azia.az
azia.az

"Müsavat" və AXCP seçkiyə gedəcəkmi? (AÇIQLAMA)

15-12-2021, 14:59

"Müsavat" və AXCP seçkiyə gedəcəkmi? (AÇIQLAMA)
Mərkəzi Seçki Komisiyasının sədri Məzahir Pənahovun Milli Məslidə boş qalan dairələrə yaxın vaxtlarda seçkilərin keçirilməsi ilə bağlı açıqlaması siyasi arenda xeyli canlanma yaradıb. Sosial şəbəkələrdən və mətbuata açıqlamalardan hiss olunur ki, siyasi partiyaların açıq şəkildə mübarizəsi başlayıb.

Maraqlıdır, Milli Məclisə boş qalan deputat mandatı uğrunda mübarizəyə hansı partiyalar qoşulacaq? Bundan əlavə, Azərbaycanda ana müxalifət hesab olunan Müsavat və Azərbaycan Xalq Cəbhəsi (AXCP) partiyaları bu seçkidə iştirak edəcəkmi?

"Müsavat" başqanı Arif Hacılı Qaynarinfo-ya açıqlamasında bildirib ki, Milli Məslidə boş qalan dairələrə keçirilən seçkilərdə partiyanın iştirak edib-etməməsi müzakirə olunacaq.

AXCP-in sədr müavini Nurəddin Məmmədlinin sözlərinə görə, bununla bağlı partiyanın hər hansı bir qərarı yoxdur: "Ona görə də mən yalnız öz şəxsi mövqeyimi deyə bilərəm. Əgər məsələ partiyada müzakirə olunacaqsa, indiki şərtlər daxilində istəlinən seçkidə iştirakın əleyhinəyəm”.

Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə isə MSK sədrinin açıqlamasını konkret hesab etmir: "Sonradan onu müxtəlif formalarda təqdim etdilər. Konkret olaraq boş qalan yerlərə seçkilərin keçirilməsi səlahiyyəti Azərbaycan Prezidentinə aiddir. Biz partiya olaraq ümimilikdə parlamentin yenidən fomalaşmasının tərəfdarıyıq. Parlament seçkisindən öncə referendumun keçirilməsi təklifini irəli sürmüşük. Bu seçkilərdən sonra proporsional seçki sisteminin bərpa olunması və növbəti parlament seçkisinin proporsional seçki sistemi, ən azı qarışıq - majoritar və proporsional seçki sistemi əsasında keçirilməsinin tərəfdarıyıq. Bununla bağlı hakimiyyətə yazılı şəkilə təkliflərimizi ünvanlamışıq. O ki qaldı 5 dairə üzrə seçki keçirilməsinə, bu, indiki dönəmdə heç də doğru deyil. Bununla bağlı əgər seçki təyin olunacaqsa, partiyanın mövqeyi olacaq. Yalnız partiyanın qərarından sonra bu məsələyə münasibət bildirmək olar. Ümumlikdə 5-6 yerə seçkinin keçirilməsi ölkədə ciddi bir dəyişikliyə səbəb olmayacaq. Bu baxımdan yalnız boş qalan yerlərə seçki keçirilməsini doğru hesab etmirəm”.

AĞ Partiya sədri Tural Abbaslı Azərbaycanda keçiriləcək seçkilərin heç birinin boykot olunmasının tərəfdarı olmadığını vurğulayıb: "Seçkilərin hansı şərtlər altında keçirilməsinə baxmayaraq, biz o seçkilərdə iştirak edəcəyik. Əgər seçkilər ədalətli keçiriləcəksə, təmsilçilik əldə etməyə çalışacağıq. Yox, seçki saxtalaşdırılacaqsa, prosesdə iştirak edərək həmin saxtakarlığı ifşa etməyin tərəfdarıyıq. İstəlinən halda prosesin iştirakçısı olacağıq. Çünkü prosesin iştirakçısı olmadan onu tənqid etmək obyektiv görünməz. Həm də rəqiblərimizin də istəyi odur ki, biz boykot edək, onlar istədiyi kimi hərəkət etsinlər. AĞ Partiya olaraq boş qalan bütün dairələrdən namizəd irəli sürəcəyik”.

Qeyd edək ki, 2020-ci il fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərindən sonra Mərkəzi Seçki Komissiyası (MSK) 4 dairənin nəticələrini ləğv edib. Belə ki, MSK-nın 13 fevral 2020-ci il tarixində keçirilən iclasında qəbul olunan qərara əsasən:

- Çingiz Qənizadənin lider namizəd olduğu 80 saylı İmişli-Beyləqan seçki dairəsində;

- Hadı Rəcəblinin lider namizəd olduğu 74 saylı Lənkəran kənd seçki dairəsində;

- Rauf Arifoğlunun lider namizəd olduğu 35 saylı Xətai üçüncü seçki dairəsində;

- Hüseynbala Mirələmovun lider namizəd olduğu 33 saylı Xətai birinci seçki dairəsində nəticələr ləğv olunub.

Bundan sonra Milli Məclisin üzvü Fəttah Heydərov vəfat edib və beləcə parlamentdə boş qalan deputat yerlərinin sayı 5-ə çatıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi