Rusiya Daxili İşlər Nazirliyi 2018-2020-ci illər miqrasiya siyasəti haqqında konsepsiya hazırlayıb.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Kommersant” qəzeti yayıb. Yeni konsepsiyaya əsasən Rusiya ölkədəki miqrantları Uzaq Şərqə yerləşdirmək istəyir.
DİN yeni hazırladığı sənədlə 2012-ci ildə qəbul edilmiş və 2025-ci ilə qədər davam etməsi nəzərdə tutulan miqrasiya siyasətini dəyişmək niyyətindədir. Moskvanın belə addım atmasına isə dünyanın müxtəlif regionlarında güclənən aktivlik ucbatında miqrant köçünün artması göstərilib.
Qeyd edək ki, Rusiyada miqrantların sayı 2007-2011-ci illərlə müqayisədə iki dəfə artıb.
Neft qiymətlərinin düşməsi Rusiyada iqtisadi böhranı dərinləşdirib. Ölkənin əksər bölgələri özünü defolt elan etmək səviyyəsinə çatıb. Bu hal xüsusilə Uzaq Şərq vilayətlərində və respublikalarında daha çox müşahidə edilir. Üstəlik, Moskvanın artıq bu bölgələri nəzarətdə saxlamaq imkanları da zəifləyir. Bölgədə, xüsusilə, Çin investorlarının və miqrantlarının sayı artır ki, bu da Rusiyanı narahat edir.