımların atılmalı olduğunun zərurətindən danışdı. Ölkəmizdə həyata keçirilən dərin islahatların yeni şərtlərə formalaşdırdığını və bu imkanların yaratdığı yeni fürsətlərin lazımınca qiymətləndirilməsinin vacibliyini qeyd etdi. Bütün bunlar isə məmur ordusu qarşısında necə böyük vəzifələrin dayandığı və onların uğurlu həllinin isə sosial-iqtisadi inkişafımıza necə böyük töhfələr verə biləcəyini göstərmiş oldu. Şübhəsiz ki, bütün bunlar milli inkişafımızın yeni mərhələsi üçün də əsas prioritetləri təşkil edən istiqamətlərdir. Eyni zamanda, kadrların seçilməsi və təyin olunması zamanı yüksək peşəkarlıq keyfiyyətləri ilə yanaşı digər mənəvi prinsiplərin də nəzərə alınması kimi məsələlər aktualdır. Bu mənada seçim edilərkən qohumluq, tanışlıq kimi meyarların deyil vətənpərvərlik, yüksək ixtisaslılıq, yaxud Vətən müharibəsində iştirakçılıq kimi mühüm kriteriyaların da kadr seçimi zamanı əsas meyarlardan biri kimi nəzərə alınması, idarəetmədə və xalqa xidmətdə yeni keyfiyyət yaradan faktorlardan biri kimi mühüm rol oynaya bilər”, - deyə Hikmət Məmmədov qeyd etdi.

Milli Məclisin deputatı Fazil Mustafa isə məmurların bu deyilənlərdən nəticə çıxaracağını düşünmür:

“Çünki İlham Əliyev dəfələrlə bu iradlarını bildirib. Amma insan xisləti elədir ki, onun ümumi dünya görüşü və səviyyəsi aşağıdırsa, sonradan da bunu davam etdirir. Onlar ilk fürsətdə bildiyini edir. Ona görə də məmurların prezidentin bir çağırışı ilə dəyişəcəyini gözləmək yanlış olar. Nəzarət mexanizmi güclü olmalıdır. İcra başçılarına səlahiyyət verilməlidir. Əslində belə görünür ki, onlar çox böyük səlahiyyət sahibidir. Amma onlar heç bir səlahiyyətə sahib deyillər. Çox vaxt rayonlarda da icra başçısı öz ciblərindən vəsait xərcləyir. Ona görə də rüşvət almağa məcbur olurlar. Rayonun elə problemi olur ki, bunu başqa yolla həll etmək olmaz. İcra başçısı bir maaşla böyük bir rayonda necə dolana bilər? Yəni bu özümüzü aldatmaqdan başqa bir şey deyil".

Millət vəkili hesab edir ki, məsələni daha ciddi şəkildə müzakirə edib, baxmaq lazımdır:

"Çünki belə olduqdan sonra icra başçısından məsuliyyət tələb etmək olar. Hər şey icra başçısının iradəsindən kənarda həll olunur, məsuliyyəti isə o daşıyır. Bələdiyyə də bu vəziyyətdədir. İcra hakimiyyəti digər “yuxarılar” qarşısında, bələdiyyə isə icra hakimiyyəti qarşısında eyni vəziyyətdədir. Heç bir səlahiyyəti yoxdur, lakin sənədə qol çəkib məsuliyyəti daşıyır. Ona görə də bu problemi prinsip olaraq həll etmək lazımdır”.

Şəbnəm Mehdizadə


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi