“Problemlər hələ də qalmaqda davam edir” - Rusiyalı politoloq
Sergey Markov: "Prezidentlərin köməkçilərsiz müzakirələr aparması danışıqların dərin məzmuna malik olduğunun və vacib qərarların qəbul edildiyinin göstəricisidir"
“Sankt-Peterburqda keçirilən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı sammit Rusiyanın bu münaqişənin həllində əsas rolu öz üzərinə götürdüyünü bir daha təsdiq etdi. Son zamanlar Qərbin, xüsusilə də ABŞ və Avropa Birliyinin Donbass probleminin nizamlanmasına cəhd etdiyini görürük. Dağlıq Qarabağ da Rusiyanın Azərbaycan və Ermənistanla münasibətlərində ağrılı yeridir. Çox güman ki, Rusiya, Azərbaycan və Ermənistan rəhbərliyi Qərbin - ABŞ və Avropa Birliyinin bu münaqişənin həllinə sərt müdaxiləsindən yayınmaq üçün görüşmək qərarı veriblər”.
Bu sözləri APA-nın Moskva müxbirinə açıqlamasında Rusiya Siyasi İnformasiya Mərkəzinin baş direktoru, politoloq Aleksey Muxin deyib.
Rusiyanın şimal paytaxtında keçirilən üçtərəfli görüşü şərh edən siyasi ekspert bildirib ki, Sankt-Peterburq sammiti tərəflər arasında hələ də ziddiyyətin aradan qaldırılmadığını bir daha göstərdi: "Problemlər hələ də qalmaqda davam edir. Danışıqlarda əldə olunan razılıqlara nə qədər riayət ediləcəyi də məlum deyil. Bunu zaman göstərəcək".
A. Muxin Rusiyanın bu görüşü keçirməklə Qərbə mesaj göndərdiyini vurğulayıb: "Moskva Qərbə göstərmək istədi ki, bu regionda söz sahibi Rusiyadır və ABŞ ilə Avropa Birliyinə Dağlıq Qarabağ ətrafındakı vəziyyətə ciddi təsir etməyə icazə verməyəcək. Qərbin müdaxiləsinin müharibə ilə nəticələndiyi hamıya məlumdur. Müharibə isə tərəflərdən heç birinə sərf etmir. Ona görə də hesab edirəm ki, münaqişə tərəfləri ölçülü qərar qəbul ediblər".
Rusiyalı ekspert Sankt-Peterburq görüşündən sonra münaqişənin gərginləşməsi ehtimalının olmadığını da söyləyib.
Prezidentlərin üçtərəfli görüşünü Rusiya İctimai Palatasının üzvü, Siyasi Təhqiqatlar İnstitutunun direktoru, politoloq Sergey Markov isə APA-ya belə şərh edib: “Hesab edirəm ki, bu görüş sadəcə, görüş xətrinə keçirilən görüş deyildi. Qeyd edim ki, dünənki görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində çox ciddi irəliləyiş əldə olunub. Bu, yaxın gələcəkdə qəbul olunacaq qərarın verilməsi üçün keçirilməsi vacib olan görüşlərdən biri idi. Aprelin əvvəlindəki “dörd günlük müharibə” göstərdi ki, münaqişə mütləq həll edilməlidir. Bu məsələdə Moskva Bakının mövqeyini birmənalı bölüşür. Rusiya da artıq münaqişənin dondurulmuş vəziyyətdə qalmasının tərəfdarı deyil. Ona görə də Moskvanın son vaxtlar bu məsələdə aktivliyi nəzərəçarpandır. Əlbəttə ki, Yerevan münaqişənin dondurulmuş vəziyyətdə qalmasında maraqlıdır”.
Politoloqun fikrincə, Sankt-Peterburqda üçtərəfli görüşün köməkçilərsiz və xarici işlər nazirlərinin iştirakı olmadan keçirilməsinin özü vacib məqamlardan xəbər verir: “Prezidentlərin köməkçilərsiz müzakirələr aparması danışıqların dərin məzmuna malik olduğunun və vacib qərarların qəbul olunduğunun göstəricisidir. Prezidentlər Kazan formulunu müzakirə ediblər. Dağlıq Qarabağ ətrafındakı əvvəlcə 5 rayonun, daha sonra mərhələli şəkildə 2 rayonun, Ermənistana dəhliz saxlanılmaq şərtilə, Azərbaycana geri qaytarılması, o cümlədən Dağlıq Qarabağla ətraf rayonlar arasındakı bölgəyə sülhməramlıların yerləşdirilməsi müzakirə olunub. Sülhməramlıların yerləşdirilməsi Dağlıq Qarabağa hərbi hücumunun olmayacağına təminat kimi irəli sürülüb. Bütün bunlardan sonra Qarabağın statusu ilə bağlı danışıqların aparılması təklifi müzakirə olunub”.
“Əgər üçtərəfli görüşdə Kazan formulu müzakirə olunubsa, bəs niyə görüş iştirakçıları, rəsmi şəxslər bunun detalları və razılıqlar barədə bir kəlmə belə demirlər?” sualına S. Markov belə cavab verib: “Görüşün detalları tamamilə bağlı qalıb. Bu, onu göstərir ki, Sankt-Peterburqdakı üçtərəfli görüş həqiqətən də real məzmuna malik olub. Əgər nə zamansa bir vacib qərar qəbul olunursa, o zaman vasitəçilər bunu gizli saxlayırlar. Dünənki görüş də belələrindən idi. Hesab edirəm ki, daha iki-üç belə görüş keçiriləcək və bundan sonra yekun müqavilə imzalanacaq. Hələlik görüşlər Kazan formulunun bəndlərində olan fikir ayrılıqlarının aradan qaldırılması uğrunda gedir. Bu fikir ayrılıqları Ermənistana bir və ya iki dəhlizin verilməsi, ilkin mərhələdə 5-6 və ya 7 rayonun qaytarılması, gələcəkdə referendumun keçirilib-keçirilməməsi, yekun müqavilədə BMT qətnamələrinin qeyd olunub-olunmamasından ibarətdir. Misal üçün, Bakı Azərbaycan ərazilərinin işğaldan azad olunmasını və Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu özündə ehtiva edən BMT Təhlükəsizlik Şurası qətnamələrinin yekun müqavilədə əks olunmasında təkid edir. Yerevan isə bunun əleyhinədir. Fikrimcə, bu kimi mübahisəli məqamlar yaxın zamanlarda keçiriləcək görüşlərdə öz həllini tapacaq”.