azia.az
azia.az

YAP-ın 48 saylı Yevlax Seçki Dairəsindən irəli sürdüyü namizəd İlham Məmmədov yenidən “seçiləcəyini” haradan bilir?..

17-01-2020, 22:56


YAP-ın 48 saylı Yevlax Seçki Dairəsindən irəli sürdüyü namizəd İlham Məmmədov yenidən “seçiləcəyini” haradan bilir?..

Növbədənkənar parlament seçkiləri təyin edildikdən sonra Yeni Azərbaycan Partiyası (YAP) gənc və perspektivli kadrlara üstünlük verəcəyini açıqlayanda, əksəriyyət hakim siyasi qüvvənin öz deputat korpusunun tərkibini 90 faiz yeniləyəcəyini gözləyirdi.
YAP-ın 48 saylı Yevlax Seçki Dairəsindən irəli sürdüyü namizəd İlham Məmmədov yenidən “seçiləcəyini” haradan bilir?..
Lakin YAP-ın ötən ilin son günlərində açıqladığı namizədlər siyahısı bu gözləntilərin əsassız olduğunu göstərdi. Hakim partiya Milli Məclisin buraxılmış tərkibində təmsil olunan deputatlarının çoxunu yenidən namizəd kimi irəli sürməklə, “yeniləşmə” anonsunun “sözgəlişi” olduğunu nümayiş etdirdi.

YAP-ın “yarıtmaz” diqnozu ilə buraxılmış parlamentdəki deputatlarından biri də 48 saylı Yevlax seçki dairəsindən mandat almış İlham Məmmədovdur. O İlham Məmmədov ki, yevlaxlılar ona xeyli vaxtdır, “makler” ləqəbi qoyublar. Yəni Yevlax camaatı onu deputatdan çox “makler” fəaliyyəti ilə tanıyırlar.

Yerli sakinlərlə söhbət zamanı öyrəndik ki, İlham Məmmədov kimlərisə hansısa vəzifəyə təyin etdirmək və müəyyən şəxslərin şübhəli işlərini yoluna qoymaq lazım olanda, yada düşür.

İlham Məmmədov Yevlaxda həm də “məclis adamı” kimi tanınır. Yevlaxlılar İlham Məmmədovun yemək-içmək məclislərinin adla deyildiyini bildirirlər. Təşkil etdiyi məclislərdə əlinə badə götürüb uzun-uzadı sağlıq deməkdən yorulmayan İlham Məmmədov nədənsə, Milli Məclisdə ağzını açıb ona mandat qazandırmış seçicilərin maraqlarını müdafiə üçün bir kəlmə söz də söyləmir. Nə biləsən, bəlkə bunun üçün də dolu badə tələb olunur…

Yeri gəlmişkən, İlham Məmmədov YAP tərəfindən deputatlığa namizəd irəli sürüldükdən sonra hər imkanda mandatın məhz ona veriləcəyini bəyan etməkdədir. Əslində, 48 saylı Yevlax Seçki Dairəsində qeydə alınmış digər namizədlərin kimliyinə baxdıqda, bu “rəqib”lərin sanki İlham Məmmədovun “qələbə”sinə mane olmamaq üçün bir araya toplandıqları təsəvvürü yaranır. Çünki İlham Məmmədovun formal alternativləri Yevlax rayonunda kiçik vəzifələr tutan xırda məmurlardır.

Bu mənzərənin müşahidəsi göstərir ki, “makler” İlham yenə də “danışılmış oyun”un içindədir. Kiminlə və necə “oynadığına” mütləq aydınlıq gətirəcəyik. (seçki.net)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi