Abşeron qalalarından biri də Bakının Bilgəh qəsəbəsində yerləşir. Digər qalalardan fərqli olaraq, bu tarixi abidə hər insanın qarşısına çıxmır. Niyəsini indi biləcəksiniz.
Həmçinin Qız qalası adlandırılan Bilgəh qalası haqqında məlumat, eləcə də tikilinin fotoları çox azdır.
Tarixi mənbələrdən məlum olan budur: Qala XIII-XIV əsrlərdə Şirvanşahlar dövründə ağ daşdan tikilib. Yalnız bir hissəsi dövrümüzə gəlib çatmış bu müdafiə və müşahidə qalasından uzun müddət mayak kimi istifadə olunub. Vaxtilə gəmilərin gecə saatlarında sahili tapması, yolu azmaması üçün qalaçanın üzərində məşəl yandırılırmış. Elə bu səbəbdən abidə "Tonqal qalası" da adlandırılır. Burada alovlandırılan məşəlin və ya havaya qalxan tüstünün hətta Ramana qalasından göründüyü deyilir.
Qalaya baş çəkmək üçün Bilgəh qəsəbəsinə yollandım. Təqribən bir saatlıq axtarış nəticəsiz qaldı. Kor-peşman geri qayıtdım. Artıq küçələrini bir qədər tanıdığım qəsəbənin xəritəsində qalanın təxminən harada yerləşdiyini öyrənməyə çalışdım. Qeyd edim ki, kənd sakinlərinin bir çoxu qalanın yerini dəqiq göstərə bilmədi. Gənclərin isə əksəriyyətinin qalanın mövcudluğu barədə məlumatı belə yoxdur.