azia.az
azia.az

"Tüpürüm o turistin də, ona yol göstərənin də üzünə!"

12-10-2018, 13:06

"Tüpürüm o turistin də, ona yol göstərənin də üzünə!"


Sabir Rüstəmxanlı: "Tüpürüm o turistin də, ona yol göstərənin də üzünə!"



Taksi dayanacağında müştəri gözləyən üç sürücü nəyisə bərkdən müzakirə edirdilər. Qulağıma “vallah, daha mən özümə azərbaycanlı deməyə utanıram. Gör bizi nə günə qoyublar!” sözləri dəyəndə ayağımı ləngitdim, düzü xətrimə dəydi bu sözlər. “Nə olub, bala, niyə utanırsan öz xalqına, öz vətəninə görə?” Elə bil ürəyimdənn keçənləri oxudular. Səsləri qısıldı, ehtiyatla baxışdılar, ancaq məni tanıyan kimi qırışıqları açıldı. Görüşdük. “Sabir müəllim, sizsiniz?” Təsdiq etdiyimi görüb daha qəzəblə danışmağa başladılar. Saçı-saqqalı çallaşmış, tökmə bədənli kişi qəzəbindən bir yerdə dayana bilmirdi: “Başqa adam olar deyə, ehtiyat elədik. Amma siz xalq adamısınız, sizin yanınızda danışmaq olar…”

“Nə barədə?”

“Heç bu ətrafdakı barlara getmisiniz?”

“Mən barlara getmirəm. Hansı bardan danışırsınız?”

Yanında dayanan yoldaşı söhbətə qarışdı. “Gecə barlarını, bağışlayın, ümumxanalarıı deyir. Hamısı bu ətrafda, Bakının mərkəzindədir! Şəhərimizin ürəyinə doluşublar! Ay başuva dönüm, niyə bu milləti alçaldırlar?”

Demək istədim, “gərək, millət özü öz ləyaqətini qorusun”, sonra düşündüm ki, yaxşısı budur əvvəlcə onları dinləyim.

Üçüncü sürücü qarışdı söhbətə: “Kimin övladlarıdır o barlardakılar? Bir maraqlanın, öz gözünüzlə görün, görün xalqın cavan-cavan qızları nə gündədir, bir tikə çörək, ehtiyac onları nə günə salıb? Zəhləm getmiş ərəblər Bakıda “para”, “qarı” deyə-deyə gəzirlər. Vurub öldürək bunları?”.

Mən qəsdən ağızlarını aradım: “Hanı bəs qıza-qadına əyri baxanın gözünü çıxaran Bakı cavanları?”

“Bu elə-belə iş deyil e, Sabir bəy! Bu millətimizə qarşı qəsddir. Heç bir ölkədə belə, bağışlayın, oğraşlıq ola bilməz! Tək bir “İnfiniti”yə minlərlə qız girib-çıxır…”

“Nədir o İnfiniti?” – deyə təəccüblə soruşdum.

“Maraqlanın da! Xalq sizlərin etirazınızı gözləyir, sizdən umur. Görün bu İnfinitiləri, Tunelləri, Las-Veqasları, Ellipsləri kimlər açıb? Arxasında kimlər dayanır? Qadınları, qızları kimlər cəlb edir oralara?”

“Bu, müharibədən də ağırdır, müəllim. Turist cəlb eləmək üçün millətin şərəfini ayaq altına atıblar? Tüpürüm o turistin də, ona yol göstərənin də üzünə! Belə binamusluq olar? Turistlər gəlsin, amma sən ona mədəniyyətini, tarixini, təbiətini göstər! Turistə xoş olsun deyə özlərini açıb ortaya qoyublar. Bilmirlər dünya bizə gülür. “Dağ turizmi”, “dəniz turizmi”, “at turizmi” eşitmişik. “Qadın turizmini” də bunlar yaratdılar…”

“Canuva and olsun, müəllim, boğaza yığılmışıq. Ailəmizi dolandırmaq üçün gecəni-gündüzə qatıb işləyirik. Onu da burnumuzdan tökürlər. Ay qardaş, bizdən nə istəyirsən, sən get o əxlaqsızlıq yuvalarını yoxla da!”

“Sən nə danışırsan, ay kişi, oraları elə yoxlayanlar qoruyur da! Müəllim, bizdə bu işlərə rəsmi icazə var?”

“Yox! – deyirəm, bizdə bu işlər leqallaşmayıb”.

“Deməli, bu boyda həngamələr, günü-gündən artan əxlaqsızlıq yuvaları qanunsuz fəaliyyət göstərir. Bəs bu qanunsuzluğun qarşısı niyə alınmır? Sizcə adi adamlar qanunla qadağan olunan işləri görə bilər?..”

Beləcə mənə kəlmə kəsməyə imkan vermədən, biri-birinin sözünü kəsə-kəsə danışırdılar. Sadə adamlardı, hər şeyi çox sərt şəkildə, öz adı ilə deyirdilər, onların dediyi kimi yaza bilmərəm. Bakı otellərində, restoran adı daşıyan ümumxanalarda, istirahət mərkəzilərində nələr baş verdiyi haqqında çox eşitmişdim, ancaq bunların sadaladıqları o komplekslərdən xəbərim yox idi.

Hələ üstəlik, Bakının mərkəzindəki yaşayış binalarının əksəriyyətinin zirzəmilərində “Massaj salonları” adı altında fəaliyyət göstərən “yuvalar” barədə də birinci dəfə idi eşidirdim.

Sözə birinci başlayan sürücü sakitləşə bilmirdi: “Müəllim, söhbət beş-on nəfərdən getmir, minlərlə gənc azərbaycanlı qızdan gedir. Bunların sahibi yoxdur? Bunlar bu ölkənin vətəndaşı deyil? Ana olmamalıdır bunlar? Burda xüsusi şəbəkələr, firmalar fəaliyyət göstərirlər; gənc qızları, ehtiyacı olan, iş axtaran xanımları əxlaqsızlığa cəlb etməklə çörək qazanırlar, var-dövlət sahibi olurlar. Ən dəhşətlisi odur ki, bu barlara gələnlər arasında tələbələrin sayı günü-gündən artır. Çoxu rayon qızları, bura təhsil almağa gəliblər, nəzarətdən uzaq, valideynlərdən ayrı… Bir az yaxşı yaşamaq üçün edilən təklifləri bu şəkildə “dəyərləndirirlər”. Xüsusi dəllallar hərəni bir yolla bu işlərə cəlb etməyi yaxşı bacarırlar. Hamının zəif yerlərini bilirlər. Yoxsa ölkədə bu qədər əxlaqsız qadın nə gəzirdi?! Deyirlər, Türkiyədə otellərdən yığışdırıblar bu biabırçılığı. Bizə nə olub bəs?

Yoldaşı onun sözünü kəsir:

“Burda onu eləyə bilməzlər. Çünki bu işdə vəzifəli şəxslərin barmağı var. Bu, təkcə turist və pul məsələsi deyil. Bu, qəsdən millətimizin əxlaqını pozmaqdır, bizi aşağılamaqdır, bizim üzümüzə tüpürməkdir. Görünür, hakimiyyətdə müəyyən adamlar var ki, bu yolla milləti satmaqdan, dünyada biabır etməkdən zövq alırlar. Onlar da bu yolla vuruşurlar biznən…”

“Yolundan olma, müəllim. Allah razı olsun, heç olmasa dinlədin bizi. Amma susma! Sənin sözünə ehtiyacımız var!…”

Söz qalmamışdı. Küçədə müştəri gözləyən sürücülər hər şeyi demişdilər…

“Siz azərbaycanlı olmağınızdan utanmayın, qardaşlar, qoy azərbaycanlını bu yola itələyənlər utansınlar” – deyib aralandım.

Ölkədə fuhuş qadağası haqqında qanun çıxarmağın vaxtı çatıb!

(Bakipost)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi