azia.az
azia.az

Dünyanın gözü tarixi görüşə yönəlib - Liderlər ilk dəfə bir araya gəlir

Bu gün, 09:31

Dünyanın üç aparıcı dövlətinin lideri – Çin Sədri Si Cinpin, Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp bu gün Çinin Şençjen şəhərində bir araya gələcək.

Xəbər verilir ki, Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) 33-cü sammiti çərçivəsində keçiriləcək görüş dünya diplomatiyası tarixində ilk belə üçtərəfli təmas olacaq.

Rəsmi protokola əsasən, liderlərin diplomatik proqramı Kylin Villa iqamətgahında başlayacaq. Yerli vaxtla saat 12:45-də Si Cinpin və Donald Tramp arasında ikitərəfli görüş keçiriləcək. Saat 14:30-da isə Vladimir Putin onlara qoşularaq üçtərəfli sammitdə iştirak edəcək. Forum çərçivəsində ayrı-ayrı ikitərəfli görüşlər də nəzərdə tutulub.

Üç ölkənin lideri bir gün əvvəl Çinin cənubundakı texnologiya mərkəzi hesab olunan Şençjen şəhərinə gəliblər. Vladimir Putin noyabrın 17-də axşam saatlarında şəhərə çatıb və artıq Si Cinpinlə danışıqlar aparıb.

Noyabrın 18-də Çinə gələn Donald Trampı isə Si Cinpin diplomatik protokoldan fərqli olaraq hava limanında şəxsən qarşılayıb. Bu, Si Cinpinin hakimiyyətdə olduğu dövrdə xarici dövlət liderlərindən birinə göstərdiyi ilk belə qarşılanma olub. Bu addım ABŞ prezidentinin 2025-ci ilin sentyabrında Si Cinpini Vaşinqtona səfəri zamanı Endryus aviabazasında şəxsən qarşılamasına cavab jesti kimi qiymətləndirilir.

Görüşlərin əsas diqqət mərkəzində strateji sabitlik və silahlara nəzarət, Ukraynadakı münaqişənin nizamlanması perspektivləri, Yaxın Şərqdə gərginliyin azaldılması, İran ətrafındakı vəziyyət, eləcə də ticarət-iqtisadi əlaqələr və süni intellekt sahəsinin tənzimlənməsi məsələlərinin olacağı gözlənilir.

Maraqlıdır ki, bu günədək sözügedən üç ölkənin liderləri yalnız ikitərəfli formatda təmasda olublar. Halbuki son bir ildə onların diplomatik görüşləri kifayət qədər intensiv olub:

Vladimir Putin və Donald Tramp: 2025-ci il avqustun 15-də Alyaskanın Ankoric şəhərində yerləşən Elmen Dorf-Riçardson hərbi bazasında mühüm sammit keçiriblər. Görüşün əsas mövzusu Ukrayna münaqişəsinin nizamlanması olub.

Vladimir Putin və Si Cinpin: Liderlər müntəzəm olaraq görüşür və məsləhətləşmələr aparırlar. Çin liderinin 2025-ci ilin mayında Moskvaya səfərindən, Rusiya prezidentinin isə 2026-cı ilin mayında Pekinə cavab səfərindən sonra tərəflər noyabrın 18-də Şençjendə geniş tərkibli danışıqlar aparıblar.

Si Cinpin və Donald Tramp: Son bir ildə tariflər üzrə əldə olunan müvəqqəti razılaşma fonunda bir sıra görüşlər keçiriblər. 2025-ci ilin payızında Cənubi Koreyada baş tutan danışıqlardan sonra ABŞ lideri Pekinə səfər edib, Çin Sədri isə Vaşinqtona cavab səfəri həyata keçirib.

Hazırkı sammit beynəlxalq münasibətlərdə gərginliyin artdığı, eyni zamanda ABŞ-da Respublikaçılar Partiyasının Konqresə keçirilən son aralıq seçkilərində məğlubiyyətindən sonra Vaşinqtonun mürəkkəb daxili siyasi vəziyyətlə üzləşdiyi bir dövrə təsadüf edir.

Dünyanın aparıcı nəşrləri və analitikləri Şençjendə keçiriləcək görüşü artıq “İkinci Yalta” adlandırıblar. Onların fikrincə, sammitin nəticələri qarşıdakı illərdə qlobal təhlükəsizlik sisteminin və dünya ticarətinin gələcək konturlarını müəyyənləşdirə bilər.

Bununla belə, analitiklər görüşün avtomatik olaraq yeni dünya düzəninin bölüşdürülməsi ilə nəticələnəcəyini düşünmürlər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi