Mehman Hüseynov azadlığa çıxacaq
Azia.az xəbər verir ki, Xəbər verdiyimiz kimi, həbsdə olan bloger Mehman Hüseynov 2019-cu il yanvarın 20-də Azərbaycan prezidentinə müraciət edib. Müraciətdə o, barəsində aparılan istintaqın obyektivliyinin təmin edilməsi və ədalətli qərar qəbul olunması üçün Azərbaycan prezidentinin müdaxilə etməsini xahiş edib.
Bundan öncə, 2019-cu il yanvarın 18-də Mehman Hüseynovun məsələsi ilə əlaqədar bir qrup hüquq müdafiəçisi də Azərbaycan prezidentinə müraciət ünvanlayıb. Hüquq müdafiəçiləri baş vermiş insidentlə əlaqədar süni şəkildə ajiotaj yaradıldığını, yalan məlumatların yayıldığını, yanlış ictimai rəy formalaşdırmağa cəhdlər edildiyini qeyd edib, Azərbaycan prezidentinin yüksək humanizm prinsipinə daim sadiqliyini xüsusi vurğulayaraq, Mehman Hüseynovun barəsində də mərhəmət göstərilməsini xahiş ediblər.
Qeyd edək ki, M.Hüseynov 2017-ci ilin martın 3-dən həbsdədir. O, Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 2 il müddətinə azadlıqdan məhrum edilib. Qərar Nəsimi rayon Polis idarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında etdiyi şikayət əsasında çıxarılıb. Bloqqer Cinayət Məcəlləsinin 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə ittiham olunub.
Ötən ilin dekabrın 26-da 14 saylı cəzaçəkmə müəssisəsində plan üzrə aparılan növbəti ümumi axtarış-baxış tədbirləri zamanı məhkum Hüseynov Mehman Rafiq oğlu müəssisənin Rejim-nəzarət şöbəsinin böyük inspektoru, ədliyyə leytenantı Abdalov Əli Ələddin oğlunun qanuni tələblərinə tabe olmayaraq ona qarşı zor tətbiq edib, fiziki müqavimət göstərərək sonuncuya bədən xəsarəti yetirib, xidməti otaqda olan əşyaları dağıdaraq sındırıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 315.2-ci maddəsi (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmə) ilə cinayət işi başlanıb.
Müraciətlər Azərbaycan prezidentinin diqqətinə çatdırılıb və prezident bu müraciətlərə dərhal reaksiya verib. İlham Əliyev məhkumun gənc olmasını, artıq iki ilə yaxın cəza çəkdiyini, ailə vəziyyətini və atasının yaşlı olduğunu nəzərə alaraq, Mehman Hüseynovun işində humanizm prinsipinin önə çəkilməsini, araşdırmanın obyektiv və ədalətli olması üçün qanunla nəzərdə tutulmuş bütün zəruri tədbirlərin görülməsini Azərbaycan baş prokuroruna tövsiyə edib. Eyni zamanda, prezident hadisənin iştirakçılarını barışığa doğru addımlar atmağa dəvət edib.
Buradan belə nəticəyə gəlmək olar ki, M. Hüseynov martın 2-də azadlığa buraxılacaq.
Aybəniz Abdulova