azia.az
azia.az

Roma papası Fransiskin ərazi bütövlüyümüzlə bağlı niyə susdu?

3-10-2016, 09:00

Roma papası Fransiskin ərazi bütövlüyümüzlə bağlı niyə susdu?
Roma Papasının Azərbaycana səfəri baş tutdu

Fransisk prezident İlham Əliyevlə görüşdü; ölkə başçısı mühüm mesajlar verdi; Şəhidlər Xiyabanını ziyarət edən Papa ərazi bütövlüyümüzlə bağlı niyə susdu?

Oktyabrın 2-də Roma papası Fransiskin Azərbaycana tarixi səfəri reallaşıb. APA-nın xəbərinə görə, Heydər Əliyev adına hava limanında qonağı baş nazirin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və qarşılayıb.

Daha sonra Bakıdakı Katolik kilsəsində Roma papası Fransiskin iştirakı ilə dua mərasimi (messa) başlayıb. Mərasimdə Azərbaycanda yaşayan xristian icmasının nümayəndələri iştirak edib. Katolik kilsəsində dini ayinlər icra edilib. Dini ayin icra edildikdən sonra Roma papası nitq söyləyib və müqəddəs “İncil” kitabından sitatlar gətirib.

“Bəlkə kimsə mənim 600-700 imanlı üçün Azərbaycana səfərimin vaxt itkisi olduğunu fikirləşir”. APA-nın məlumatına görə, bunu Roma Papası Fransisk Bakıdakı Katolik kilsəsində dua mərasimində (messa) çıxışında deyib. Roma Papası deyib ki, buraya gəlməsi üçün pul xərclənir: “Amma bura təkmillətli, təkdinli cəmiyyət deyil. Siz burada ingilis, ispan, rus, Azərbaycan dillərində danışırsınız. Bəzən demək olar ki, bu cəmiyyət kilsənin kənarında qalır. Bu mənada Roma Papası Müqəddəs Ruha oxşamaq istəyir. Müqəddəs Ruh Yerusəlim şəhərində balaca bir cəmiyyətdə göydən yerə endi. O vaxtlar Yerusəlim də kilsədən kənarda idi. Bir anda bu qapılar açıldı. İndi Roma Papası Müqəddəs Ruh kimi vaxt itirir. İki şey çox vacibdir. Heç vaxt ananı unutmamaq və qorxmadan irəli getmək”.



Azərbaycandakı Katolik kilsəsinin ordinarisi Vladimir Fekete Roma Papası Fransiskin iştirakı ilə kilsədə baş tutan dua mərasimindən sonra Papaya təşəkkür edib. O, papadan barışıq və sülh üçün dua etməyi xahiş edib: “Sizdən xahiş edirik ki, bizimlə birlikdə Qafqazda barışıq və sülh üçün dua etməyə davam edəsiniz”.

Daha sonra “Gənclik” Prezident Sarayı meydanında Roma papasının qarşılanma mərasimi keçirilib. Fransiski Azərbaycan prezidenti İlham Əliyev qarşılayıb. Papanın şərəfinə fəxri Qarovul dəstəsi düzülüb. Vatikan və Azərbaycanın dövlət himnləri səsləndirilib. Prezident İlham Əliyev və Roma Papası qaravul dəstəsinin önündən keçib. Ardınca Papa Azərbaycan dilində Azərbaycan əsgərini salamlayıb.

Roma Papası Azərbaycan hökumət nümayəndələri, Azərbaycan prezidenti isə Romadan gəlmiş nümayəndə heyəti ilə salamlaşıb. Daha sonra onun Azərbaycan prezidenti ilə görüşü başlayıb. Görüşdə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva da iştirak edib.
“Roma Papasını Azərbaycanda salamlayıram. Keçən il Vatikanda görüşərkən Sizi Azərbaycana dəvət etdim. Bu, tarixi bir səfərdir”.



Bu sözləri Azərbaycan prezidenti Papa ilə Heydər Əliyev Mərkəzində ictimaiyyətlə görüşündə deyib. Dövlət başçısı deyib ki, bu səfər Azərbaycan-Vatikan əlaqələrinin inkişafına böyük dəstək verəcək: “Bu səfər göstərir ki, dinlərarası dialoq yaşayır. Vatikan muzeylərində Azərbaycanın müstəqilliyinin 20 illiyinə həsr olunmuş sərgi keçirilib. İlk dəfə müsəlman bir ölkə ilə bağlı belə tədbir olub”.

Prezident bildirib ki, əsrlərlə Azərbaycanda xalqlar sülh, əmin-amanlıq şəraitində yaşayıb: “Azərbaycan həmişə Şərqlə Qərb arasında coğrafi, mənəvi körpü rolunu oynayıb. Ən böyük məscidlərdən biri olan Şamaxı məscidi, qədim Alban kilsəsi, o cümlədən Abşeronda atəşkəs məbədi yerləşir. 2008-ci ildə Bakıda katolik kilsəsi açılıb. Bakıda katolik kilsəsi 1912-ci ildə inşa edilib, ancaq 1934-cü ildə sovet hakimiyyəti tərəfindən digər dini abidələr kimi dağıdılıb. Müstəqil Azərbaycan dövləti qərar qəbul etdi ki, katolik kilsəsi yenidən tikilsin. Roma Papası həmin kilsədə dini ayin keçirdi. Biz tarixi ədalətsizliyi aradan qaldırdıq”.

İlham Əliyev daha sonra qeyd edib ki, Azərbaycanda dinlər, xalqlar arasında münasibətlər nümunəvi xarakter daşıyır: “Biz 2008-ci ildə Bakı prosesini başlamışıq. Azərbaycan nadir ölkələrdəndir ki, həm Avropa Şurası, həm də İslam Əməkdaşlıq Təşkilatının üzvüdür. 2009-cu ildə Bakıda İslam Əməkdaşlıq Təşkilatının mədəniyyət nazirlərinin toplantısına Avropa Şurasını dəvət etdik. Bakıda dünya dini liderlərinin zirvəsi keçirilir. O cümlədən Bakıda Humantar Forum keçirilir. İki ildən bir Bakıda Mədəniyyətldərarası Forum da keçirilib. Bütün bu tədbirlərdə məqsəd odur ki, dinlər arasında qarşıdurma olmasın. Bunun nəicəsidir ki, BMT Bakıda 7-ci Sivilizasiyalararası Sammitin keçirilməsi barədə qərar verib”.



Roma Papası isə görüş zamanı bunları deyib: “Biz hazırda sizin qədim torpaqlarınızdayıq. Bilirəm ki, sizin ölkədə dini azadlıqlar tam təmin edilib. Azərbaycanda mənə göstərilmiş səmimi qəbula görə minnətdaram. İndiki dövrdə xüsusilə Avropa dövlətlərində mənəvi və mədəni zənginliklər çox böyük əhəmiyyət kəsb edir. Bu, insanlar üçün vacibdir. Biz əlaqələrimizin məhsuldar olduğunu deyə bilərik”.

Səfər çərçivəsində Papa Şəhidlər Xiyabanını ziyarət edib. O, “Əbədi məşəl” kompleksinin önünə əklil qoyub.

Qeyd edək ki, Fransiskin bu ilin yayında Ermənistana səfəri çərçivəsində qondarma “erməni soyqırımı”nı ziyarət edəndən və ermənilərə rəğbətini büruzə verəndən sonra Azərbaycanda ciddi tənqidlərlə qarşılaşmışdı. Üstəlik, Gürcüstan səfərindən sonra Azərbaycana gəlməsi, qonşu ölkədə Gürcüstanın ərazi bütövlüyü ilə bağlı səsləndirdiyi fikirləri ölkəmizdə dilə gətirməməsi onun səfəri ilə əlaqədar daha çox tənqidlərin meydana çıxmasına səbəb olub.

Politoloq Qabil Hüseynli Roma papasının dünyada populyar isimlərdən biri olduğunu söylədi: “Dini kilsə başçısı olmasına baxmayaraq, onun dünya siyasətinə təsiri də çox güclüdür. Təəssüfedici hal odur ki, əqidəsinə və baxışlarına görə Papa tipik xristian təəssübkeşidir. Öz hərəkətlərində və dini müraciətlərində bunu o, açıq şəkildə büruzə verir. İlk Papadır ki, qondarma ”erməni soyqırımı"nı tanıyıb. Ermənistana səfərində də “erməni soyqırımı” ilə bağlı səsləndirdiyi fikirlərlə, dövlətlərarası münasibətlərə xələl gətirən addımlar atdı. O, bəzən sülhdən, xalqlararası tolerant münasibətlərdən danışsa da, əslində tipik xristian təəssübkeşidir. Ən kritik zamanlarda bu özünü onun siyasi çağırışlarında göstərib. Azərbaycanla münasibətlərdə sülhdən dəm vurur, amma erməni təcavüzü barədə bir kəlmə də olsun fikir səsləndirmir".



Politoloq Roma Papasının səfərinin ölkəmiz üçün əhəmiyyətindən də söz açdı: “Açığı, bu səfər Azərbaycanın bölgədə oynadığı rola, beynəlxalq aləmdəki mövqeyinə verilən əhəmiyyətdir. Ortada olan problemlərə obyektiv mövqe olmadığından, bu səfərin ən böyük problemimiz olan Dağlıq Qarabağ və digər problemlərimiz baxımından müsbət nəticələrinin olacağını sanmıram”.

Q.Hüseynli Fransiskin Azərbaycanın ərazi bütövlüyünə olan mövqeyinə də münasibət bildirdi: “Onun ərazi bütövlüyümüz barədə fikir bildirəcəyini gözləmirdim. Çünki o, Ermənistana səfər edərkən qondarma abidəni ziyarət etmiş, ermənilərə xüsusi rəğbətinin olduğunu büruzə vermişdi. Bu da onunla bağlıdır ki, erməni lobbisinin ən güclü qanadlarından biri də Argentinadadır. Papa da argentinalıdır. Heç şübhə etmirəm ki, o, erməni lobbisinin təsiri altındadır. Papa ənənəvi olaraq, sülh çağırışları edəcəyi gözlənilən idi. Mömin bir dindar kimi özünü humanist göstərməyə çalışacaqdı. Çox sevinərdim Roma papası Azərbaycanda Ermənistanın təcavüzkar ölkə olması barədə, xüsusilə, onların Xocalıda törətdikləri barədə heç olmasa bir-iki kəlmə fikir səsləndirərdi”.(musavat.com)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi