azia.az
azia.az

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev: “Yeni komandolar və hərbi birləşmələrin yaradılması zəruridir”

25-09-2024, 16:03

"Cənab Prezident İlham Əliyevin parlamentdəki çıxışı bir çox məqamları ehtiva etməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Prezidentin proqram xarakterli çıxışının əsasını ölkədə və dünyada baş verən proseslər, qlobal məsələlərdə Azərbaycanın rolu və bu istiqamətdə görülən, həmçinin gələcəkdə görüləcək işlər təşkil etdi. Cənab Prezident hər bir istiqamət üçün ayrı-ayrılıqda öz fikrini bildirdi. Əsas məqamlardan biri odur ki, suverenliyimiz bərpa olunduqdan sonra həm prezident seçkiləri, həm də VII Çağırış Milli Məclis seçkiləri bütün Azərbaycan ərazisində üçrəngli bayrağımızın altında keçirildi”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev söyləyib. 

A.Nağıyev qeyd edib ki, milli təhlükəsizliyin təmin edilməsi hər zaman olduğu kimi bu gün də mühüm məsələdir: 

“Suverenlik, ərazi bütövlüyü və hər bir Azərbaycan vətəndaşının rifahı dövlətin qarşısında dayanan prioritet məsələlərdir. Suverenliyimizin, ərazi bötüvlüyümüzün möhkəmləndirilməsi və bunun nəticəsində iqtisadiyyatımızın inkişaf etməsi üçün hərbi güc artırılmalıdır. Bu gün Ermənistanda revanşist qüvvələr baş qaldırır, o cümlədən Qərb Cənubi Qafqazda gərginlik yaratmaq, qonşu dövlətlər arasında nifaq salmaq üçün Ermənistan hakimiyyətindən vasitə kimi istifadə etməyə davam edir. Buna görə də güclü olmaq, hərbi-sənaye kompleksini inkişaf etdirmək mütləqdir. Bunun üçün də yeni silahlar alınmalı, o cümlədən ölkədə ən müasir silahlar istehsal edilməlidir. Həmçinin bundan istifadə edə bilmək üçün kadrlar yetişdirilməlidir. Hərbi-sənayenin gücləndirilməsi həm də yeni iş yerlərinin açılması deməkdir”. 

Millət vəkili bildirib ki, sərhədlərin qorunması məsələsi milli təhlükəsizlikdən danışarkən ön plana çıxır: 

“Ermənistanla dövlət sərhədinin delimitasiya və demarkasiyası davam edir.  Sərhədin 13 kilometri artıq delimitasiya-demarkasiya olunub. Uzunluğu 500 kilometr olan sərhəd mürəkkəb relyefli ərazilərdən keçir. Sərhəd xəttini möhkənləndirmək üçün müasir istehkam qurğularının qurulmasına ehtiyac var. Əsasən, yüksəkliklərdə hərbi xidmət keçmək üçün yeni komandolar, hərbi birləşmələrin yaradılması zəruridir. 

Ermənistandan hər an hərbi təxribat gözləniləndir. Çünki bu gün vizual kəşfiyyatçılar müxtəlif bəhanələrlə Azərbaycan-Ermənistan şərti sərhədində dayanıblar. Yalan məlumatları Qərbə ötürürlər. Fransanın bu işdə daha çox canfəşanlıq etdiyini görürük. Ermənistan və onun havadarları heç bir vəchlə Azərbaycanın suverenliyini bərpa etməsini, müstəqil siyasət yürütməsini həzm edə bilmir. Ermənistan və onun arxasında dayanan qüvvələr bilməlidirlər ki, Azərbaycan müstəqil daxili və xarici siyasət yürütmək yolundan dönməyəcək. Ali baş komandan, xalq və ordu birliyi hər zaman Azərbaycanın suverenliyinin, ərazi bütövlüyünün, müstəqillik  və inkişafının bünövrəsini təşkil edəcək”. 


Törə Zeynallı


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi