Bakıda tikintilərlə bağlı şok yoxlamalar başlayıb
BŞİH-nin indiyədək tikintiyə verdiyi bütün icazə sənədləri təftiş edilir; bəzi bina tikintiləri artıq dayandırılıb, hasarlar sökülüb
Bakı şəhərində tikinti sahəsində proseslərin tənzimlənməsi istiqamətində böyük işlər başladılıb. Etibarlı mənbələrdən əldə etdiyimiz məlumata görə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə paytaxtın tikinti sektorunda problemlərin aradan qaldırılması, qanunsuz tikintilərin qarşısının alınması üçün ən yüksək səviyyədə səlahiyyətlər verilib. Komitə isə bu səlahiyyətlərindən istifadə edərək son illərdə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən tikintiyə verilən bütün icazə sənədlərinin yoxlanmasına başlayıb.
Paytaxt ərazisində tikinti məqsədilə hasarlanmış bütün ərazilərdə hər hansı işlərə başlanması qadağan olunub. Bir çox yerlərdə hasarlar sökülüb, hətta tikintiyə başlanmış olan ərazilərdə işlər dayandırılıb. Bildirilir ki, bütün icazə sənədləri təftiş olunur, tikinti və şəhərsalma qaydalarına uyğunluq baxımından yenidən qiymətləndirilir. Ciddi pozuntuların aşkarlandığı bəlli olan kimi işlər dayandırılır.
Maraqlıdır ki, yoxlama prosesini Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirsə də, tikinti şirkətləri, bir çox hallarda isə onların arxasında dayanan şəxslərlə müzakirələri Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini, başçı səlahiyyətlərini icra edən Eldar Əzizov aparır. Onun bütün rayonları gəzərək tikinti şirkətlərinin rəhbərləri ilə tək-tək görüşüb, onları yeni situasiya barədə məlumatlandırdığı deyilir.
Redaksiyamıza daxil olan məlumata görə, bir neçə rayonda hakimiyyətin yüksək pillələrində təmsil olunan şəxslərə məxsus ərazilərin hasarları sökülüb, tikinti işlərinin aparılması qadağan olunub. Görünən budur ki, dövlət rəhbərliyi səviyyəsində nəzarətə götürüldüyünə görə bu məsələdə heç kimə güzəşt edilmir.
Bakıda söküntü ile ilgili görsel sonucu
Onu da qeyd edək ki, Bakı ərazisində tikintilərin qanunsuz, heç bir norma və şəhərsalma qaydalarına əməl olunmadan həyata keçirilməsi ölkə prezidenti tərəfindən çox kəskin tənqid olunub. Nazirlər Kabinetinin 2018-ci ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasındakı çıxışında prezident bildirib ki, narahatlıq doğuran sahələrdən biri də inşaat sektorudur: “Bir çox hallarda aparılan tikintilər heç bir meyara sığmır, nə şəhərsalma meyarlarına, nə tikinti meyarlarına. Bəzən memarlıq baxımından çox eybəcər binalar tikilir. Buna son qoymaq üçün çox ciddi tədbirlər görülməlidir və qanunsuz tikililərə son qoyulmalıdır”.
İlham Əliyev qeyd edib ki, qanunsuz tikililərə şərait yaradan dövlət məmurları çox ciddi cəzalandırılacaq: “Mən deyirəm, bunu hamı bilsin. Çünki bir çox hallarda bu işləri bir-birinin üstünə atırlar. Şəhər icra hakimiyyəti bələdiyyələrin üstünə, bələdiyyələr şəhər icra hakimiyyətinin üstünə. Amma faktiki olaraq bələdiyyələr şəhər icra hakimiyyətinin icazəsi olmadan belə hərəkət edə bilməz. Ona görə burada vahid bir nəzarət mexanizmi olmalıdır. Bir daha demək istəyirəm ki, ilk növbədə, Bakıda və digər şəhərlərdə bütün qanunsuz tikililərə son qoyulmalıdır. Bundan sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyi, icazəsi olmadan ölkəmizdə bir dənə də bina tikilməməlidir. Kim bunu edəcəksə, dərhal mənə məlumat verilsin. Həmin o adamları ən ciddi cəzalar gözləyir”.
Prezidentin bu çıxışından bir neçə gün sonra BŞİH-in Memarlıq və Şəhərsalma Baş İdarəsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə verildi. Bununla bağlı prezident “Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” fərman imzaladı. Fərmana əsasən, Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsini (tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin Nazirlər Kabineti və Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən verildiyi hallar istisna olmaqla) Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirir.
BÅÄ°H-dÉn ile ilgili görsel sonucu
Prezidentin bundan əvvəl imzaladığı sərəncamla Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə Bakının Baş planının hazırlanmasına xarici şirkət cəlb etmək üçün 4 milyon manat ayrılmışdı. Komitə isə bu günlərdə məlumat yayıb ki, Bakı şəhərinin baş planının hazırlanması işinin təşkili prosesinə start verib.
Həmin məlumata görə, bu prosesin beynəlxalq standartlara uyğun təşkil edilməsi və Bakı şəhərinin baş planının ən uğurlu qlobal təcrübəyə əsaslanaraq tərtib olunması məqsədilə Komitə “Böyük Üçlük” adlanan dünyanın ən nüfuzlu üç strateji məsləhətçi şirkətlərindən birini - “The Boston Consulting Group” (“Boston Konsaltinq Qrup”) şirkətini cəlb edir.
“The Boston Consulting Group” şirkəti ən iri konsaltinq şirkətlərindən biri olmaqla yanaşı, həm də şəhərlərin zonalaşdırılması və inkişafının planlaşdırılması, komfortlu şəhər mühitinin yaradılması, məşğulluğun transformasiyası, şəhər infrastrukturunun, turizm və nəqliyyatın, sosial sahələrin və sahəvi klasterlərin inkişaf strategiyalarının hazırlanması üzrə geniş beynəlxalq təcrübəyə malikdir və son 5 il ərzində dünyada 550-dən artıq belə layihəni uğurla həyata keçirib. Bu nüfuzlu məsləhətçi şirkəti tərəfindən son dövrdə Moskva, Kiyev, Pekin, Stokholm, Boston, Nyu-York və s. iri şəhərlər üçün belə layihələr reallaşdırılıb.
Məlumatda o da qeyd olunur ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi “The Boston Consulting Group” şirkəti ilə birgə Bakı şəhərinin baş planının hazırlanması işininin iki mərhələdə təşkil edilməsini planlaşdırır.
Birinci mərhələdə paytaxtla bağlı bugünədək hazırlanmış bütün səhərsalma və ərazi planlaşdırılması sənədlərinin, o cümlədən “Böyük Bakının Regional İnkişaf Planı” və “Bakı şəhərinin Ərazidən İstifadə və Zonalaşdırma Planı” layihələrinin təhlil edilməsi nəzərdə tutulur: “Bu mərhələdə mövcud layihələrin aktuallığı yoxlanılacaq, şəhər infrastrukturunun təkmilləşdirilməsi ilə bağlı ehtiyaclar qiymətləndiriləcək, habelə bu sahədə ən uğurlu dünya təcrübəsi və ölkənin inkişaf prioritetləri nəzərə alınaraq Bakının inkişaf konsepsiyası işlənəcək. Bu proses çərçivəsində dünyanın müxtəlif şəhərlərinin baş planları öyrənilərək, müvafiq sahədə qabaqcıl beynəlxalq təcrübə təhlil olunacaq, onun Azərbaycanda tətbiqi imkanları nəzərdən keçiriləcək.
Eyni zamanda birinci mərhələdə Azərbaycan Respublikasının aidiyyəti qanunvericiliyinin, o cümlədən müvafiq şəhərsalma norma və qaydalarının nəzərdən keçirilməsi, təkmilləşdirilməsi zərurətinin dəyərləndirilməsi planlaşdırılır.
Bununla yanaşı, gələcəkdə baş planın reallaşdırılması prosesində iştirak edəcək aidiyyəti dövlət qurumlarının Bakı şəhərinin inkişafı ilə bağlı cavabdeh olduqları sahələr üzrə planları öyrəniləcək, dəqiqləşdirilmə və uyğunlaşdırılma işləri aparılacaq".
İkinci mərhələdə komitə “The Boston Consulting Group” şirkəti ilə birgə birinci mərhələdə müəyyənləşdirilmiş tələblər əsasında şəhərsalma, memarlıq, mühəndislik şirkətlərini və aidiyyəti ekspertləri əməkdaşlığa cəlb etməklə paytaxtın baş planının işlənməsi prosesini davam etdirərək yekunlaşdırılmasını planlaşdırır. Mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq aidiyyəti dövlət orqanları ilə razılaşdırıldıqdan və ictimai müzakirələr aparıldıqdan sonra Bakı şəhərinin baş planının təsdiq üçün Nazirlər Kabinetinə təqdim olunması nəzərdə tutulur. Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq baş plan təsdiq olunduqdan sonra 20 il ərzində qüvvədə olacaq.
Beləliklə, aydın olur ki, komitənin başlatdığı böyük və bir çox hakimiyyət mənsublarını belə nəzərə almadan reallaşdırılan işlər Bakının Baş planının hazırlanmasının tərkib hissəsi sayıla bilər.