Deputatlığa namizəd Zaur Məmmədov Cəbrayıl qəsəbəsində görüş keçirdi - Fotolar
Fevralın 9-da ölkəmizdə keçiriləcək növbədənkənar parlament seçkilərinin təbliğat-təşviqat kampaniyası davam etdirilir. Kampaniya çərçivəsində 120 saylı Cəbrayıl-Qubadlı Seçki Dairəsindən Milli Məclis üzvlüyünə namizəd, tanınmış jurnalist Zaur Məmmədovun yanvarın 25-də Biləsuvar rayonundakı Cəbrayıl qəsəbələrində köçkünlərlə görüşü təşkil olunub.
Zaur Məmmədovun seçki qərargahından Reyting.az-a verilən məlumata görə, görüş iştirakçıları öncə qəsəbədəki Şəhidlər abidəsini ziyarət ediblər.
Daha sonra tədbiri giriş sözü ilə açan namizədin vəkili, Əməkdar jurnalist Rəhman Orxan Zaur Məmmədovun fəaliyyəti barədə məlumat verib. Onun hər zaman bir jurnalist kimi Cəbrayıl sakinlərinin yanında olduğunu, onların problemlərinin həllinə çalışdığını vurğulayıb.
Deputatlığa namizəd Zaur Məmmədov Cəbrayıl qəsəbəsində görüş keçirdi
Namizədin vəkili bildirib ki, əgər 9 fevralda seçimlərini Zaur Məmmədovdan yana etsələr, o, Cəbrayıl və Qubadlıdan olan seçicilərini Milli Məclisdə layiqincə təmsil edəcək.
Sonra namizədin səyyar seçki qərargahının sədri Elçin Abdullayev çıxış edib. O, bu günə qədər Cəbrayıl və Qubadlı sakinləri ilə keçirilən görüşlərdən danışaraq əminliklə bildirib ki, qəsəbələrdə yaşayan köçkünlər də Zaur Məmmədovu dəstəkləyəcəklər.
Daha sonra tanınmış hərbi-jurnalist, ehtiyata olan zabit Seymur Şahbazzadə çıxış edib. O da seçiciləri istedadlı jurnalist, daim xalqın maraqlarını müdafiə edən ictimai-siyasi fəal və ən əsası, şəhid övladı Zaur Məmmədovu dəstəkləməyə səsləyib.
S. Şahbazzadə əlavə edib ki, əgər Cəbrayıl sakinləri Zaur Məmmədova etimad göstərib millət vəkili seçsələr, əlçatan deputata sahib olacaqlar.
Tədbirdə çıxış edən namizəd Zaur Məmmədov öncə onun dəvətini qəbul edərək məclisə gələn seçicilərə təşəkkürünü bildirib. Z. Məmmədov qeyd edib ki, Cəbrayıl camaatının belə pərən-pərən düşməsi çox ağırdır:
Deputatlığa namizəd Zaur Məmmədov Cəbrayıl qəsəbəsində görüş keçirdi
“Mən, təbliğat-təşviqat kampaniyası dövründə xeyli yaşayış məntəqələrini gəzmişəm. Bir ucu Şəmkir, bir ucu Şəki, bir ucu Biləsuvara yayılan camaatımızı pərişan gördüm. Doğrudur, məcburi köçkünlər üçün şərait yaradılıb, amma hamının gözündə bir həsrət gördüm. Əgər mən Milli Məclisdə təmsil olunsam, sizin vətən həsrətinizi tez-tez dilə gətirib, tələbinizi səsləndirəcəyəm. Hər şeydən öncə bizə Qarabağ, Cəbrayıl lazımdır. Ondan sonrakı problemlərinizin də həllinə çalışacağam.
Ən əsası, seçkiyə gəlin, öz taleyinizi özünüz müəyyənləşdirin. Deputatınızı özünüz seçin ki, sizə xidmət eləsin, başqalarına yox”.
Toplantıdan sonra namizəd Cəbrayıldan olan qazilərlə, keçmiş döyüşçülərlə, gənclərlə söhbət edib, onların problemləri ilə maraqlanıb. Sakinlər qəsəbədəki işsizlik, sosial təminat və səhiyyə xidməti ilə bağlı problemləri dilə gətiriblər. Eyni zamanda, qəsəbə ərazisində məscid olmadığından narazılıq edənlər də olub. Gənclər isə qəsəbə ərazisində normal futbol meydançasının olmadığından gileyləniblər.
Z. Məmmədov qaldırılan problemlərlə bağlı aidiyyatı qurumlara müraciət ediləcəyini bildirib.