azia.az
azia.az

Kitab almağa pul tapmayan və Ginnesin rekordlar kitabına düşən İosif Kobzon

10-10-2018, 01:26

Kitab almağa pul tapmayan və Ginnesin rekordlar kitabına düşən İosif Kobzon


Sentyabrın 11-də İosif Kobzonun 81 yaşı tamam olacaqdı. Yaş üçün bu rəqəm o qədər də az deyil. Amma buna baxmayaraq Kobzon heç vaxt rəqəmlərin fərqinə varmayıb. Elə 20-30 il öncə necə vardısa, eləcə də həyat ritmini saxlamağı bacarıb. Ölkəsinin ictimai həyatında, siyasi fəaliyyətində, ən başlıcası isə yaradıcılığında əvvəlki illərdən də artıq fəal olub. Öz təbirincə desək, təqaüdçü ovqatını özünə yaxın buraxmayıb. Heç vaxtını saatlarla nəvələri ilə keçirmək haqqında da düşünməyib. Ümumiyyətlə, o evdə oturmağı sevməyib. Dünyanın ən gözəl, ən dəbdəbəli mənzili belə ona darıxdırıcı görünüb. Çünki o, hərəkəti, dinamikanı sevən insan idi. Elə ömrünün sonuna qədər də belə yaşadı...

İosif Kobzonun uşaqlıq illəri ən ağır bir dövrə, Böyük Vətən müharibəsi illərinə təsadüf edib. Özünün söylədiyi kimi, həmin illər, Donetskdə 8 ailənin yaşadığı kommunal mənzildə onun yaddaşında ancaq dəfn mərasimləri qalıb:

“Əvvəl səs-küy düşürdü, ağlaşma səsləri eşidilirdi və biz artıq bilirdik ki, bir azdan kimisə dəfn edəcəklər. Atam 1943-cü ildə cəbhədən kontuziya ilə qayıtmışdı, iki dayım isə müharibədə həlak olmuşdular. Sonra atam müalicə üçün Moskavaya getdi, orada başqa bir qadını sevdi, evləndilər və bir daha o evimizə qayıtmadı. Anamın üzü heç vaxt gülməzdi. İlk dəfə onun üzündə təbəssümü Qələbə günü görmüşəm. Səhər tezdən məhəllədə yenə də səs-küy idi. Yuxulu-yuxulu yenə də filirləşirdim ki, bir azdan kimisə dəfn edəcəklər. Anam otağa girdi, gözü yaşlı idi, ancaq üzü gülürdü, başımı sığalladı və pıçıltılı səslə dedi: “QƏLƏBƏ”. Mən və həmyaşıdlarım bu sözün böyük mənasını tam başa düşməsək də öz uşaq düşüncəmizlə bayram etdik. Həyat tərzi çox ağır idi. Məktəbdə bəzən yazmağa kağız-qələm tapılmırdı. Kitab əldə etmək isə, bu artıq böyük bir hadisə sayılırdı. Yaşadığımız evin yaxınlığında kitab dükanı var idi. Tez-tez ora gedirdik, kitabların qoxusu bizə ləzzət edirdi. Ancaq almağa pulumuz olmurdu. Elə bəlkə də kitabın böyük hədiyyə sayılması o illərdən qalıb...”
Bütün çətinliklərə baxmayaraq, balaca İosif məktəbdə əla qiymətlərlə oxuyub. 8-ci sinifi bitirdikdən sonra Dnepropetrovskidə Dağ-mədən texnikumuna qəbul olunub. O, bu təhsil ocağını gələcək həyatının peşə yönümünü müəyyənlədirmək üçün yox, təqaüd almaq seçib. Anasının maddi yükünü azaltmaq üçün bu texnikumda təhsil almağa qərar verib.

Hələ məktəb illərindən rayon, vilayət tədbirlərində diqqəti cəlb edən ifaları ilə Kobzon öz istedadını nümayiş etdirməyi bacarıb. Məktəblilərin Ümumittifaq Musiqi festivalının qalibi olan Kobzon 1946-cı ildə Kremldə Stalinin qarşısında çıxış edib. İki il sonra 1948-ci ildə yenidən ona rəhbərin qarşısında çıxış etmək qismət olub. Və beləliklə, İosif Kobzon hələ uşaqlıq və yeniyetməlik illərindən kiçik bir əyalətdən böyük Kremlə doğru inamla addımlağa başlayıb.

Hərbi xidmət illərində də Kobzonun səsi yüksəkçinli komandirləri tərəfindən onu hörmət sahibi edib. Kobzon Qafqaz hərbi dairəsi ansamblının solisti olub. Və elə əsgərlik illərində o xəyallarında gələcək həyatını müəyyənləşdirib – hökmən musiqi təhsili almalı, istedadını batırmamalıdır.

Hərbi xidmətdən qayıtdıqdan sonra Kobzon öz doğmalarına Moskavada təhsil almaq arzusunu bildirib. Anasından başqa hamı Kobzonun bu arzusuna gülüb: “Yeməyə çörək tapmırıq, sən Moskvada oxumaq xəyalına düşmüsən, bu alınan iş deyil...”

İosif Kobzon qərarında qəti olub. Bir neçə ay Dnepropetrovskda Kimya institutunnda laborant kimi çalışıb, Moskvaya getmək üçün yolpulu yığıb...

Bu yol Kobzon üçün uğur yolu olub. O, Moskvada Dövlət Musiqi-Pedaqoji İnstitutuna qəbul olunub.

Məqsədinə doğru inamla irəliləməyi bacaran, açıq fikirli, əziyyətdən qorxmayan Kobzon qısa bir müddətdən sonra populyar müğənnilərin sırasında yer alıb. Qastrollar, ezamiyyətlər, səfərlər uğurlarla maşayiət olunub. Bir-birinin ardınca fəxri adlar, mükafatlar Kobzonu yolundan azdırmayıb. O nə qədər mükəmməl bir sənətkar olsa da, özündən böyüklərdən öyrənməyə çalışıb. Amma özünü heç kimə oxşatmaq, bənzətmək istəməyib və beləliklə də musiqi sənətində yeni iz, yeni cığırlar salıb.
İosif Kobzonun şəxsi həyatı yaradıcılıq karyerası kimi uğurlu alınmayıb. 1965-ci ildə İosif Kobzon populyar estrada müğənnisi Veronika Kruqlova ilə ailə həyatı qurub. Hər iki məşhurun ayrı-ayrılıqda qastrolları, məşqləri, çəkilişləri özlərinə, qarşılıqlı münasibətlərə vaxt ayırmağa imkan verməyib. Nikahda olduqları iki il ərzində çütlük, demək olar ki, bir yerdə yaşamayıb. Və 1967-ci ildə iki populyar müğənni ayrılmaq məcburiyyəti qarşısında qalıblar. Əvvəldən də Kobzonun anası bu nikaha razı olmayıb, məşhur estrada ulduzunun ailə xanımına çevrilməyəcəyini oğluna anladıb.


Elə həmin il İosif Kobzon yenə də anasının narazı olmasına baxmayaraq, tanınmış aktrisa Lyudmila Qurçenko ilə ailə həyatı qurub. Bu nikah da Kobzona xoşbəxtlik gətirməyib. Sonralar Qurçenko qeyd edib ki, Kobzonla ailə qurması həyatının ən böyük səhvi olub. Aralarında baş verən mübahisələr, dava-dalaş, ittihamlar, iddialar bu nikahı da pozub. Ayrıldıqdan sonra 40 il müddətində Kobzonla Qurçenko bir-birlərini danışdırmayıblar, hətta eyni tədbirdə üz-üzə gəlməmək üçün elə vaxtlar olub ki, hər hansı biri tədbirə dəvətdən imtina edib.

Nəhayət, İosif Kobzon 1970-ci ildə arzuladığı xanımla rastlaşıb. Bu yəhudi ailəsində tərbiyə almış Ninel Drizina (Kobzon ona Nelli deyə müraciət edib) idi. Ən əsası isə Ninel Drizinanın mümkün imkanlarına baxmayaraq, şou-biznesə qatılmaq həvəsində olmaması idi. Bu xanım Kobzonun anasının da ürəyincə olub.

Həyat yoldaşından 13 yaş balaca olan Nelli Kobzon ailəyə iki böyük sevinc bəxş edib, onların əvvəlcə oğul övladı Andrey, sonra isə Natalya dünyaya gəlib.

Xoşbəxt ailəni isə qarşıda daha bir sınaq gözləyib. 2002-ci ildə İosif Kobzonda xərçəng xəstəliyi aşkar olunub. Xəstəliyin aşkar olunması Kobzonu çox da sarsıtmayıb. Sadəcə, onu sarsıdan xəstəliyi haqqında həyat yoldaşına necə xəbər verəcəyi olub. Həmin anları Kobzon belə xatırlayıb:

“Xəstəlik aşkar olundu. Müayinələrin nəticələrinə görə məndə xərçəng xəstəliyi var idi. Mən bu haqda Nelliyə necə xəbər verəcəyimi düşünürdüm. Görüşdük. Hər şeyin qaydasında olduğunu dedim. O, ikinci dəfə də səhhətimlə bağlı təkidlə sual təkrar etdi. Mən həqiqəti dedim. Nelli isə çox soyuqqanlılıqla bir cümlə dedi: “Demək, ciddi müalicə olunacağıq...”
Beləliklə, ciddi müalicələr başlanıb, bir neçə dəfə isə çərrahi əməliyyatlar keçirilib. Cütlük zaman-zaman xərçəngi özlərinə təslim ediblər. Nelli milyonların sevimlisini bütün varlığı ilə qoruyub. Hətta İosif Kobzon yatağında 15-20 dəqiqə artıq uzananda Nelli onu yataqdan “qovub”. Kobzon yenidən səhnələrdə saatlarla konsert verib, siyasi fəaliyyətini davam etdirib, Dumanın deputatı kimi yenə də öz işinin başında olub.

İosif Kobzon titullarına görə rəsmi olaraq Ginnesin rekordlar kitabına düşüb. Onun 150-dən artıq titulu var. Daha bir rekord göstərici isə Kobzonun Kremldəki 10 saat davam edən konsertidir.

İosif Kobzon ötən il 80 illik yubileyini də böyük təntənə ilə qarşılayıb. Qeyd edək ki, həmin ərəfədə Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında mədəni əlaqələrin inkişafında böyük xidmətlərinə görə İosif Davıdoviç Kobzonu “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edib.

İlham Cəmiloğlu, xüsusi olaraq Musavat.com üçün


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi