Azərbaycan Türkiyə və Ukrayna şirkətləri birgə əczaçılıq zavodu yaradır
"Azərbaycan əczaçılıq məhsullarının birgə istehsalı üzrə Türkiyə və Ukraynanın bir neçə şirkəti ilə də danışıqlar aparır"
Bunu AzərTAc-a müsahibəsində Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
Nazir qeyd edib ki, artıq həmin şirkətlər tərəfindən müvafiq biznes plan və əsaslandırma sənədləri hazırlanır: "Eyni zamanda, Azərbaycanda əczaçılıq sənayesinin təşkilinə aparıcı Avropa şirkətlərinin cəlb edilməsi istiqamətində işlər görülür. Belə ki, İqtisadiyyat Nazirliyinin nümayəndə heyəti Almaniya və İsveçrəyə səfər edərək potensial tərəfdaş şirkətlərlə müzakirələr aparıb. Qeyd edilən görüşlərdə Almaniya və İsveçrə şirkətləri Azərbaycanda əczaçılıq məhsullarının istehsalı sahəsində əməkdaşlığa dair maraqlarını ifadə ediblər. Məsələn, dünyanın bir sıra aparıcı əczaçılıq şirkəti ölkəmizdə yaradılacaq əczaçılıq istehsalı müəssisəsində patent hüququ qorunan dərmanlarının qablaşdırılmasının təşkilinə maraqlarını bildiriblər".
Ş.Mustafayev bildirib ki, əczaçılıq zavodları ilə yanaşı, tibbi təyinatlı digər məhsulların da ölkəmizdə istehsalına investorlar tərəfindən maraq var: "Məsələn, hazırda birdəfəlik şprislərin istehsalı layihəsinin icrası ilə bağlı işlər aparılır".
Nazir xatırladıb ki, ötən ilin noyabr ayında Pirallahı Sənaye Parkında Rusiya ilə birgə müəssisənin - Almaniya və İtaliyanın aparıcı şirkətlərinin mühəndislik işlərindən istifadə olunmasını nəzərdə tutan əczaçılıq zavodunun təməli qoyulub:
"İnvestisiya dəyəri 74 milyon ABŞ dolları olan zavodda onkologiya, QİÇS, sinir sistemi, kardio-vaskulyar, diabet, sümük-əzələ və tənəffüs sistemi təyinatlı dərmanlar, antibiotiklər, virus və diareya əleyhinə preparatlar, həmçinin rentgen-kontrast və maqnit rezonans müayinələr üçün əlavələr istehsal ediləcək. Ümumilikdə, zavodda birinci mərhələdə 58 təsiredici maddə üzrə 89 çeşiddə dərman vasitələri istehsal olunacaq. Zavodun illik istehsal gücü 22,5 milyon qutu və ya 500 milyon ədəd həb və kapsul təşkil edəcəkdir. Gələcəkdə istehsal daha da genişləndiriləcək".
O əlavə edib ki, bununla yanaşı, yanvar ayında İran ilə də birgə müəssisə formasında əczaçılıq zavodunun təməlinin qoyulması nəzərdə tutulur: "İstehsal müəssisəsinin yaradılmasının mərhələli şəkildə icrası planlaşdırılır. Birinci mərhələdə həb və kapsul, ikinci mərhələdə ampul və flakon, üçüncü mərhələdə isə daha geniş çeşiddə antibiotik dərmanların istehsalı planlaşdırılır. Layihənin birinci mərhələsinin dəyəri 20,5 milyon ABŞ dolları təşkil edəcək və bu zaman 54 təsiredici maddə üzrə 84 çeşiddə ağrıkəsici, vitamin, iltihab əleyhinə vasitə və antibiotik, kardiovaskulyar, antihistamin və antiallergik, qan təzyiqi problemləri, göbələk, sinir sistemi və qastroenteroloji xəstəliklərə qarşı dərman vasitələri istehsal ediləcək".