azia.az
azia.az

Qadınların seçkilərdə fəallığı mütləqdir -ŞƏRH

30-07-2024, 18:51

Demokratiya oradan başlar
  
Onların siyasi arenada daha çox yer alması üçün partiyalar da öz proqramlarına diqqət yetirməlidirlər
 
 
 Qadınların seçkilərdə iştirakı məsələsi müzakirə edilib.  Ötən günlərdə Azərbaycan Milli Məclisinə 2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasının (MSK) Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə layihəsi çərçivəsində dəyirmi masa təşkil edilib.
İclas zamanı MSK müxtəlif statuslu seçki iştirakçılarını əhatə edən genişmiqyaslı maarifləndirmə proqramı əsasında gerçəkləşdirilən layihənin cəmiyyətdəki aktiv mövqeyi, məqsədyönlü fəaliyyətləri, Azərbaycan qadınlarının qarşıdan gələn seçkilərdə fəallıqlarının daha da yüksəldilməsi üçün yaradılan geniş və hərtərəfli imkanlar müzakirə edilib.
 Qurumlararası sıx əməkdaşlıq sayəsində ərsəyə gələn müxtəlif layihələrin qadınların seçkilərdə azad və sərbəst fəaliyyətinin təkmilləşdirilməsi, məlumatlılığının artırılması, fəallığı baxımından mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.
 Tədbirdə çıxış edən Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov qurumlararası sıx əməkdaşlıq sayəsində ərsəyə gələn müxtəlif layihələrin qadınların seçkilərdə azad və sərbəst fəaliyyətinin təkmilləşdirilməsi, məlumatlılığının artırılması, eyni zamanda fəallığı baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
O bildirib ki, ölkəmizdə keçirilən seçkilərdə qadınların rolu çox böyükdür. Həmçinin seçicilərimizin çoxu qadınlardır. Seçkilərdə fəallığı baxımından ən gözə görünməyən, amma effektli olanlar da qadınlardır.
 Qadınların seçkidə iştirakı və aktiv fəaliyyəti ilə bağlı “Sherg.az”a danışan “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri, QHT.az saytının rəhbəri Cəsarət Hüseynzadə deyib ki, Azərbaycanda qadınların seçkilərdə fəallığının artırılması üçün müxtəlif addımlar atılmalıdır: 
“İlk növbədə, qadınların hüquqları və imkanları barədə maarifləndirmə işləri gücləndirilməlidir. Seçkilərdə qadınların fəal iştirak etməsi üçün cəmiyyətin hər səviyyəsində məlumatlandırma kampaniyaları aparılmalıdır. Bu kampaniyalar televiziya, radio, sosial media və digər kommunikasiya vasitələri ilə həyata keçirilməlidir.
Azərbaycan tarixən qadınların siyasi hüquqlarının təminatı sahəsində yalnız müsəlman ölkələri arasında deyil, bəzi Qərb ölkələri ilə müqayisədə də qabaqcıl olub. Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci ildə qəbul etdiyi İstiqlal Bəyannaməsi ilə bərabərhüquqluluq prinsipini, seçmək və seçilmək hüququnu təsbit etməklə yanaşı, Şərqdə ilk dəfə qadınlara səsvermə imkanı verib. Müqayisə üçün qeyd etmək lazımdır ki, ABŞ-də qadınlara ilk dəfə 1920-ci ildə, Fransada 1944-cü ildə, İsveçrədə isə yalnız 1971-ci ildə səsvermə hüququ verilib. Bu tarixi faktlar göstərir ki, Azərbaycan qadınların seçki hüquqları sahəsində öncüllərdən biri olub”.
 Hüquqi əsaslara istinad edən Birlik sədri xatırladıb ki, Azərbaycan Respublikasının Konstitusiyası hamının qanun və məhkəmə qarşısında bərabərliyini nəzərdə tutur:
"25-ci maddə kişi və qadının eyni hüquq və azadlıqlara sahib olduğunu təsbit edir. Əlavə olaraq, dövlət irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. 2006-cı ildə qəbul edilmiş “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanunun məqsədi isə cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarını aradan qaldırmaq və gender bərabərliyini təmin etməkdir”.
 
 C.Hüseynzadənin sözlərinə görə, Azərbaycanda sonuncu  parlamentə seçilənlərin 18.6 faizi qadınlar təşkil edir. Keçən illərlə müqayisədə pozitiv tendensiya mövcuddur:
 “Belə ki, 1990-cı ildə parlamentə seçilənlərin 4.3 faizi, 1995-ci ildə 12.1 faizi, 2000-ci ildə 10.7 faizi, 2005-ci ildə 11.2 faizi, 2010-cu ildə 16 faizi və 2015-ci ildə 16.8 faizi qadınlar idi. Parlamentdə komitə sədrlərinin cins nisbəti də deputatların cins nisbəti ilə üst-üstə düşür. 15 komitə sədrindən ikisi qadındır (13.3 faiz). 2016-cı il göstəricilərinə görə də Azərbaycan ATƏT regionu ölkələri arasında qadın deputatlarının sayına görə 56 ölkə arasında 42-ci yerdə qərarlaşmışdır”.

 QHT sədri qadınların fəallığını artırmaq üçün  öz təkliflərini verib. Onun sözlərinə görə, qadınların liderlik potensialını artırmaq üçün müxtəlif təlim və seminarlara ehtiyac var: 
“Bu təlimlərdə qadınlara liderlik, siyasi fəaliyyət və seçki prosesləri barədə bilik və bacarıqlar öyrədilməlidir. Bununla yanaşı, qadınların siyasi arenada uğur qazanmış digər qadınlarla tanış olması və onlardan ilham alması üçün mentorluq proqramları təşkil edilməlidir. Qadınların seçkilərdə fəallığını artırmaq üçün dəstək mexanizmləri də gücləndirilməlidir. Xüsusilə, işgüzar qadınların iş saatlarını tənzimləmək və seçki proseslərində iştirak etmələrinə imkan yaratmaq üçün işəgötürənlərlə əməkdaşlıq edilməlidir. Uşaq baxımı kimi sosial dəstək xidmətlərinin artırılması da qadınların seçkilərdə daha fəal iştirak etməsinə kömək edər. Qadınların siyasi arenada daha çox yer alması üçün partiyalar da öz proqramlarına diqqət yetirməlidir. Qadın kvotalarının tətbiqi və partiya strukturlarında qadınların təmsil olunmasına xüsusi diqqət yetirilməsi vacibdir. Bu, qadınların siyasi fəaliyyətlərə cəlb edilməsini təmin edə bilər.
Nəhayət, cəmiyyətdə qadınların rolu və əhəmiyyəti barədə ictimaiyyətin düşüncələrini dəyişdirmək üçün mədəni və təhsil tədbirləri də vacibdir. Məktəblərdə, universitetlərdə və ictimaiyyət arasında gender bərabərliyi barədə maarifləndirmə aparılmalıdır. Qadınların seçkilərdə fəal iştirak etməsi cəmiyyətin demokratik inkişafı üçün mühüm addımdır və bu yöndə hər birimizin töhfəsi vacibdir”.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi