Almaniyanın xarici işlər naziri Siqmar Qabriel deyib ki, Almaniya Türkiyənin İncirlik bazasındakı 260 əsgərlik kontingentini bu ölkədən çıxaracaq.
O, bu bəyanatı Ankarada türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə danışıqlardan sonra verib. Qabrielin baş nazir Binəli Yıldırımla görüşü baş tutmayıb, belə ki, əvvəlcədən planlaşdırılmasına baxmayaraq, Yıldırım bu görüşdən imtina edib.
Siqmar Qabriel Ankara təmaslarında Türkiyənin Almaniya parlamenti üzvlərinin İncirlik bazasına baş çəkməsi üçün icazəsini almağa çalışırdı.
Türkiyə isə Almaniya millət vəkillərinin İncirlik bazasına getməsinə razılıq vermir.
Ekspertlər buna bir neçə səbəb göstərirlər. Bəzi şərhlərə görə, prezident Ərdoğan Almaniyada onun tərəfdarlarının referendum mitinqləri keçirməsinə icazə verilməməsindən hələ də acıqlıdır. Başqa mülahizələrə görə, Ankara Berlindən iyul çevrilişi şübhəlilərinin ekstradisiyasını tələb edib, amma Almaniya sığınacaq verdiyi Türkiyə vətəndaşlarını Ankaraya təslim etmək istəmir.
Qabriel mətbuat konfransında deyib ki, Çavuşoğlu alman deputatlara İncirlik bazasına gəlmək icazəsinin verilməməsini “daxili siyasətlə” izah edib.
Almaniyanın İkinci Dünya Müharibəsindən sonra qəbul edilmiş konstitusiyasına görə, silahlı qüvvələr parlamentin tabeçiliyindədir.
Binəli Yıldırım Qabriellə görüşün ləğv olunmasını “sıx iş cədvəli” ilə əlaqələndirib.
Qabriel deyib ki, Ankara danışıqlarından sonra Berlinin qoşunları Türkiyədən çıxarmaqdan başqa yolu qalmır.
İncirlik bazasındakı Almaniya kontingenti və döyüş təyyarələri ABŞ koalsiyasının İŞİD-ə qarşı mübarizəsində iştirak edir.
Bəzi məlumatlara görə, İncirlikdəki alman hərbçilər İordaniyadakı hərbi bazalardan birinə keçiriləcək.
Qabriel deyib ki, Ankara və Berlin arasında fikir ayrılığının çözüləcəyinə ümid edir.
Bununla belə, Qabrielin müavini, lakin Angela Merkelin siyasi partiyasının üzvü olan Maykl Roth deyib ki, Almaniya və Türkiyə arasındakı fərqlər hələ bir müddət qalacaq.
O deyib ki, Türkiyə yaxın gələcəkdə strateji və hərbi partnyor kimi Almaniyanın yanında olmayacaq və Almaniyadan Türkiyəyə silahların verilməsi dərhal dayandırılmalıdır.
Azadliq.org