“Manatın dəyəri neftin qiyməti, idxal-ixrac əməliyyatları və digər bu kimi amillərdən asılıdır. Bu proseslər 2016-cı ilin sonu, bu ilin əvvəlindən artıq sahmana salınır. Yəni, çox ciddi nəzarət mexanizmi həyata keçirilir”.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov Ölkə.Az-a müsahibəsində deyib.
O bildirib ki, müəyyən qədər pul qıtlığı yaradılır, hər yerdə pul xərclənməsinə qarşı nəzarət mexanizmi gücləndirilir: “İdxal-ixrac əməliyyatlarında müsbət saldo yaradılır. Bütün bunlar isə müəyyən qədər manatın güclənməsinə və ya qorunub saxlanılmasına imkan yaradır. Burada əsas məsələ Azərbaycanda real sektorun inkişafı ilə bağlıdır. Yəni, biz elə etməliyik ki, manatın qorunub saxlanılması ölkədə real sektorun inkişafına təsir etməsin. Əsas bu məsələyə diqqət yetirmək lazımdır”.
Millət vəkili Azərbaycanda vaxtı keçmiş kreditlərlə bağlı sualı cavablandırarkən qeyd edib ki, belə kreditlərin məbləği 1,6 milyard manata yaxınlaşıb: “Mən bu yaxınlarda kreditlərlə bağlı görüş keçirmişəm. Həmin görüşdə də söyləmişəm. Ümumiyyətlə, hər bir vətəndaş kredit müqaviləsi bağlayanda onu ödəyib-ödəyə bilməyəcəyini düşünməlidir. Yəni, tələm-tələsik müqaviləyə imza atmaq lazım deyil. Digər tərəfdən hazırda banklarda da ciddi problemlər var. Çünki baş verən son iki devalvasiya banklara ciddi təsir edib, gəlirlərini xeyli azaldıb.
Kreditlərlə əlaqədar olaraq indi mənə çoxlu müraciətlər olunur. Mən də həmin müraciətləri banklara göndərirəm, onlar da buna müsbət reaksiya verirlər, müəyyən qədər güzəştə gedirlər. Bu baxımdan da insanları başa düşmək lazımdır. Ümumi razılığa gəlib, bu problemləri həll etmək olar”.