azia.az
azia.az

Britaniya səfiri: "Azərbaycanın ermənilərə hücum etmək fikri yoxdur"

4-05-2016, 12:33

Britaniya səfiri: "Azərbaycanın ermənilərə hücum etmək fikri yoxdur" Böyük Britaniyanın Azərbaycanda diplomatik missiyası başa çatan səfiri İrfan Sıddıqın müsahibəsi:

- Azərbaycanda diplomatik missiyanız başa çatır. Ölkə ilə bağlı təəssüratlarınız necədir? Burada olduğunuz müddətdə bu təəssüratlar hansı istiqamətə dəyişdi?/b]
- Azərbaycanda olduğum 3 ilin yekununda ölkə ilə bağlı çox müsbət təəssüratım yarandı. Mənim fikrimcə, Azərbaycan istedadlı insanların çox olduğu qeyri-adi və dinamik ölkədir. Əminəm ki, Azərbaycan böyük uğur və inkişafla müsbət gələcəyə nail olmağa davam edəcək. Dünyanın digər yerlərində Azərbaycanı çox tanımırlar. Lakin son bir neçə il ərzində Azərbaycan daha çox tanınmağa başlayıb. Biz səfirlik olaraq Azərbaycanın Birləşmiş Krallıqda tanınması üçün vasitəçi rolunu oynama çalışırıq. Düşünürəm ki, bu proses uğurla gedir.
[b]- Azərbaycanda daha çox nəyi bəyəndiniz? Daha çox nələr üçün darıxacaqsınız?

- Mən Azərbaycan yeməklərinin çox böyük fanatıyam. Geri qayıdanda Azərbaycanın bütün yeməkləri - qutab, basdırma, plov üçün darıxacağam. Bununla yanaşı, hava üçün darıxacağam. Londonda hava Bakıdakı kimi gözəl deyil. Burada hava çox küləklidir, mən küləyi çox xoşlayıram. Lakin düşünürəm ki, ən çox buranın insanları üçün darıxacağam. Azərbaycanda çox ağıllı, istedadlı, təhsilli insanlar var. Bizim səfirlikdə də belə insanlar çalışır. Mən səfirlikdəki həmkarlarım üçün çox darıxacağam. Ümumilikdə bütün azərbaycanlılar üçün darıxacağam.
- Azərbaycanla Böyük Britaniya arasında çox yaxşı münasibətlər var. Bu münasibətləri daha da inkişaf etdirmək üçün nəyə ehtiyac var?
- Qeyd etdiyiniz kimi, münasibətlərimiz çox yaxşı səviyyədədir. Bizim siyasi, ticarət, enerji, insanlararası anlaşma, təhsil sahəsində güclü əlaqələrimiz var. Düşünürəm ki, Birləşmiş Krallıq ticarət əlaqələrində daha çox nələrsə edə bilər. Bizim ticarət əlaqələrimiz daha çox enerji sektorunun, energetika şirkətlərinin üzərinə düşür. Düşünürəm ki, biz Britaniya şirkətlərinin təkcə enerji deyil, kənd təsərrüfatı, turizm, informasiya texnologiyaları, maliyyə sahələrində də daha aktiv olmalarına nail olmalıyıq. Bu, Azərbaycanın inkişafına təkan verə bilər. Hesab edirəm ki, prezidentin də təşəbbüs etdiyi kimi, Azərbaycan iqtisadi islahatlar sahəsində daha çox iş görə bilər. Azərbaycan nə qədər çox islahat aparsa, açıq olsa, müxtəlif ideyalara və iş görməyə açıq olsa, daha çox uğur qazanar. Həqiqətən əlaqələrimizi inkişaf etdirmək yolları mövcuddur.
- Bildiyiniz kimi, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çox həssas dövrdəyik. Azərbaycanda işləmiş diplomat kimi necə hesab edirsiniz, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün nələr edilə bilər?
- İlk olaraq mən son zorakılıq hadisəsindən zərər çəkmiş insanlara başsağlığı verirəm. Münaqişənin 25 il ərzində davam etməsi böyük faciədir və hələ də ortada sülh yoxdur. Düşünürəm ki, sülh yolu ilə həllə köklənmək vacib məsələdir. Bilirəm ki, bəzi azərbaycanlılar təmas xəttində baş verən son hadisələrdən çox xoşbəxtdirlər. Çünki Azərbaycan bəzi ərazilərini geri qaytarıb. Ancaq düşünürəm ki, insan itkisi faciədir və bu, həll yolu deyil. İnsanlar sülhü seçməlidir. Düşünəndə ki, niyə Ermənistan tərəfi sülh danışıqları masasına qayıtmağa bu qədər istəkli deyil, hesab edirəm ki, bunun da son bir neçə həftədə təmas xəttində baş verən toqquşmalarla əlaqəsi var. Mən dekabrda Ermənistanda oldum, oradakı həmkarımı ziyarət etdim, bəzi rəsmi şəxslərlə görüşdüm. Mənə dedilər ki, silahlı münaqişə davam edir, Azərbaycan tərəfdən ritorikalar səsləndirilir və bütün bunlar münaqişənin həllinin tapılmasını asanlaşdırmır. Bu, təhlükəsizliyi təmin etmir və onları daha müdafiə olunan edir, erməni tərəfində dəyişikliyə açıq olmaq əvəzinə, vəziyyəti saxlamaq istəyini artırır. Hesab edirəm ki, biz vəziyyəti dəyişmək üçün iki məsələyə diqqət ayırmalıyıq. Diqqət edilməli ilk məsələ odur ki, sülh yolu ilə həlldən sonra hansı növ təhlükəsizlik tədbirləri görüləcəyi aydınlaşmalıdır. Çünki biz Ermənistanla danışanda deyirik ki, sülh Azərbaycan torpaqlarının geri qaytarılması əsasında olmalıdır. Onların dediyi ilk məsələ o olur ki, torpaqları qaytarsalar, Azərbaycana daha yaxın olacaqlar və Azərbaycan üçün onlara hücum etmək asanlaşacaq. Ona görə də onları əmin etmək lazımdır ki, Azərbaycanın torpaqlarını geri qaytardıqdan sonra ermənilərə hücum etmək fikri yoxdur. Ermənistanı əmin etmək lazımdır ki, Azərbaycanın torpaqlarını geri qaytarmaq onu daha təhlükəli vəziyyətə salmayacaq və ya qaytarmamaq daha təhlükəsiz etməyəcək. Çünki indi insanlar hər gün ölür. Azərbaycan torpaqlarının geri qaytarılması ilə yaranacaq yeni vəziyyətdə insan ölümü dayanacaq. İnsanlar təhlükəsiz şəraitdə olacaqlar.
İkincisi, sülhün hər iki tərəfə gətirəcəyi faydalardan daha çox danışılmalıdır. Tək təhlükəsizlik baxımından deyil, rifah, regional əməkdaşlıq və tərəflərə fayda baxımından bu barədə danışmaq lazımdır. Buraya həmçinin nəqliyyat, kommunikasiya, ticarət əlaqələri daxildir ki, bu, həm Ermənistan, həm də Azərbaycan xalqının həyatını daha yaxşı, çiçəklənən, təhlükəsiz edə bilər. İndi daha çox mənfi xüsusiyyətlərin üzərinə köklənilir. Müsbət imkanlardan danışmaq əvəzinə, bir tərəf digərini incitmək üçün nə edə bilər, digər tərəf bunun qarşını almaq üçün nə edə bilər kimi məsələlər düşünülür...
- Siz Azərbaycanın regionlarında olmusunuz. Azərbaycanın turizm potensialı barədə nə düşünürsünüz? Azərbaycanda britaniyalı turistlər üçün nə cəzbedici ola bilər və ölkəmiz dünyadan turistləri cəlb etmək üçün nə etməlidir? Özünüz Azərbaycana turist kimi gəlməyi planlaşdırırsınızmı?
- Mənim Azərbaycanın regionlarını gəzmək üçün kifayət qədər imkanım olub. Naxçıvan, Gəncə, Quba, Şəkil, Qəbələ, Lənkəran, Şamaxı, Astara və bir sıra digər rayonlarda olmuşam. Azərbaycan çox gözəl ölkədir. Balaca ölkə olsa da, geniş təbii xüsusiyyətləri var. Azərbaycan Qafqaz dağlarından, Lerik meşələrindən ibarət çoxsaylı müxtəlifliklərə malikdir. Düşünürəm ki, Azərbaycanın turizm üçün böyük potensialı var. Lakin hesab edirəm ki, turistləri cəlb etmək üçün marketinq və infrastruktur sahəsində irəliləyiş etmək lazımdır. Çünki britaniyalılar üçün 6 saatlıq uçuş çoxdur və viza da ucuz deyil. Düzdür, devalvasiyaya görə bu, indi o qədər də baha deyil, lakin bura digər ərazilərlə müqayisədə britaniyalılar üçün o qədər də cəlbedici görünmür. Ona görə, düşünürəm ki, buranı daha çox cəlbedici və əlçatan etmək üçün çox işlər görülməlidir.
Hesab edirəm, mən Azərbaycana bir də qayıdacağam. Burada çoxlu dostlarım və xoş xatirələrim var.
- Avropa İttifaqından çıxmağı müzakirə edən bir ölkə kimi Böyük Britaniya "Şərq Tərəfdaşlığı" ölkələri ilə Aİ arasında münasibətlər barədə nə düşünür? Necə hesab edirsiniz, Aİ Azərbaycanla strateji tərəfdaşlığa dair saziş imzalamalıdırmı?
- Birincisi, onu deyim ki, Birləşmiş Krallıq Aİ-dən çıxmaq barədə qərar verməyib. Biz Aİ-də qalmaq və ya qalmamaq barədə səs vermək üçün referendum keçirəcəyik. Britaniya hökumətinin mövqeyi ondan ibarətdir ki, biz Aİ daxilində qalmalıyıq, çünki bu, Britaniya xalqı, onun rifahı, təhlükəsizliyi və beynəlxalq əlaqələri üçün faydalıdır. Ona görə də ümid edirəm ki, iyunun 23-də keçiriləcək referendumda Birləşmiş Krallıq xalqı Aİ daxilində qalmağın lehinə səs verəcək. Çünki bu, Britaniyanı daha güclü edəcək.
Azərbaycanın Aİ ilə əlaqələrinə gəldikdə isə Avropa İttifaqının onunla qonşuluqda olan bütün ölkələrlə yaxşı əməkdaşlıq əlaqələri qurmaq istəyi var. Azərbaycan Avropa Qonşuluq Siyasəti çərçivəsində "Şərq Tərəfdaşlığı" proqramının bir hissəsidir. Aİ-nin anlamalı olduğu bir məsələ var ki, "Şərq Tərəfdaşlığı" ölkələrinin hamısı eyni deyil. Bütün 6 ölkə bir-birindən fərqlidir. Ona görə də bu ölkələr üçün əməkdaşlıq sazişi eyni olmamalıdır.
Azərbaycanın Aİ ilə strateji tərəfdaşlıq sazişi ilə bağlı təklifi Aİ tərəfindən alqışlanıb. Mən hesab edirəm ki, biz bu razılaşmanı imzalamaq üzərində işləməkdən məmnunuq. Hazırda razılaşmanın dəqiq hansı şəkildə olacağı ilə bağlı danışıqlar gedir. Düşünürəm ki, Azərbaycanla əməkdaşlıq və anlaşmanın tam şəklini aydınlaşdırmaq Aİ üçün yaxşı olacaq. Bu, həmçinin Azərbaycan üçün Aİ ilə əməkdaşlıq etmək baxımından yaxşı nəticə verəcək. Azərbaycana texniki, hüquqi, maliyyə dəstəyi vermək baxımından yol açacaq, Azərbaycanın inkişafına kömək edəcək. Düşünürəm ki, bu sənəd mümkün olan bir zamanda Azərbaycanla Aİ-nin imzalamalı olduğu bir sənəddir.
- Böyük Britaniya Azərbaycanın həyata keçirdiyi beynəlxalq layihələri dəstəkləyən ölkələrdən biridir. Bu layihələr, o cümlədən dəmir yolu layihələrinin perspektivləri barədə nə düşünürsünüz?
- Dediyiniz kimi, Birləşmiş Krallıq Azərbaycanın rəhbərliyi ilə həyata keçirilən beynəlxalq layihələrinin böyük dəstəkçisidir. Bunlara Cənub Qaz Dəhlizi, "Şahdəniz 2", "Şahdəniz" qazını İtaliyaya daşıyacaq TAP, TANAP layihələri daxildir. Biz Cənub Qaz Dəhlizi ilə bağlı Məşvərət Şurasının nazirlər toplantısında da iştirak etmişik. BP də bu işlə bağlı sıx işləyir. Britaniya hökuməti BP-nin səylərini güclü şəkildə dəstəkləyir.
Nəqliyyat layihələrinə gəldikdə isə bunlar da bütün tərəflərin qazanacağı bir layihədir. Azərbaycan, Gürcüstan və Türkiyə ilə bilikdə Bakı-Tbilisi-Qars dəmir yolu xəttini bitirsə və Rusiya və İranla birlikdə Şimal-Cənub dəmir yolu xəttini reallaşdırsa, hər kəs üçün faydalı olacaq, ticarət, insanların axını, baryerlərin aradan götürülməsi baxımından geniş imkanlar açacaq. Biz Azərbaycanın bu sahədəki liderliyini alqışlayırıq.
- Böyük Britaniya Azərbaycanın böyük ticarət tərəfdaşlarından biridir. Azərbaycanda ən böyük enerji şirkəti olan BP Britaniya şirkətidir. Neftin qiymətinin düşməsi bu əlaqələrə hansısa şəkildə təsir edə bilərmi?
- Mən belə düşünmürəm. Bizim Azərbaycandakı fəaliyyətimiz davam edən böyük layihələrin investisiyası ilə bağlıdır. "Azəri-Çıraq-Günəşli", Cənub Qaz Dəhlizi, "Şahdəniz 2" - bunlar Azərbaycan, BP və Birləşmiş Krallığın reallaşmasını istədiyi böyük layihələrdir. Düşünmürəm ki, neftin qiymətlərinin dəyişməsi bu layihələrlə bağlı öhdəliklərə, o cümlədən Azərbaycanla bizim əməkdaşlıq fəaliyyətimizə təsir edə bilər. Təbii ki, neftin qiymətlərinin düşməsi bəzi dəyişikliklər yaradacaq. Lakin bu layihələrlə bağlı Azərbaycanla işləmək üzrə strateji öhdəlik heç cür dəyişmir. Bu, həm BP, həm Britaniya hökuməti, həm də Azərbaycan tərəfdən belədir. Düşünürəm ki, biz heç bir dəyişiklik görməyəcəyik.
- Azərbaycanlıların Böyük Britaniya universitetlərinə böyük marağı var. Səfir olduğunuz müddətdə sizin ölkənin universitetlərində təhsil almağa gedən azərbaycanlıların sayında müsbət dəyişiklik oldumu? Gələcəkdə daha çox tələbənin bundan yararlanması üçün hansı addımlar atılacaq?
- Mən 3 əvvəl bura təyin olunmuşam. 2014-2015 təhsil ilində sayda böyük artım oldu. Lakin 2015-2016-cı illərdə bir qədər azalma müşahidə edildi. Bu, daha çox Azərbaycandakı iqtisadi çətinliklərlə bağlı idi. Təəssüf ki, Birləşmiş Krallıqda təhsil almaq pulsuz deyil. İnsanlar bunun üçün ödəniş etməlidir. İndi ödəniş etmək bir qədər çətindir. Lakin onu bilirəm ki, Britaniya universitetlərinin azərbaycanlı tələbələri cəlb etməklə bağlı marağı hər il artır. Hər il biz Azərbaycanda 2 dəfə böyük təhsil sərgisi keçiririk. Britaniya universitet və kollecləri dəvət olunurlar, tələbələrlə danışırlar, açıq günlər təşkil edirlər, onları Britaniya universitet və kolleclərində təhsil almağa həvəsləndirilər. Düşünürəm ki, iqtisadi vəziyyət inkişaf edən kimi, bu rəqəm artmağa doğru gedəcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi