azia.az
azia.az

Talassemiya Mərkəzində postsovet məkanında ilk dəfə exchange transfuziya proseduru həyata keçirilib

1-11-2018, 17:35

Talassemiya Mərkəzində postsovet məkanında ilk dəfə exchange transfuziya proseduru həyata keçirilib

Oktyabrın 31-də Respublika Talassemiya Mərkəzində (RTM) bu mərkəzin icraçı direktoru Valeh Hüseynovun rəhbərliyi ilə bir qrup həkim tərəfindən postsovet məkanında ilk dəfə oraq hüceyrə xəstəliyində exchange transfuziya proseduru həyata keçirilib.
Valeh Hüseynov AZƏRTAC-ın müxbirinə eksklüziv müsahibəsində qeyd edib ki, müasir təbabətdə oraq hüceyrə xəstəliyinin ümumi müalicə üsulları ilə yanaşı yerli innovasiya metodikaları da mövcuddur. V.Hüseynov deyib: “Bu gün oraq hüceyrə xəstəliyindən əziyyət çəkən pasiyentə Azərbaycanda ilk dəfə olaraq, Yaponiyanın “Terumo BCT” şirkətinin avadanlığı sayəsində “Spectra Optia” aparatında exchange transfuziya proseduru həyata keçirilib. Əvvəllər bu prosedur 3-4 gün vaxt tələb edirdi, yəni xəstənin orqanizminə eritrositlər bu müddət ərzində hissə-hissə köçürülürdü. Bizim mərkəzdə uçotda olan 14 yaşlı Mikayıl İsrafilov üçün bu prosedur müvafiq proqram təminatının nəzarəti altında cəmi 54 dəqiqəyə həyata keçirilib. M.İsrafilova vaxtaşırı transfuziya aparılırdı. İki gün ərzində uşaqda halsızlıq, ürəkbulanma, sinə və kürək nahiyəsində ağrılar müşahidə olunurdu. Bununla əlaqədar, rayon xəstəxanasında ona mikrosirkulyasiyanı yaxşılaşdıran ağrıkəsici dərmanlar təyin edilmişdi. Lakin xəstənin vəziyyətində ciddi yaxşılaşma olmadığına görə, onun valideynləri Talassemiya Mərkəzinə müraciət ediblər.
Xəstə mərkəzə daxil olarkən onun ümumi vəziyyəti ağır olub. Transfuziya mübadiləsi üçün göstəricilər aşağıdakı kimi olub:
Exchange transfuziya prosedurundan əvvəl – 30.10.2018 hemoqlobin elektrofarezi
Hb A2 – 5,3 faiz, HbF – 19,7 faiz, Hbs – 64,5 faiz, hemoqlobin – 9,3 g/dl, Hemotakrit – 29.
Exchange transfuziya prosedurundan sonra – 31.10.2018 hemoqlobin elektrofarezi
Hb A2 – 4,1 faiz, HbF – 12,1 faiz, Hbs – 33,9 faiz, hemoqlobin – 11,3 g/dl, Hemotakrit – 33,4.
Bu məlumatlar arasında əsas amil S hemoqlobindir. Prosedur yerinə yetiriləndən sonra onun miqdarı demək olar iki dəfə azalıb. İndi uşağın valideynləri özlərini xoşbəxt hiss edir.
Bu prosedurun həyata keçirilməsi üçün Terumo BCT şirkətinin iki meneceri ölkəmizə ezam edilib: Yaponiya şirkətinin Tibb Departamentinin böyük elmi işçisi Anna Yudina (Bordo, Fransa) və Terumo BCT şirkətinin Dubay ofisinin meneceri Şila Doşi. Yeri gəlmişkən, Şila Doşi bu yaxınlarda Qətərdə də oxşar proseduru həyata keçirib. Bu əməliyyat postsovet məkanında nadir hadisədir. Onun yerinə yetirilməsi naminə şirkətin Qazaxıstandakı regional meneceri Anuar Botabayev, habelə Özbəkistandan və Qırğızıstandan olan mütəxəssislər Bakıya gəlib, öz ölkələrində bu dəhşətli xəstəlikdən əziyyət çəkən pasiyentlərə necə yardım göstərmək barədə fikir mübadiləsi aparıblar.
Sirr deyil ki, Respublika Talassemiya Mərkəzi regional əhəmiyyətli innovasiyalı elmi mərkəzdir. Onu da qeyd etmək istərdim ki, Yaponiya şirkəti artıq 8 ilə yaxındır bu mərkəzdə işləyir və həmin aparat sayəsində başqa protokollar üzrə dəfələrlə transplantasiya əməliyyatları aparılıb. Lakin eritrosit mübadiləsi protokolundan ilk dəfə istifadə edildi. Hazırda ölkəmizdə ciddi irsi qan xəstəliyi olan oraq hüceyrə xəstəliyindən əziyyət çəkənlərin sayı 250-dən çoxdur. Bu xəstəlik zamanı orqanizmi oksigenlə təchiz edən qırmızı qan hüceyrələri düzgün inkişaf etmir. Ümidvaram ki, gələcəkdə Terumo BCT şirkətinin müasir avadanlığından istifadə etməklə belə xəstələrin vəziyyəti yüngülləşəcək”.
Sonra Talassemiya Mərkəzində “Oraq hüceyrə xəstəliyində exchange transfuziya prosedurunun tətbiqi” mövzusunda elmi-praktik seminar keçirildi. Fransa, Gürcüstan, Orta Asiya və Yaxın Şərq ölkələrindən ekspertlərin iştirak etdiyi beynəlxalq simpoziumun əsas məqsədi səhiyyənin bu sahəsində aparıcı mütəxəssislərlə təcrübə mübadiləsi, habelə mərkəzdə aparılmış unikal prosedurun nəticələrini müzakirə etməkdir.
RTM-in icraçı direktoru Valeh Hüseynov, Terumo BCT şirkətinin Azərbaycandakı nümayəndəsi Arif Cəbrayılov, Yaponiya şirkətinin Qazaxıstandakı regional meneceri Anuar Botabayev və başqaları seminarda məruzələrlə çıxış etdilər.
Xatırladaq ki, 2005-ci il fevralın 8-də Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Azərbaycanda “Talassemiyasız həyat naminə” adlı layihənin həyata keçirilməsinin başlandığını elan edib. Bu proqram Azərbaycanda talassemiya xəstəliyinə qarşı mübarizədə dönüş yaradıb. Proqramın həyata keçirilməsi gedişində 2009-cu ilin may ayında Bakıda Respublika Talassemiya Mərkəzi açılıb. Mərkəz bu xəstəlikdən əziyyət çəkən pasiyentləri zəruri dava-dərman və ixtisaslı tibbi yardımla pulsuz təmin edir, ölkə ictimaiyyəti isə çox mühüm bir problemin həllinə - qan donorluğuna fəal qoşulub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi