Türkiyədə 78 mindən çox insanda xərçəngin ilkin əlamətləri aşkar olunub
Türkiyənin Səhiyyə Nazirliyi tərəfindən əhali arasında ağız, bağırsaq və döş xərçəngi müayinələri aparılıb. Son təhlillərin nəticələrinə görə, 78 min 767 nəfərdə xəstəliyin ilkin əlamətləri aşkar olunub.
AZƏRTAC xəbər verir ki, araşdırmalara əsasən, ölkədə kişilər arasında xərçəngin ağ ciyər, prostat, yoğun bağırsaq və mədə, qadınlar arasında isə döş, uşaqlıq növləri daha çoxdur. Azyaşlılar arasında qan xərçənginə daha çox rast gəlinir.
Bu səbəbdən ölkədə xəstəliyin diaqnostikası mərkəzlərində döş, yoğun bağırsaq, uşaqlıq və ağız xərçəngləri üzrə müayinələr ödənişsiz aparılır. Bu günə qədər təxminən 4,5 milyon vətəndaş müayinələrdən keçirilib. Onlardan 196 min 844 nəfərdə xəstəliyin ilkin əlamətləri aşkar olunub.
Mütəxəssislər xəstəliyin yaranma səbəblərinin 90 faizinin ətraf amil, 10 faizinin isə genetik faktor olduğunu bildirirlər.