azia.az
azia.az

Norveçə necə getməli? - budur sual

19-10-2016, 15:47

Norveçə necə getməli? - budur sual
25 il öncə oktyabrın 18-də Azərbaycan parlamentində dövlət müstəqilliyimizə dair konstitusiya aktı qəbul olunduqdan bir müddət sonra vaxtilə Rusiyaya işləməyə getmiş, bir çoxu da hərbi xidmətdən qayıtmayaraq, Tümen tərəflərdə ilişib qalmış kəndçilərimiz yavaş-yavaş kəndə qayıtmağa başladılar

Onların 10-dan 9-u yaxşı gəlmişdi, əyinlərində 1000 manatlıq palto-plaş, başlarında xəz papaq vardı, bəziləri kəndə gələn kimi ev tikdirməyə başladı, maşın alanlar da oldu.

Dostumuz Farizin ibarəsiylə desək, əməzəkliyi (fərasətsizliyi) üzündən kənddən qırağa çıxa bilməyən, eləcə də ailə vəziyyətinə görə Rusiyaya getməmiş, amma həmişə bu arzuyla yaşamış adamlar Rusiyadan gələnlərin söhbətlərinə qulaq asır, axırda deyirdilər ki, ağlınız yoxdur, gül kimi həyatı qoyub niyə qayıtdınız bu xarabaya (onda hələ kəndimiz xaraba qalmamışdı, iki ildən sonra qalacaqdı).

Rusiyadan qayıdanlar deyirdilər, ta müstəqil dövlətik, rusların da başı çönür yavaş-yavaş, deyirlər, rədd olun, gedin öz müstəqil xarabanıza, həm də ən yaxşısı elə öz vətənimizdə, kəndimizdə yaşamaqdır.

O vaxt adamlara elə gəlirdi ki, müstəqillik gerçəkdən böyük nemətdir, artıq hər cür problemlər həll olunacaq, indiyəcən rus qoymurdu yaxşı yaşayaq, amma indi müstəqilik, hər şey yaxşı olacaq.

Dövlət müstəqilliyindən başqa yaxşı yaşamaq üçün haqq-ədalətin, demokratiyanın da lazım olduğunu o zaman çoxları bilmirdi. Elə indinin özündə də bunu az adam bilir.
Rusiyadan böyük arzularla öz kəndinə qayıtmış gənclərin 10-da 9-u iki-üç ildən sonra it peşmanı olaraq yenidən qayıdıb getdilər Rusiyaya. Hazırda onlar Moskvada, Krasnoyarskda, Arxangelskdə, Permdə, dünyanın qurtaracağı hesab edilən Kamçatkada yaşayırlar və öz-qohum əqrəbalarından da bir xeyli adamı yanlarına aparıblar.

Dünən, dövlət müstəqilliyinə dair konstitusiya aktının qəbul edilməsinin 25-ci ildönümündə sosial şəbəkədə bir qeyd gördüm. Onu hazırda Norveçdə, dünyanın qurtaracağı adlanan yerlərdən birində yaşayan İdrak Abbasov yazmışdı.

Həmkarımızın statusu beləydi: “Hazırda inboksumda azı 40 nəfərin oxunmamış mesajı var, hamı Norveçə gəlmək istəyir. Vallah, mən bu işlərdə mütəxəssis deyiləm, özüm burada bir jurnalist layihəsi ilə qonağam. Bura necə gəlmək və məskunlaşmaq olar məsələlərini çalışıb öyrənib daha geniş yazacam”.

İdrak bu barədə yazmaqda olsun, mən də yazım ki, əmin ola bilərsiniz, onun daxili poçtuna məktub yazan 40 nəfərin 35-i gözünü müstəqil Azərbaycanda açan, ən azı ibtidai məktəbə müstəqillik dövründə gedən adamlardır.

Bəs onlar nədən bu müstəqilliyin qədrini bilmirlər, aradan çıxmaq istəyirlər? Çox sadə səbəbdən. Adamlar yaşamaq, həm də yaxşı yaşamaq istəyirlər. Bunlar o adamlardır ki, o gün İdrakın paylaşdığı videoda yol kənarına qoyulmuş və yanında sahibi olmayan meyvə-tərəvəz məhsullarını görüblər və hesab edirlər ki, o cür dürüstlüyü ilə seçilən ölkədə yaşamaq daha rahat olar. (Hərçənd Norveçə getmək istəyənlərin içində həmin o sahibsiz məhsulları çırpışdırıb başqa yerdə satmağı planlaşdıranlar da ola bilər).

Ölkədə on minlərlə gənc var ki, rahat, adam balası kimi yaşamaq istəyirlər, istəmirlər ki, hər dəqiqəbaşı (təhsildə, əsgərlikdə, iş axtaranda və s.) ayrı-seçkiliyə məruz qalsınlar.
Məsələn, dünən bir taksi sürücüsü danışır: “O gün Pirəküşküldən bir əsgəri şəhərə aparırdım, yolda qardaşına zəng vurdu ki, maşını apar yudurt, gəlirəm. Qardaşı ondan nəsə soruşdu, bu da dedi ki, yox, ”Leksus"a dəymə, “Ferrari”ni çıxart".

Deyəcəklər, əsgər hara, “Ferrari” hara? Taksü sürücüsü dəqiqləşdirib ki, o adi əsgər deyil, adı hərbi hissənin siyahısında gedən, qərargahda işləyən, o biri əsgərlərə qoşulmayan, həftənin yarısını kazarmada yox, evində yatan, 5 aydan sonra atasının hesabına prokurorluqda müstəntiq olacaq universitet məzunudur. Əsgərliyə də ona görə gəlib ki, hərbi bileti olsun, gələcəkdə karyerasına xələl gəlməsin.

Bu cür “Ferrari”li əsgərin tay-tuşları isə Murovda qulluq edir və ata-anaları onlara yalvarır ki, dözümsüzlük göstərib fərarilik etməsinlər.

Bax, belə söhbətlər var, student qardaş, sən deyirsən ki, bizimkilər xaricə niyə qaçır, Norveçdə yel əsib, qoz tökülməyib. Elədir, orda qoz yoxdur, amma ədalət var, burda isə ədalətə qoz qoyan yoxdur.(musavat.com)

Yazar : Samir SARI


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi