Ən qısa zamanda darmadağın edəcəyik-Ərdoğandan SƏRT XƏBƏRDARLIQ
"Bundan sonra Suriyanın bir daha bölünməsinə icazə verə bilmərik. Biz Suriya xalqını illərdir qorumuşuq. Suriya ilə qardaşlıq sınağından uğurla çıxmışıq. Ölkə ərazisinin bir daha atəş bölgəsinə çevrilməsinə heç vaxt razı ola bilmərik".
Musavat.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Ərdoğan bildirib ki, Suriya xalqı illərlə davam edən zülm sistemini alt-üst etdi və üsyanı zəfərlə taclandırdı: "Zalım Əsədin illərdir zülm və qırğınlarla yaşatmağa çalışdığı rejim 8 dekabr bazar günü Dəməşqin azad edilməsi ilə süqut etdi. Suriya və onun xalqı üçün firavan və xoşbəxt gələcəyin qapısı açılıb. İnşallah ölkənin digər bölgələrində də DAİŞ, PKK/PYD kimi terror təşkilatları ən qısa zamanda darmadağın ediləcək. Beləliklə, Suriyanın ərazi bütövlüyü və suverenliyi bütün ölkə ərazisində tam möhkəmlənəcək. Türkiyə bütün siyasi, diplomatik, iqtisadi və hərbi imkanları ilə bu tarixi mübarizədə daim Suriya xalqının yanında olacaq. Həmişə dediyimiz kimi; Suriya bütün inanc qrupları və etnik qrupları ilə suriyalılara məxsusdur. Keçmişin əzablarının gələcəkdə mayak kimi qurulacaq dinc, güclü və firavan Suriyaya gedən yolu işıqlandıracağına ümid edirik və bunu ürəkdən arzulayırıq. Suriyanın yeni administrasiyasının sabitliyinə və qədim Suriya torpaqlarının bütövlüyünə qarşı edilən hər hücumda Suriya xalqı ilə birlikdə bizi də qarşılarında görəcəklər”.
Şahanə Rəhimli