Ermənilər məğlubiyyətin əsas səbəbkarını tapıblar: prezident İlham Əliyev - TƏHLİL
“Dördgünlük müharibə”dən sonra ən ağır zərbələrdən birini erməni təbliğat maşını alıb. Buna əmin olmaq üçün “Göbbels” missiyasını öz üzərinə götürən Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyanın “Facebook” fəaliyyətini izləmək yetər. Onun paylaşdığı ucuz təbliğat materiallarına ən böyük etiraz elə öz soydaşlarından gəlir.
Bu təsadüf deyil, çünki erməni təbliğat maşınının fəaliyyəti son 40 gündə əslində Azərbaycan cəmiyyətinə deyil, məğlubiyyətdən doğan narazılıqların baş qaldırdığı erməni ictimaiyyətinə ünvanlanıb.
Ermənistan faktiki olaraq öz əhalisinə qarşı informasiya müharibəsi aparır, bu ucuz təbliğatla sosial narazılıqları idarə etməyə, etirazların ajiotaja, üsyana çevrilməsinin qarşısını almağa çalışır.
Bu təbliğat az-çox effekt verir, çünki erməni cəmiyyəti manipulyasiyaya tabe olan cəmiyyətdir. Bundan vəcdə gələn erməni “Göbbelslər” bu dəfə silahın ucunu Azərbaycana tərəf çevirirlər. Analoji metodu Azərbaycana qarşı tətbiq etməyə çalışan erməni “Göbbels”lər bir faktı nəzərə almadıqlarına görə bəri başdan uduzurlar. Bu, Azərbaycan və Ermənistan cəmiyyətləri arasında olan fərqdir. Fərq çoxdur, ən önəmlisi isə budur - işğal altında olan torpaqların azad edilməsi məsələsində Azərbaycanda siyasi, dini və etnik mənsubiyyətindən asılı olmayaraq hər kəs birdir. “Dördgünlük müharibə”nin ən böyük nəticələrindən biri ermənilərin hərbi-siyasi cəhdlərinə rəğmən Azərbaycan cəmiyyətində parçalanmanın baş verməməsi idi. Hətta ermənilərin böyük ümid bəslədiyi şəhid dəfnləri belə cəmiyyətin daha sıx birləşməsinə səbəb oldu və istisnasız olaraq hər kəs hakimiyyətin torpaqların işğaldan azad edilməsi istiqamətində siyasətini qeyd-şərsiz dəstəklədi.
Erməni təbliğatçıları əslində müharibə şəraitində bu amilin mahiyyətini və əhəmiyyətini gözəl anlayırlar. Bu səbəbdən də son dövrlər Azərbaycan rəhbərliyini Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda ən böyük maneə kimi təqdim etməyə çalışırlar. Amma təbii ki bu iddialarını isbatlamaq üçün gətirdiyi arqumentlərə nəinki Azərbaycan cəmiyyətini inandıra bilir, heç özləri də inanmırlar. Prezident Əliyevə qarşı bu kampaniyanın “uğuru” Artsrun Ovannisyanın Azərbaycanın mülki şəxslərinin telefon danışıqları əsasında hazırladığı süjetin “uğurundan” artıq deyil (o süjetdə təkcə guya iki azərbaycanlının Gəncəyə üç mərmi düşdüyü barədə “dialoqunu” xatırlamaq kifayət edər).
Ermənistanın peşəkar mediadan əsər-əlamət olmayan saytlarından biri Ermənistanın Azərbaycana qarşı dağıdıcı fəaliyyətinin planını açıqlayıb. Sayt planı açıqlamazdan öncə Azərbaycanın durumunu dəyərləndirir, neftin qiymətinin daha 100 dollar olmayacağını, bunun Azərbaycanda sosial narazılığı gücləndirəcəyi iddia edilsə də, bu iddianı əsaslandıracaq arqument səslənmir. Amma bu iddianı darmadağın edən arqument var: 2008-ci ildə baş vermiş ümumdünya iqtisadi böhranından sonra da neftin qiymətində kəskin eniş olmuşdu, amma bu Azərbaycan cəmiyyətində hansısa sosial narazılığına səbəb olmamışdı, əksinə, həmin dövrdə ölkədə böhranın təsiri ümumiyyətlə hiss olunmadı. Cəmiyyətin də dayanıqlılığının mahiyyəti neftin qiymətində deyil, düzgün idarəetmədədir.
Erməni mediasının üzərində dayandığı iddialardan biri də neftin qiymətinin ucuzlaşmasının Azərbaycana daha “Eurovision” və Avropa Oyunları kimi dünya miqyaslı müsabiqələrə ev sahibliyi etmək imkanı verməyəcəyidir. Amma erməni müəlliflər Bakının dünyanın ən gəlirli idman yarışı sayılan “Formula-1” yarışlarına 10 il ev sahibliyi etmək hüququ qazandığını, 2017-ci ildə Azərbaycanda İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyini “unudurlar”. Neftin qiymətinin kəskin aşağı olduğu 2016-cı ildə də Azərbaycanda kifayət qədər qlobal tədbirin keçirildiyini “nəzərə almırlar”. Məhz bu yanaşma həm də bir daha göstərir ki, dünya səviyyəli yarışlara ev sahibliyi etmək təbliğat baxımından ermənilər qarşısında Azərbaycan üçün son dərəcə unikal imkanlar yaradır.
Eyni zamanda Azərbaycanla yaranmış situasiyada Ermənistanın özünü necə aparmalı olduğu sualına cavab tapmağa çalışan erməni yazarlar “dərin təhlildən sonra bu qənaətə gəlirlər ki, Ermənistan üçün mövcud durumda ən böyük təhlükə İlham Əliyev hakimiyyəti və prezidentin qalib obrazıdır. Azərbaycana qarşı dağıdıcı fəaliyyət planına əsasən, ermənilər bütün resurslarını Əliyev hakimiyyətini devirməyə yönəltməlidir”. Hansı yolla, Ermənistanın bunun üçün hansı resursları var sualına planın müəllifi təbii ki cavab vermir (verə bilmir). Amma planın xarici siyasət qanadı daha aydındır və burada əsas ağırlıq beynəlxalq ictimaiyyətdə prezident Əliyev əleyhinə ictimai rəy formalaşdırmaq üzərinə salınıb.
Hansı üsul və vasitələrlə? Ermənilərin planına əsasən, Qərbin “əsas silahını” (müəlliflər bunu dırnaq içərisində qeyd edir) - insan haqları və demokratiya məsələsini bütün infrastruktur və platformalarda İlham Əliyevə qarşı istifadə etmək lazımdır. Və ən əsası İlham Əliyevin obrazı erməni diasporu üçün əsas hədəf olmalıdır. Planın Qərb istiqaməti adlanan bu bölümündə hədəfə çatmaq üçün bu işin qondarma “Dağlıq Qarabağ Respublikası”nın tanınması prosesinin tərkib hissəsinə daxil edilməsi təklif olunur.
Rusiya istiqaməti adlanan bölümdə isə qeyd olunur ki, bu ölkədə bütün mümkün dövlət, ictimai və ekspert resurslarını Ermənistan-Rusiya hərbi-strateji münasibətlərinin ön plana çıxarılması, daim vurğulanması işinə cəlb etmək lazımdır. Planda qeyd olunur ki, görüləcək işi Rusiya ictimaiyyətinə daha aydın şəkildə təqdim etmək üçün Azərbaycan-Türkiyə tandeminin mövcudluğu daim vurğulanmalıdır. Yəni guya Rusiya Ermənistan tandeminə qarşı Azərbaycan Türkiyə tandeminin mövcudluğu barədə Rusiya ictimaiyyətində rəy formalaşdırmaq lazımdır. Bu cəhdi aprelin əvvəlində cəbhə bölgəsində vəziyyət gərginləşəndə Rusiyadakı bəzi erməni politoloqlarının təqdimatında açıq şəkildə müşahidə etdik.
Və ən nəhayət erməni təbliğat maşınının Azərbaycan əleyhinə dağıdıcı fəaliyyət planının hərbi istiqaməti açıqlanır. Qeyd olunur ki, İlham Əliyevin hakimiyyətini zəiflətmək üçün əsas zərbə “Artsax-Azərbaycan” sərhədini şərq istiqamətində irəli aparmaq, 5-6 kəndi, imkan olarsa, bir rayonu ələ keçirmək lazımdır. Plan müəllif (lər)inin fikrincə, bu, Azərbaycan prezidentinin cəmiyyətdə mövqelərinin zəifləməsinə səbəb ola bilər və ermənilər öz əsas məqsədlərinə çatmış olarlar.
Göründüyü kimi, ermənilərin bütün istiqamətlərdə əsas dərdi prezident Əliyevdir. Səbəblər çoxdur. Mahiyyət isə eynidir - Azərbaycan prezidenti Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində yürütdüyü siyasətin ermənilərin maraqlarına hərbi, siyasi və diplomatik istiqamətlərdə ağır zərbələr vurub və gələcəkdə daha ağır zərbələr vuracağı tam aydındır.
İndi isə gələk səbəblərin təsnifinə. Qeyd etdiyimiz kimi ermənilərin Azərbaycana qarşı hazırladığı bu dağıdıcı planda prezident Əliyevi hədəfə götürməsinin bir neçə səbəbi var. İlk səbəbi ermənilər özləri “Dördgünlük müharibə” dövründə etiraf ediblər. Bütün hirslərini Serj Sərkisyandan çıxmağa çalışan erməni siyasətçiləri onun Rusiya rəhbərləri ilə Azərbaycan prezidenti kimi sərbəst müzakirə aparmaq imkanına sahib olmadığı ilə izah edirdilər. Bu, Azərbaycanın diplomatik müstəvidə Ermənistandan hətta bu ölkənin himayədarı olan Rusiyanın yanında belə bir baş üstün olmasının etirafı idi. Azərbaycanın diplomatik planda ciddi fərqlə önə çıxması prezident Əliyevin uğurlu xarici siyasətinin nəticəsidir. Ermənilər bu səbəbdən xarici siyasətdə uğurların müəllifini gözdən salmağa cəhd edirlər.
Amma kimin qarşısında? Bunu özləri də dəqiq bilmir. Azərbaycan cəmiyyəti erməni təbliğatçılarının avantüralarına uyan cəmiyyət deyil. Prezident Əliyevə qarşı kampaniya erməni cəmiyyəti üçündürsə, bu, da məğlubiyyətin başqa formada etirafıdır. Çünki İlham Əliyev zatən Ermənistanın düşmən gözündə gördüyü ölkənin prezidentidir, düşmən ölkənin prezidentini daha mənfi çalarlarla təqdim etmək onun gücünü daha çox etiraf etməyə bənzəyir. Ola bilər ki, “dördgünlük müharibə”nin nəticələri Ermənistan cəmiyyətində Serj Sərkisyana nifrəti artırdığı qədər, Azərbaycan prezidentinə olan rəğbəti də artırıb. Erməni siyasətçilərin hesabına düşdükləri bataqlıqdan Azərbaycanın hesabına qurtara biləcəklərini düşünən sadə ermənilərin sayı z deyil. Ermənistandan ailəliklə qaçaraq Azərbaycana pənah gətirən ermənilərin olması faktını xatırlamaq kifayətdir. Belə düşünmək olar ki, erməni təbliğat maşınının prezident Əliyevə qarşı kampaniyası həm də nicatı Azərbaycanda görən bu erməni zümrəsinə hesablanıb.
Təbii ki, başqa məqamlar da var. Azərbaycanda monolit cəmiyyətin olması, torpaqların işğaldan azad edilməsinin bu monolitliyi daha da möhkəmləndirməsi həmin məqamlardan biridir. Ən mühüm səbəb isə budur - Ermənistan Azərbaycanın hər an hərbi əməliyyatlara başlaya biləcəyini bilir. Başlayacaq hərbi əməliyyatların nəticəsi heç ermənilərdə də şübhə doğurmur, “Dördgünlük müharibə”dən sonra Azərbaycanın hərbi baxımdan Ermənistandan qat-qat güclü olması Ermənistanda bütün səviyyələrdə etiraf edilib. Nəinki etiraf edilib, hətta bunda çoxsaylı günahkarlar da tapılıb. Rusiya, Sərkisyan hakimiyyəti, səbatsız generallar, İsrail, Türkiyə və s. İndi erməni analitiklər Azərbaycanın hərbi, siyasi, iqtisadi və diplomatik müstəvidə Ermənistandan qat-qat üstün olmasının daha bir günahkarını tapıblar və təbliğat maşınını bütünlüklə ona qarşı yönəldiblər. O “günahkar” prezident İlham Əliyevdir.
Bir məqama toxunaraq fikirlərimi bitirmək istəyirəm. Erməni təbliğat maşınının “istehsal etdiyi” keyfiyyətsiz məhsulların bir oxşar cəhəti də var. II dünya müharibəsində almanların təyyarələrlə sovet ərazilərinə səpdiyi ucuz təbliğat vərəqələrini xatırladan Azərbaycan əleyhinə yazılar eyni cümlə ilə bitir: “Başqa yol yoxdur”. Ya bu yazılar eyni mətbəxdə (hətta eyni müəllif tərəfindən) hazırlanır, ya da uğursuzluqlardan çıxış yolunu tapmaqda erməni “analitiklər” arasında gizli bir yarış gedir. Bu yarışda bir müəllif digərinin arqumentlərini heçə endirmək üçün öz sərsəmləmələrinin sonunda “başqa yol yoxdur” möhürü vuraraq özünü ən ağıllı kimi təqdim etməyə çalışır. Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində proseslər həm hərbi, həm diplomatik kontekstdə Azərbaycanın lehinə inkişaf edir, proses başa çatdıqdan sonra da erməni analitiklər öz məqalələrini “başqa yol yoxdur” cümləsi ilə bitirəcəklər. Amma bu dəfə cümlənin önünə “məğlubiyyətdən”, və ya “kapitulyasiyadan” sözü yazmalı olacaqlar. Ən azı öz “simalarını” xilas etmək üçün...
Vüqar Hüseynov,
APA Analitik Mərkəzinin rəhbəri