“Qətiyyətli Lider: Güclü Dövlət, Tarixi Zəfər və Böyük Qayıdışın Yol Xəritəsi”
Yeni Azərbaycan Partiyasının (YAP) Laçın rayon təşkilatı tərəfindən “Qətiyyətli Lider: Güclü Dövlət, Tarixi Zəfər və Böyük Qayıdışın Yol Xəritəsi” mövzusunda tədbir keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov, Milli Məclisin deputatı Rövşən Muradov, Hüquq üzrə fəlsəfə doktoru Mikayıl Zeynalov, tarix elmləri doktoru, professor Şikar Qasımov, dosent Ələmdar Şahverdiyev, qazi Murad Eyvazov, şəhid Elgin Abbaslının atası Ağayar Abbasov və laçınlı jurnalist Sübut Mehdiyev Prezident İlham Əliyevin 21 illik fəaliyyəti dövründə Azərbaycanın bütün istiqamətlərdə qazandığı uğurlardan danışıblar.
Ərazi bütövlüyü və suverenliyimizin bərpasının Prezident İlham Əliyevin siyasətinin şah əsəri olduğu qeyd edilib.
Vurğulanıb ki, Vətən müharibəsi məhz Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində şanlı Qələbə ilə sona çatdı. Azərbaycanın ərazi bütövlüyü bərpa olundu, xalqımız dünyada mübariz və qalib xalq kimi tanıtdı.
Müharibə başa çatan kimi, işğaldan azad edilmiş ərazilərin, o cümlədən Laçının dirçəldilməsi istiqamətində sürətli işlərin aparıldığı, Böyük Qayıdış proqramının icra olunduğu qeyd olunub.
Çıxışlarda Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, keçmiş məcburi köçkünlərin bərpa edilən və yenidən qurulan Laçın şəhərinə qayıdışından bəhs edilib.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə yekunlaşıb.