Kənardan baxanda cəbhədə vəziyyətin qənaətbəxş olduğu görünsə də, reallıqda durum kəskin dərəcədə fərqlənir.
Bu sözləri Axar.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib. O bildirib ki, Ermənistan bəd əməlləriylə vəziyyəti qeyri-stabillikdən daha da pis tərəfə yönəldir:
“Zənnimcə, bu, işğalçının daxili niyyəti ilə uzalaşan bir məqamdır. Ona görə də sülh Ermənistana sadəcə sərfəli deyil, düşmən eyni zamanda, Azərbaycan torpaqlarının işğaldan azad etmək istəmir. İrəvan hazırda belə belə bir görüntü yaradır ki, guya münaqişə bölgəsində vəziyyət müharibə şəraitinə çox yaxındır və bu gün, ya sabah savaş başlaya bilər. Düzdür, əgər lazım gələrsə, bu müharibəni zərərçəkən Azərbaycan tərəfi başlayacaq. Çünki diplomatik səylər nəticə vermir və bəllidir ki, Minsk Qrupu ilə əlaqəli sülh danışıqlarında Rusiya moderator kimi böyük rol oynayır. Digər iki həmsədr də bunu çox yaxşı bilir. Ona görə də burada qeyri-adi gedişlərdən istifadə etmək lazımdır. Bir halda ki, adı sülh prosesi kimi qoyulan kampaniya heç bir səmərə göstərmir, deməli, daxildən bu prosesi parçalayan qüvvələr var. Bəllidir ki, bu prosesdə Ermənistana rəvac verənlər mövcuddur”.
Politoloq bu fonda qarşıda Azərbaycan və Rusiya prezidentlərinin gözlənilən görüşündə Qarabağ probleminin həllinin müzakirə ediləcəyini diqqətə çatdırıb:
“Ola bilsin, bu görüş hətta əyani deyil, telefon danışığı və ya başqa təmaslar şəklində baş tutsun. Hətta bu görüş prezidentlərin şəxsi nümayəndələri fonunda da reallaşa bilər. Əsas məsələ təmaslarda predmet əsasında müzakirə və məsləhətləşmələrin aparılmasıdır. Azərbaycan təmas xəttində Ermənistanı adekvat tədbirlərlə susmağa vadar edir. Digər tərəfdən isə diplomatik səyləri davam etdirir. Çünki buna çox böyük ehtiyac var. Dünya birliyi prosesə haram qatan, onu daha da ağırlaşdıran tərəfin kim olduğunu əyani şəkildə görməlidir. Əgər bundan sonra da həmsədrlərin diplomatik səyləri gözəçarpan bir səmərə verməzsə, onda Azərbaycan öz Silahlı Qüvvələrini işə salmaqla bağlı çox haqlı bir qərar verəcək”.