Alkoqola alternativ KƏŞF: Ruhi hal və rahatlama TƏSİRİ YAŞADIR – FOTO
İngilis nevropsixofarmakoloqu David Nutt “alcosynth” adlı yeni bir növ alkoqolsuz içki yaratmağı hədəfləyən bir ixtiraçıdır.
İlk olaraq David John Nutt haqqında qısa məlumat verək. O, 16 aprel 1951-ci ildə Bristolda doğulub. Alim beyinə təsir edən dərmanlar, asılılıq, narahatlıq və yuxu kimi vəziyyətlərin tədqiqatı üzrə ixtisaslaşıb. O, 2010-cu ildə qurduğu və dərmanlar barədə müstəqil, sübutlara əsaslanan məlumat təqdim edən qeyri-kommersiya təşkilatı olan “Drug Science”nin sədrdir. 2019-cu ildə “GABAlabs” şirkətini, həmçinin onun alkoqola alternativlər üzərində tədqiqatlar aparan və bazara təqdim edən “SENTIA Spirits” törəmə şirkətini qurub.
2009-cu ilə qədər Bristol Universitetində Psixofarmakologiya Bölməsinin professoru olub. O vaxtdan etibarən Londondakı İmperial Kollecində Neyropsixofarmakologiya üzrə Edmond J.Safra kürsüsündə və Beyin Elmləri Bölməsinin Neyropsixofarmakologiya Bölməsinin direktoru vəzifəsində təmsil olunur. Nutt, dərmanların təhlükəsizliyi üzrə Komitənin üzvü olub və Avropa Neyropsixofarmakologiya Kollecinin prezidenti vəzifəsini də tutub.
İndi isə onun icad etdiyi “Alcosynth” barəsində söhbət açaq. Bu preparat alkoqolun bəzi zərərli təsirlərini (xüsusilə qaraciyər və sinir sistemi üzərindəki təsirlər, zəhərlənmələr, nəzarətin itməsi və s.) yaşamadan, onun bənzər bir təcrübəsini təqdim etməyə çalışır. David Nutt bu yeni içkini 2010-cu illərin əvvəllərində inkişaf etdirməyə başlayıb və məqsədi, insanların alkoqolsuz bir şəkildə, alkoqolun gətirdiyi ruhi hal və rahatlama təsirini yaşamasını təmin etməkdir.
“Alcosynth” kimyəvi tərkibində spesifik maddələr istifadə edərək alkoqolun bəzi təsirlərini təqlid edir, lakin eyni zamanda alkoqolun yaratdığı asılılıq və sağlamlıq problemlərini nəzərə alaraq daha təhlükəsiz bir alternativ təqdim edir. Bu içki hələ geniş şəkildə bazara çıxarılmayıb, lakin David Nutt və onun komandası “alcosynth”in geniş istifadə oluna biləcək bir məhsula çevrilməsini hədəfləyir. “Alcosynth” insanların sosial mühitdə alkoqol içkisinin yerini ala biləcək və daha az zərərli olan bir içki kimi düşünülür.
David Nutt “alcosynth”in ilk mərhələdə daha məhdud bir bazarda, xüsusilə tibb və içki sənayesində maraqlı tərəflərin test edəcəyini açıqlayıb. “Alcosynth”in satışa çıxarılması üçün lazım olan tənzimləyici icazələrin alınması və bazar tələbatının nəzərə alınması prosesi hələ ki, davam edir.
Beləliklə, deyə bilərik ki, “alcosynth” hələ rəsmi olaraq heç bir ölkədə geniş şəkildə satılmır. Lakin gələcəkdə satışa çıxarılması gözlənilir, xüsusən Avropa və Amerika bazarlarında.
Yunis Xəlilov
Naxçıvan Dövlət Universitetinin “Ümumi Hüquq” kafedrasının müəllimi