Həmsədrlər bölgədədirlər, ancaq yeni heç nə yoxdur.
Axar.az xəbər verir ki, bu sözləri sosial şəbəkədə yerləşdirdiyi videoçarxda politoloq Elxan Şahinoğlu deyib. Siyasi şərhçi Dağlıq Qarabağ münaqişəsinin həllində heç bir irəliləyişin olmamasını indiki dönəmdə təhlükəli hesab edib:
“Həmsədrlərin bölgəyə səfərində iki məqsədləri var: atəşkəsə daim riayət olunması və prezidentləri qısa müddətdə görüşdürmək. Həmsədrlər bu il martın sonlarında bölgəyə səfər etmişdilər və apreldə savaşın başlaya biləcəyindən qorxurdular. İndi də vəziyyətin gərginləşməsindən narahatdırlar. Bu qorxudan qurtulmağın bir yolu var, o da mərhələli həll planını Ermənistana qəbul etdirməkdir. Bu baş verməyənədək isə atəşkəs pozulacaq, çünki status-kvo Azərbaycanın maraqlarına cavab vermir”.
Politoloq qeyd edib ki, həmsədrlər ikinci məqsədlərinə də çatmayacaqlar:
“Əgər danışıqlarda irəliləyiş və yeni elementlər yoxdursa, prezidentlərin görüşünə də ehtiyac yoxdur. Artıq ilin yarısı keçib, ötənilki gözləntilər də özünü doğrultmadı. Böyük dövlətlər Ermənistan hakimiyyətinə təzyiq etmək istəməsələr də, narahatlıqları var. Bu narahatlıqla bağlı iki faktor diqqət çəkir. Estoniyanın xarici işlər naziri Azərbaycana rəsmi səfər edib və mətbuat konfransında belə bir fikir işlədib ki, Dağlıq Qarabağ münaqişəsinin hərb yolu ilə həlli yoxdur. Azərbaycan isə status-kvonu qəbul etmir və dəyişilməsini tələb edir. Status-kvo da danışıqlarla dəyişmir. Demək, status-kvonu dəyişməyin yeganə yolu var və onu da avropalı nazirlər inkar edirlər.
Bu arada, NATO-dan bir açıqlama gəldi ki, alyans Dağlıq Qarabağ ətrafında vəziyyətin gərginləşməsindən narahatdır. Yəqin, həm hiss edirlər, həm də kəşfiyyat məlumatları var ki, yay aylarında vəziyyət yenidən gərginləşə bilər. Bunun üçün də ciddi əsaslar var.
Birincisi, danışıqlar prosesində heç bir irəliləyiş yoxdur.
İkincisi, Ermənistan təxribatlarını davam etdirir. Ona görə də toqquşma ehtimalı artır və bunun qarşısını almaq üçün məhz bu cür açıqlamalar verirlər. Bu açıqlamalarla münaqişənin həllini sürətləndirmək mümkün deyil. Real fəaliyyət lazımdır, ancaq çox təəssüf ki, biz də böyük dövlətlərin əməlində bunu görmürük”.