"Bu baş verərsə, bütün silahlarımızı istifadə edəcəyik" - PREZİDENT
Qazaxıstanın paytaxtı Astana şəhərində KTMT Zirvəsi sonrası mətbuat konfransı keçirən Rusiya Prezidenti Putin, Ukraynanın Qərbin təchiz etdiyi uzaqmənzilli silahlarla Rusiyaya hücum etdiyini bildirərək, bunun Qərbin münaqişəyə müdaxiləsi olduğunu vurğulayıb.
Xəbər verilir ki, Putin, Rusiyanın bu hücumlara cavab verəcəyini və hədəflərin Müdafiə Nazirliyi tərəfindən müəyyən ediləcəyini açıqlayıb.
O, Rusiyanın "Oreşnik" raketini sınaqdan keçirdiyini və bu raketin gələcəkdə yenilənəcəyini bildirib.
Həmçinin, Ukraynaya nüvə silahı verilməsinin qarşısını alacaqlarını qeyd edərək, "Ukrayna nüvə silahına sahib olarsa, bu halda sahib olduğumuz bütün silahları istifadə edəcəyik. Buna icazə verməyəcəyik. Əgər Ukraynaya nüvə silahı rəsmi şəkildə verilsə, bu, "Nüvə Silahlarının Yayılmasının Əngəllənməsi Müqaviləsi" ilə bağlı bütün öhdəliklərin pozulması demək olacaq. Ukraynada buna icazə verməyəcəyik. Hər addımı izləyəcəyik" deyib.