azia.az
azia.az

5 təhlükəli türkəçarə üsulu - Soda içmək, yanığa sidik qoymaq....

28-09-2018, 08:37


Çoxumuz xəstələnən kimi həkimdən öncə dədə-baba, nənə-bibi üsulunu sınayırıq. Hansısa otlardan inhalyasiya, buxar, isti kartofdan burunun üstünə kompress, yanığa qatıq və ya sidik çəkmək...

Yəqin ki, bunlar haqqında eşitmisiz və ya özünüz də etmisiz.

Tibb mütəxəssisləri insan səhhəti üçün təhlükəli olan türkəçarə metodlarını araşdırıb. Medicina.az onlardan ən geniş yayılmışlarını təqdim edir:



1.Kartofdan kompress, inhalyasiya

Öskürək, qrip, burun tutulması, öskürəkdə nənələrin xüsusi metodu olan qabıqlı bişirilmiş isti kartofun əzilib, tənzif arasında buruna, sinəyə qoyulmasıdır. Xüsusən uşaqlara bronxit və öskürəkdə çox tətbiq olunur. Həkimlərsə qabıqlı bişmiş kartofu yemək daha faydalıdır, nəinki müalicədə istifadə etmək.

Təhlükəsi: Yuxarı tənəffüs yollarının yanığı, göz, burun selikli qişasının qıcıqlanması, udlaq-qırtlağın şişməsi, müxtəlif spazmlar, xüsusən kiçik yaşlı uşaqlarda baş verir.

Yüksək hərarəti olan xəstəyə bunu etmək əksinə temperaturu daha da artırıb, xəstənin huşunu itirə bilər. Bronxit, angina, laringit, haymorit kimi infeksion xəstəliklərdə isti buxar, isti kompress əks göstərişdir, iltihabi prosesi daha da artıra bilər.

Nə etməli: istənilən inhalyasiya, tərkibi, kompress həkim göstərişi ilə məsləhətləşib seçilməlidir. Yaxşı olar ki, burunu dəniz suyu və xüsusi məhlullarla yuyasız. İnhalyasiya üçün mətbəx qazanından yox, xüsusi aparatdan istifadə edəsiz. Bu aparat apteklərdə satılır.

2.Soda içmək və soda ilə arıqlamaq

Qida sodası mədə şirəsində turşuluğun dərəcəsini neytrallaşdırır. Sodanı qəbul edən kimi mədədə kəskin reaksiya gedir, sanki sodanı limon suyunda söndürən kimi. Həqiqətən bu metod güclü mədə yanmasında, turşuluqda effekt verir, amma qısamüddətli. Ondan sonra mütləq yan təsirlər başlayır.

Təhlükəsi: Hər dəfə sodadan istifadə etdikcə, turşuluq daha da çox geri qayıdır. Soda mədənin selikli qişası " yeyir”, iltihablaşır, insanda sodadan asılılıq yaranır. Arıqlamaq üçün soda içənlər isə mədələrini geridönməz xəstəliyə salır. Sonradan mədə iltihabı insanı yeməkdən yayındırır.

Nə etməli: mədə qıcqırması, yanması əleyhinə xüsusi emulsiya, kisel, yulaf sıyığı qəbul edin.

3.Yanıq sahəsinə sidik və ya bitki yağı çəkmək

Bu üsul da el arasında çox yayılıb. Birinin barmağı yanan kimi, sidik vur deyirlər. Yanıq yarası zamanı ilk növbədə yanığın dərəcəsini azaltmaq, ikinci növbədə infeksiyalaşmasının qarşısını almaqdır. Bu halda sidik işə yaramır. Bitki yağı isə toxumalara oksigen axınının qarşısını alıb, orda dərəcəni daha da artıracaq.

Nə etməli: həkimə çatana kimi yanıq nahiyəsinə soyuq su qoymalı. Bu üsul yanığın dərəcəsini bir addım aşağı endirəcək. Əgər açıq yaradırsa, onu soyuq suda isladılmış parça ilə yumaq lazımdır.

4.Arıqlamaq üçün super bitki çayları

Müxtəlif ot, bitki yığnaqları ilk baxışdan zərərsiz görünür. Amma elə ot var ki, o insanda mövcud olan xəstəliyə əks təsir verə bilər. Bitki çaylarının gücünə inananlar bilməlidir ki, o çaylarda daha çox qarın işlədici və sidikqovucu bitkilər var. Onu içdiyinizdə siz daha çox su itirirsiz, bu da çəki azaldır, piy yandırmır. Ona görə orqanizmin susuzlaşması riski var.

5.Urinoterapiya – Sidiklə müalicə

Çox qədim kökləri olan bu terapiyanın indi də davamçıları var. Əslində isə tibbin qəbul etmədiyi, yalançı nəzəriyyədir. Elə bir xəstəlik yoxdur ki, onun müalicəsində sidik, xüsusən insanın öz sidiyi möcüzəvi təsir göstərsin. Bu məsələdə qadınlar xüsusən aktivdir, onlar sonsuzluq, mioma, mastopatiya, ginekoloji xəstəliklərdə daha çox sidikdən istifadə edir.

Təhlükəsi: Sidiklə orqanizmə lazım olmayan biomaterial ifraz olunur, hətta uşaq sidiyi belə təmiz deyil. Sidikdə çox sayda bakteriyalar var, əgər sidiyi daxilə və ya xaricə tətbiq etsəniz, bakteriya və viruslar yenidən orqanizmə daxil olacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi