Azərbaycan əsgəri ermənilərin özbaşınalığına dözmək fikrində deyil və ordumuz düşmənin bütün mövqelərini darmadağın etmək üçün tam hazır vəziyyətdədir.
Bu sözləri Axar.az-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib. Ekspert iki gün öncə cəbhə xəttində ermənilərin atəşkəsi daha çox pozduğu istiqamətdə olduğunu, əsgər və zabitlərlə görüşdüyünü qeyd edib:
“Ermənilər sadəcə ağıllarını itiriblər. Hazırkı vəziyyət onu diqtə edir ki, düşmən ordumuzun malik olduğu o texnika, silah və dəyanətin qarşısında çoxdan ağlını başına yığmalıydı. Azərbaycan Müdafiə Nazirliyi dəfələrlə düşməni ən amansız şəkildə cəzalandırılacağı ilə bağlı xəbərdar edib. Bu cəzalandırma prosesi Xocavənd-Füzuli istiqamətində düşmənin müşahidə məntəqəsinin sıradan çıxarılmasında bir daha özünü göstərdi. O cümlədən əsgərlərimiz düşmənin çox ciddi avadanlıq saydığı kəşfiyyat-müşahidə qurğusunu ustalıqla ələ keçirməyə müvəffəq olublar. Baxın, erməni ordusu nə qədər bərbad bir durumdadır ki, istifadə etdikləri üsullar da onların adına layiqdir.
Azərbaycan əsgəri ermənilərin özbaşınalığına dözmək fikrində deyil və ordumuz düşmənin bütün mövqelərini darmadağın etmək üçün tam hazır vəziyyətdədir”.
Ekspert onu da əlavə edib ki, ermənilərin bu cür fəallaşması həm də ATƏT-in Minsk Qrupunun həmsədrlərinin regiona səfərləri ilə əlaqədardır: “Ancaq heç nə alınmayacaq və Azərbaycan Silahlı Qüvvələri düşmənin bütün təxribatlarını layiqincə cavablandıracaq”.
Qeyd edək ki, ötən gün Ermənistan-Azərbaycan qoşunlarının qarşıdurma xəttində, düşmənə məxsus bölmənin mühafizə olunan komanda müşahidə məntəqəsi və müşahidə qülləsinin optik qurğusu Ordumuz tərəfindən atəşlə dağıdılıb.