Azərbaycanda COVİD-19 sürətlə yayılır - ÜST
Avropa regionuna daxil olan altı ölkədə (Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Rusiya və Ukrayna) son iki həftədə COVID-19-a yeni yoluxma hallarının sayı iki dəfədən çox artıb, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regionu üzrə direktoru Hans Klüge bildirib.
"İndi effektiv tədbirləri ləğv etmək vaxtı deyil. Təkcə keçən həftə regionun 25 mindən çox sakini koronavirusa yoluxma nəticəsində vəfat edib. Səhiyyə sistemlərinin yükü artıb. Bunun əsas səbəbi odur ki, tibb işçiləri arasında da xəstələnmə halları çoxalır. Tibbi heyət arasında xəstələnmə hallarının sayı son bir ayda 30 mindən 50 minə qədər artıb. ", - deyə ÜST rəsmisi vurğulayıb.
Doktor Klügenin fikrincə, xəstəliyin ağırlaşmasından və ölümdən qaçmaq üçün ən yaxşı vasitə vaksinasıyadır. Bu, hazırda yayılmaqda olan COVID-19 virusu variantlarının hamısına aiddir. Yüksək risk qrupuna daxil olan insanların çoxu hələ də müdafiə olunmayıb. Bosniya və Herseqovina, Bolqarıstan, Qırğızıstan, Özbəkistan və Ukraynada yaşı 60-dan yuxarı olan insanların 40%-dən az hissəsi tam vaksinasiyadan keçib.
"Mən ölkələrin hökumətlərini, səhiyyə orqanlarını və müvafiq tərəfdaşları vaksinlərə tələbatın azalmasına və yerli səviyyədə vaksinlərin əhali tərəfindən qəbul edilməməsinə gətirib çıxaran səbəbləri diqqətlə təhlil etməyə, yerli şəraitin xüsusiyyətləri nəzərə alınmaqla vaksinasiya səviyyəsini təcili artırmaq üçün müvafiq tədbirlər hazırlamağa çağırıram", deyə o bildirib.
Fevralın 17-ə Azərbaycanda 752.605 koronavirus infeksiyasına yoluxub, 9.105 nəfər ölüb. Ölkədə 12.549.963 nəfər vaksin vurdurub,Bir doza vaksin vurduranların sayı 5.270.596, iki doza vurduranların - 4.766.430, "buster" dozası qəbul edənlərin sayı isə - 2.512.937 nəfərdir.