azia.az
azia.az

Ceyhun Məmmədov: "Nə qədər gec deyil, Ermənistan ayılmalıdır” FOTO

17-07-2021, 21:51

“Bura erməni vəhşiliynə məruz qalan, Prezident İlham Əliyevin divarına daş hördüyü, hazırda Heydər Əliyev Fondunun bərpa etdiyi Zəngilan məscididir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bütün tarixi-dini abidələrimizi bərpa edəcəyik. Ermənilər nə qədər çalışsalar da Azərbaycan xalqının izlərini bu yerlərdən silə bilməyiblər”.
Ceyhun Məmmədov: "Nə qədər gec deyil, Ermənistan ayılmalıdır” FOTO
120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsinin Millli Məclisdə təmsil edən deputat Ceyhun Məmmədov bu fikirləri özünün sosial şəbəkədəki şəxsi səhifəsində yazıb və bərpa prosesinə başladılan Zəngilan məscidinin yanından foto paylaşıb. Məlum olduğu kimi, C.Məmmədov özü Cəhrayılın Şükürbəyli kəndindəndir. Bu mənada Qarabağa hər səfəri onun üçün toy-bayramdır.

“Yeni Müsavat” olaraq elə Qarabağ səfərinin davam etdiyi gündə millət vəkili ilə əlaqə saxlayıb təəssüratlarını bölüşməsini istədik, aktual məsələlərlə bağlı suallarımıza cavab istədik, məmnuniyyətlə razılaşdı.

- Ceyhun bəy, bilirik ki, azad Qarabağa ilk səfəriniz deyil. Budəfəki səfərinizdə məqsəd-məram nə idi?

- Azərbaycan Dövlət Televiziyasının “Əsas məsələ” verilişində iştirak etmək məqsədilə getmişdik. Səfər zamanı Horadiz-Ağbənd dəmir yolu, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunda həyata keçirilən tikinti işləri, Zəngilanda inşa olunan Ağıllı kənd layihələri ilə tanış olduq. Böyük tikinti və quruculuq işləri həyata keçirilir bu ərazilərdə. Tarixi torpaqlarımıza qayıdacağımız gün uzaqda deyil.

- Qarabağda icra olunan işlərin, həyata keçirilən layihələrin intensiv xarakter alması hər birimizi sevindirir. Artıq prezident sərəncamı ilə Şərqi Zəngəzur və Qarabağ iqtisadi zonaları yaradılıb. Səfər günlərində diqqətinizi çəkən əsasən nələr, hansı layihələr oldu?

- İki məqam xüsusi diqqət çəkir. Bir işğal olunan əraziləri ermənilər ölü şəhərlərə çeviriblər. Həyat sanki durmuşdu bu ərazilərdə. Bu müddətdə ermənilər bir daşı-daş üstünə qoymayıblar. Heç bir iş görülməyib. Ancaq dağıdıblar.

Digər məqam Prezident İlham Əliyevin rəhbərliyi ilə bölgədə böyük tikinti və quruculuq işlərinin həyata keçirilməsidir. Hazırda böyük infrastruktur layihələri həyata keçirilir.

- Cəbrayıla, öz evinizə-əgər qalıqları qalıbsa, baş çəkmisinizmi? Ağır da olsa, təəssüratlarınızı bölüşə bilərsiniz?



- Bizim kənd Zəngilan yolunun üzərində yerləşir. Təəssüf ki, hər şey yerlə yeksan olunub. Yalnız divarların qalıqları qalıb. Ağır hisslərdir. Təsəvvür edin yol boyu gedirsən böyüyüb başa çatdın, hər yer dağıdılıb. Bir dənə salamat bina görmürsən. Ermənilərin törətdikləri vəhşiliyin miqyası həddən artıq böyükdür. Ancaq Cənab Prezidentin qeyd etdiyi kimi biz qısa müddətdə bütün əraziləri bərpa edəcəyik, həmin yerlərə yenidən həyatı qaytaracağıq. Bu yerlərdən yenidən uşaq səsləri gələcək. O gün uzaqda deyil.

- Ceyhun bəy, iyulun 14-dəki çıxışında Prezident növbəti dəfə tarixi Azərbaycan ərazilərindən bəhs etdi, mesajlar verdi, xəbərdarlıqlar etdi. Sizcə, bu, nəyin, hansı proseslərin anonsu idi?

- Ermənistan bu xəbərdarlıqlardan nəticə çıxarmalıdır. Biz hələ ki, səbr edirik. Bu dəfə də dərs çıxarılmasa, nəticəsi çox ağır olacaq. Necə ki, 44 günlük müharibə dövründə düşmən fəlakətli tale yaşadı. Düzgün nəticə çıxarılmasa, Azərbaycanın cəzası çox ağır olacaq. Ermənistan bunu anlamalıdır. Azərbaycan bütün variantlara hazırdır, müharibə etmək lazım gəlsə, onu da edəcək.
Ceyhun Məmmədov: "Nə qədər gec deyil, Ermənistan ayılmalıdır” FOTO
- Bu günlərdə separatçıların fəallaşması müşahidə olunur. Odur ki, Qarabağda antiterror əməliyyatının keçirilməsi, Şuşaya, digər ərazilərə erməni terrorçularının məhv edilməsi zərurətindən çox danışılır. Deyilənlərlə razılaşırsınızmı?

- Təbii ki, narahatlıqlar var. Son günlər Şuşada baş verənləri nə ilə izah etmək olar? Rusiya sülhməramlı qüvvələrinin olduğu ərazilərdən Azərbaycana atəş açılır. Niyə qeyri-qanuni silahlı qüvvələr bu günə kimi tərki silah olunmayıb? Niyə Ermənistanın 11 noyabr razılaşmasını pozmasına reaksiya verilmir? Görünür, erməniləri başqa yolla başa salmaq mümkün olmayacaq. Əgər ermənilər nəticə çıxarmasalar, sülhə hazır olmasalar, Azərbaycan hədəf və məqsədlərinə çatmaq üçün bütün yolları sınaqdan keçirəcək. Onlar Şuşa Bəyannaməsinin bəndlərini bir də yaxşı-yaxşı oxusunlar.

- Ermənistanın baş naziri Paşinyan növbəti dəfə cəfəng iddialar səsləndirib, Azərbaycanı Ermənistanı blokadada saxlamağa maraqlı olmaqda ittiham edib, Zəngəzur dəhlizi ilə bağlı üçtərəfli bəyannamədə heç bir müddəanın olmadığını deyib. Ermənistan rəhbərliyinin dilinin uzanmasına səbəbkarlar kimlərdir, həmsədrlərmi?



- Birinci, Ermənistanın blokadada olmasının əsas günahkarı məhz Ermənistandır. Bu günə kimi Ermənistan Azərbaycanın bir neçə rayonunu işğal altında saxlayır. Ermənistan davamlı olaraq atəşkəsi pozur, sonra da atəşkəslə bağlı imitasiya yaradır. Digər bir məsələ var, Paşinyana belə bir sula vermək lazımdır: Naxçıvanı neçə ildir blokadada saxlayan, bölgədə sülh və gərginlik yaradan kimdir?

Ermənistanın özünü belə aparmasının əsas səbəbkarı onun havadarları və beynəlxalq qurumlardır. Onlar Ermənistana düzgün istiqamət verməlidirlər. Ermənistan özü də nə qədər gec deyil, ayılmalıdır.

- İrəvan anlaşmanı pozmaqda davam edərsə, Azərbaycan güc yolu ilə üçtərəfli razılaşmada əksini tapan müddəaların icrası, Zəngəzur dəhlizinin açılması istiqamətində hərəkətə keçə bilərmi?

- Prezident bu məsələ ilə bağlı mövqeyini dəfələrlə bildirib: “Əgər Şərqi Zəngəzur varsa, deməli, Qərbi Zəngəzur da var. Bəli, Qərbi Zəngəzur bizim dədə-baba torpağımızdır. Demişəm ki, biz oraya qayıtmalıyıq”. Bu dəhliz Ermənistan özü istəyərək ya da məcbur edilərək öz həllini tapacaq.

- Ceyhun bəy, elə doğma yurdda olduğunuz anda seçicilərinizlə bağlı da suallar verim. Düzdür, hələ ki, məcburi köçkünlər öz ev-eşiyinə dönə bilmir, bərpa prosesi getdiyi üçün. Amma istənilən halda müxtəlif şəhər və rayonlarda yaşayan seçicilərinizlə görüşürsünüz və biz də izləyirik. Maraqlıdır, onlar sizin parlament fəaliyyətiniz haqda nə deyirlər? Seçicilərinizin sözünü çatdıra bildinizmi geridə qalan iki sessiyada?

- Bəli, seçicilərimlə davamlı şəkildə görüşürük. Respublikanın 54 rayonunda məskunlaşan əhalimizlə silsilə görüşlərimiz olur. Qayğıları ilə maraqlanır, müraciətlərini aidiyyatı qurumlara yönləndirirk. Bütün şəhid ailələri və qazilərimiz diqqətimizdədir. Davamlı olaraq əlaqə saxlayırıq. Hər biri dövlətimizin diqqət və qayğısı ilə əhatə olunublar. Bu sessiyada da çalışdıq aktiv olaq. Komitə iclaslarında və plenar iclaslarda çıxış etdik, insanlarımızı düşündürən məsələləri qaldırmağa çalışdıq. Hesab edirəm seçicilərimiz özləri daha dəqiq fikir söyləyə bilərlər. Bu müddətdə çalışdıq ki, onların parlamentdə səsi olaq.

- Maraqlıdır, bu il yay tətilini harada keçirəcəksiniz, Qarabağdamı?

- Bu barədə düşünmək üçün çox imkan olmayıb, iş çoxdur. Böyük məmnuniyyətlə yay tətilimi Qarabağda keçirərdim. Bundan gözəl nə ola bilər? Ancaq bildiyiniz kimi, hələlik mina təhlükəsinə görə müəyyən məhdudiyyətlər var. İnşallah hər şey qaydaya düşsün, bütün məzuniyyətlərimizi Qarabağımızda keçirəcəyik, o gün uzaqda deyil. Bir neçə gün bölgələrimizdən birində istirahət etmək barədə düşünürəm. Bu daha çox işlərin az və ya çox olmasından asılıdır. Ola bilər yarımçıq işləri tamamlamaq üçün heç məzuniyyətə də çıxmadıq.

Elşad Paşasoy,


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi