Dmitri Medvedev: “Gələcək nəsillərə dondurulmuş yox, həll edilmiş münaqişə çatdırmaq vacibdir”
“Baş verənlərdən sonra əsas məsələ, məncə, həm Ermənistan, həm də Azərbaycanla tərəfdaşlıq və müttəfiq münasibətləri olan nüfuzlu dövlət kimi Rusiya Federasiyasından asılı olan hər şeyi etməkdir ki, bu münaqişə uzanmasın, permanent mərhələyə keçməsin”.
Gün.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Rusiya Federasiyasının Baş naziri Dmitri Medvedev “Vesti v subbotu” proqramına verdiyi müsahibəsində deyib.
D.Medvedevin fikrincə, indi əsas məsələ müvəqqəti barışıq elan etmək və danışıqlar masası arxasına keçməkdir. Rusiya Hökumətinin Sədri vurğulayıb: “Hadisələrin necə inkişaf etməsi və ən başlıcası, bundan da mühüm, nə etmək lazım olduğu haqqında öz təsəvvürlərim var”.
D.Medvedev bildirib ki, Rusiyanı həm Ermənistanla, həm də Azərbaycanla əsrlərə söykənən münasibətlər bağlayır. Baş nazir deyib: “Bizim xüsusi tarixi əlaqələrimiz, müəyyən dövrdə ümumi dövlətçilik tariximiz var. Tərəfdaşlıq münasibətlərimiz var. Biz sadəcə yanaşı yaşayırıq. Həm Ermənistandan, həm də Azərbaycandan xeyli sayda adam Rusiya Federasiyasında işləyir. Yəni o qədər çoxtərəfli əlaqələrimiz var ki, oxşar vəziyyətlərin yarandığı təqdirdə, həmkarlarımız bizə kömək, dəstək, Rusiya Federasiyasının məşğul olduğu vasitəçilik xidmətləri üçün müraciət edir. Ölkələrimiz arasındakı bağlılıq nəzərə alındıqda, Rusiyanın hazırkı vəziyyətdə rolu təbiidir”.
Azərbaycana və Ermənistana silah təchizatı ilə bağlı sualı cavablandıran D.Medvedev deyib: “Bizim münasibətlərimiz dövlətlərarası münasibətlərdir. Onlar sazişlərə, o cümlədən hərbi-texniki sahədəki əməkdaşlığa dair sazişlərə əsaslanır. Bir dəqiqəlik təsəvvür edək ki, Rusiya bu rolundan imtina edib. Biz gözəl başa düşürük ki, bu yer boş qalmayacaq. Silahı başqa ölkələrdən alacaqlar. Onun məhvetmə dərəcəsi azalmayacaq. Eyni zamanda, bu, mövcud balansı poza bilər. Biz tərəfdaşlarımızın tələbatını başa düşürük. Regiondakı qüvvələr nisbətini də hamı təsəvvür edir. Buna görə də əminəm ki, bu bazara başqa ölkələrdən silah təchizatçılarının gəlişi vəziyyəti yumşaltmayacaq. Fikrimcə, böyük ehtimalla, vəziyyət daha mürəkkəb olacaq”. D.Medvedev hesab edir ki, “silah təkcə nə vaxtsa istifadə olunmaq üçün yox, həm də çəkindirmə faktoru kimi alına bilər və alınmalıdır. Bu məqamı münaqişənin bütün tərəfləri dəyərləndirməlidir”.
Rusiya Federasiyası Hökumətinin Sədri qeyd edib: “Hamı münaqişənin həllində iştirak etmək, vəziyyəti dəyişmək istəyir. Bu mənada əksər siyasətçilər tamamilə haqlı olaraq gələcək nəsillər qarşısında məsuliyyətlərini dərk edirlər. Yəni gələcək nəsillərə dondurulmuş yox, həll edilmiş münaqişə çatdırmaq lazımdır”.