azia.az
azia.az

“Baku Medical Plaza”da əməliyyat olunan müəllimə ölüm ayağında

30-04-2019, 08:07

Bakı şəhər sakini, 117 saylı orta məktəbin müəllimi 40 yaşlı Lətafət Xanoğlan qızı Şirəliyeva bu ilin martın 2-də “Baku Medical Plaza” klinikasının Babək filialında qeysəriyyə əməliyyatı ilə körpə dünyaya gətirib. Amma 12 illik övlad həsrətinin sevinci cəmi 10 gün çəkib, qadının qarnı şişib, hərarəti yüksəlib, şiddətli baş ağrıları başlayıb. Buna görə də təkrarən əməliyyatı həyata keçirən həkim-ginekoloqun, Türkiyədən gəlmiş doktor Cəlaləddin Örnək-in qəbuluna gedib.
“Baku Medical Plaza”da əməliyyat olunan müəllimə ölüm ayağında
Müəllimənin başına gələnlərin ardını virtualaz.org-a onun həyat yoldaşı Baba Şirəliyev danışıb. B.Şirəliyevin sözlərinə görə, həyat yoldaşı hamiləlik dövründə həmin klinikada rəsmi qeydiyyatda olub, ayda ən azı 2 dəfə hərtərəfli həkim müayinəsindən keçib.
“Ginekoloq müayinə etdi, qan analizləri verdik. Dedilər ki, qanında hansısa mikrob tapılıb, müalicə edəcəyik, keçib gedəcək. Həkimin təyinatına əsasən xəstə bir neçə gün antibiotiklər qəbul etsə də, vəziyyəti yaxşılaşmadı. Təxminən 3-4 gündən sonra təkrar həkimə getdik”-qəhərdən boğulan və çətinliklə danışan Şirəliyev deyir.

Təkrar klinikaya müraciət edəndə ailəyə bildiriblər ki, dəqiq diaqnozu yalnız MRT müayinəsindən sonra deyə bilərlər, bu müayinə isə yalnız klinikada edilməlidir. Başqa klinikada aparılmış MRT müayinəsinin nəticəsini qəbul etməyəcəklər. Şirəliyevanı MRT növbəsinə yazıblar, bəlli olub ki, növbə çox olduğundan xəstə günlərlə gözləməlidir.

Beləliklə daha 3 gün vaxt itirilib, nəhayət ailənin təkidi ilə qadını KT müayinəsindən keçiriblər. Müayinə zamanı xəstənin qarın boşluğunda maye müşahidə edilib. “Yuxarı palataya çıxardılar, drenaj qoşdular ki, maye çölə axsın. 2 gün keçdi, vəziyyəti yaxşılaşmaq əvəzinə daha da pisləşdi. Buna görə də qarın boşluğundan əməliyyat etdilər, əməliyyatı türkiyəli həkim Taner Ercemik həyata keçirmişdi”, -şikayətçi deyir.


Yalnız bu əməliyyatdan sonra Baba Şirəliyevə bildiriblər ki, heç demə onun həyat yoldaşının kor bağırsağı partlayıbmış və nəticədə iltihab qarın boşluğuna yayılıb. Buna görə də bağırsağıdan 12 sm. kəsib götürməli olublar. Və xəstənin vəziyyəti yaxşılaşsa təkrar əməliyyat edəcəklər. Beləliklə, xəstə yaxınları çoxsaylı analizlərə, əməliyyata və s. görə klinikanın kassasına 17 min manatdan çox vəsait ödəyiblər. Xəstəyə 2 litrə yaxın donor qanı köçürülüb, amma müəllimənin vəziyyəti daha da pisləşib.

“Bu gün də çıxıb deyirlər ki, vəziyyəti kritik ağırdır, hər şeyə hazırlıqlı olun. Öz ayağı ilə xəstəxanaya gələn yoldaşımın bütün bədəni şişib, tanınmaz hala düşüb. Klinikaya indiyədək 17 min manat ödəmişəm, daha 17 min manat da borclu qalmışıq. Dedilər ki, qanı sürətlə düşdüyündən qan vurmaq lazımdır, ayrıca 900 manat da qan üçün ödəmişəm. Mən də, Lətafət də müəllim işləyirik, qohumlar köməklik edirlər. İndiyədək xərcləri birtəhər qohum-əqrəbanın köməyi ilə düzəldib vermişdik ki Lətafəti xilas edək”, -B.Şirəliyev deyir.

Və çarəsiz halda soruşur ki, kor bağırsağı şişmiş insanı 10 gün ərzində gah növbə, gah antibiotiklə müalicə adı ilə niyə yubadıblar, vaxtında dəqiq diaqnoz qoyub, müdaxilə etməyiblər? “İstəyirlər ki, onu klinikadan çıxarıb evə aparaq. Dedim ki, evimi sataram, təki Lətafəti sağaldıb versinlər”.
“Baku Medical Plaza”da əməliyyat olunan müəllimə ölüm ayağında
Klinikadan təqdim edilən arayışda göstərilir ki, L.Şirəliyevaya peritanit, septik şok, kəskin tənəffüs çatışmazlığı, ağciyərlərin kəskin respirator distres sindromu, laporatomiya sindromu diaqnozu qoyulub.

“Baku Medical Plaza”da əməliyyat olunan müəllimə ölüm ayağında

Mevlana Celalettin Örnek
“Baku Medical Plaza”da əməliyyat olunan müəllimə ölüm ayağında
Hazırda xəstə yaxınları ilə yanaşı 117 saylı məktəbin müəllim kollektivi də klinikanın qarşısına toplaşıb, çarəsiz halda iş yoldaşlarından xəbər gözləyirlər. Kollektiv bu insanlıq dramına müdaxilə etmək üçün saytımız vasitəsilə Səhiyyə Nazirliyinin rəhbərliyinə müraciət edir, kömək istəyir.

“Ümidimiz hər yerdən üzülüb, Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edirəm, bizə kömək etsin, yalvarıram”-Şirəliyev göz yaşları içində deyir.

Klinikanın Rafət adlı həkimi isə bildirib ki, xəstənin vəziyyəti ilə bağlı bütün məlumatları marketinq şöbəsindən almaq olar. “Ümumiyyətlə, bu xəbəri sizə kim sızdırıb?”-həmin şəxs xüsusi təəcüblə bildirdi. Əlavə etdi ki, əgər xəstənin vəziyyəti görülən tədbirlərə baxmayaraq yaxşılaşmırsa deməli şansı yoxmuş…

Əldə etdiyimiz məlumata görə həmin klinikada dünən də analoji əlamətlərlə daha bir qadın ölüb.

“Baku Medical Plaza”da əməliyyat olunan müəllimə ölüm ayağında

Taner Evcimik
“Baku Medical Plaza”da əməliyyat olunan müəllimə ölüm ayağında
Adının çəkilməməsini xahiş edən həkim-ginekoloq isə deyir ki, bu situasiyada çox güman kobud həkim səhvindən söhbət gedir.

“Əgər həkimlərin iddia etdiyi kimi xəstənin kor bağırsağı partlasaydı yaranan iltihab bir neçə saat ərzində özünü büruzə verməliydi. Böyük ehtimalla qeysəriyyə kəsiyi əməliyyatı zamanı xəstənin bağırsağını zədələyiblər və iltihab da oradan yaranıb. İkinci dəfə xəstənin qarın boşluğunda aparılmış əməliyyat və onun bağırsağının kəsilib götürülməsi isə cinayətin izlərini itirmək məqsədi daşıya bilərdi. Sual yaranır ki, xaricdən gələn həkimlər hansı icazə ilə həmin klinikada işləyir və əməliyyat edir? Özəl klinikalarda belə halların sayı-hesabı yoxdur. Mən məsləhət görərdim ki, həmin xəstənin yaxınları təcili qaydada hüquq-mühafizə orqanlarına, Baş prokuror Zakir Qaralova müraciət etsinlər, yoxlama başlasın”-mənbəmiz deyib.

“Baku Medical Plaza”da əməliyyat olunan müəllimə ölüm ayağında
“Baku Medical Plaza”da əməliyyat olunan müəllimə ölüm ayağında
“Baku Medikal Plaza”da yaşanan bu insanlıq dramı ilə bağlı situasiyanı nəzarətdə saxlayacağıq.

P.S.

Məqalə saytda yerləşdiriləndən sonra “Baku Medical Plaza”nın adından redaksiyamıza aşağıdakı məzmunda açıqlama göndərilib. Orada bildirilir: “Xəstə Lətafət Şirəliyeva 12.03.2019 qeysəriyyə əməliyyatı keçirib. Əməliyyatdan sonra yaxşı vəziyyətdə evə buraxılıb. Bir müddət sonra səhhəti pisləşdiyi üçün təkrar klinikaya müraciət edib. Dediklərinə görə, bir neçə gün ərzində qarın nahiyyəsində arabir kəskin sancılar keçirmişdi. Lakin xəstə qeysəriyyə əməliyyatından sonra belə sancıların normal olduğunu düşündüyü üçün vaxtında həkimə müraciət etməyib. Müayinə nəticəsində məlum olub ki, qeysəriyyə əməliyyatından bir neçə gün sonra xəstənin apendisiti partlamış, infeksiya bədəninə yayılıb Xəstə aprelin 3-də reanimasiyaya Pertanit, Septik şok, Kəskin tənəffüs çatışmazlığı, Ağciyərlərin kəskin respirator distress sindromu diaqnozu ilə yerləşdirilib. Təcili əməliyyat olunaraq abseslər təmizlənib, drenaj qoyulub. İnfeksiya nəticəsində bağırsaqlarında çürümə prosesi getdiyi üçün aprelin 8-də ikinci dəfə əməliyyat olunaraq bağırsaq möhtəviyyatın xaric edilməsi təmin edilib və stoma açılıb. Xəstə hal-hazırda reanimasiyadadır. Septik şok davam edir, vəziyyəti son dərəcə kritik ağırdır”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi