[justify]“IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın komanda hesabında uğur qazanması gözlənilən və təbii idi. Sonuncu Rio Yay Olimpiya Oyunlarında Azərbaycan islam ölkələri arasında ən çox medal qazanmışdı”.
azia.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.
Ə. Amaşov bildirib ki, Azərbaycan son illərdə iştirak etdiyi beynəlxalq səviyyəli idman yarışlarında, I Avropa Oyunları da daxil olmaqla, ardıcıl qələbələr qazanır: “Azərbaycan bir daha sübut etdi ki, sözün əsl mənasında idman ölkəsidir. Azərbaycan bir daha sübut etdi ki, bu vaxta qədər qazandığı uğurlar təsadüfi olmayıb”.
Azərbaycanda keçirilən beynəlxalq tədbirlərə, idman yarışlarına toxunan Mətbuat Şurasının sədri qeyd edib ki, Azərbaycan bu tədbirləri çox yüksək səviyyədə təşkil edir: “IV İslam Həmrəyliyi Oyunları səviyyəsinə görə heç də Olimpiya Oyunlarından geri qalmır. Digər tərəfdən, biz indiyə qədər belə yüksək səviyyəli yarışları keçirmək üçün xaricdən ekspertlər, mütəxəssislər dəvət edirdik. Artıq Azərbaycan son illərdə bu Oyunları təşkil edə biləcək mütəxəssislər yetişdirdi. IV İslam Həmrəyliyi Oyunlarında əsas təşkilatçılar da yerli mütəxəssislərdən ibarət idi. Könüllüləri də xüsusi qeyd etmək istəyirəm. Mən əminəm ki, növbəti dəfə belə yarışlar hansı ölkədə keçirilirsə keçirilsin, Azərbaycan mütəxəssislərinin imkanlarından istifadə edəcəklər. IV İslam Həmrəyliyi Oyunları Azərbaycanın İslam ölkələri arasında aparıcı ölkə olduğunu sübut etdi. Nəinki IV İslam Həmrəyliyi Oyunlarında iştirak edən islam ölkələrində, dünyanın digər ölkələrində də aparıcı media vasitələri Oyunların gedişi ilə bağlı geniş məlumat verdilər. Eyni zamanda Azərbaycan tarixi, mədəniyyəti, turizm potensialı ilə bağlı da informasiyalar verildi. Bu, xaricdə Azərbaycanın müsbət imicinin formalaşmasına kifayət qədər güclü təkan verdi”.
“Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev APA-ya açıqlamasında deyib ki, Azərbaycan IV İslam Həmrəyliyi Oyunları ilə dünyaya islam həmrəyliyi ilə bağlı ciddi mesaj verib. Baş redaktor Avropa mətbuatında İranda baş tutmayan İslam Həmrəyliyi Oyunları əsas götürülərək, Azərbaycanda IV İslam Həmrəyliyi Oyunlarının baş tutmayacağı barədə fikirlərin yer aldığını da xatırladıb: “Amma Azərbaycan İslam Həmrəyliyi Oyunlarının yeni modelini, standartını təqdim etdi. Eyni zamanda ənənələrinə, islami dəyərlərə malik olmaqla, müasir, dünyəvi bir dövlət olduğunu ortaya qoydu. 2015-ci ildə Birinci Avropa Oyunları keçirərək, Avropa Oyunlarının standartını yaratmışdı və dünyəvi dövlət kimi bir uğur ortaya qoymuşdu. Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarında isə sübut etdi ki, öz ənənələrinə sadiq qalaraq, müsəlman dünyasına bir töhfə verdi. Böyük idman yarışları tək idman deyil, eyni zamanda siyasət, iqtisadiyyat, mədəniyyətdir. Beləliklə, Azərbaycan yenə də dünyaya güclü, qüdrətli, stabil dövlət olduğunu nümayiş etdirdi. Azərbaycana gələn idmançılar, əcnəbi tamaşaçılar Azərbaycanın inkişafının, uğurlarının şahidi oldular”.
B. Quliyev Azərbaycan xalqının birliyini, həmrəyliyini ortaya qoyduğunu da vurğulayıb: “Böyük idman yarışları həm də xalqların birliyini, həmrəyliyini nümayiş etdirir. Azərbaycan xalqı dövlətinə dəstəyini bir daha nümayiş etdirdi. Könüllülərin fəaliyyəti də bunun bir təzahürüdür. Azərbaycan bu Oyunlarda islam ölkələrini bir araya gətirməklə sübut etdi ki, bütün islam aləminin həmrəyliyi mümkündür. Azərbaycan prezidenti də xüsusi qeyd etdi ki, Azərbaycanda aralarında müəyyən problemlər olan islam ölkələrinin idmançıları bir-birinin əlini sıxdı. Azərbaycan islam aləmində həmrəyliyini yarada bildi”.
“Səs” qəzetinin baş redaktoru IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın komanda hesabında birinci yeri tutmasının ölkədə idmana diqqətin nəticəsidir: “İdmançıların əksəriyyəti məhz Azərbaycanın müstəqillik illərində yetişiblər. İdmançıların əksəriyyətinin 20-25 yaşı var. Bu onu göstərir ki, müstəqillik illərində siyasi, iqtisadi sahələrdə, dövlətçiliklə bağlı olduğu kimi idman sahəsində də böyük işlər görülüb. Bu uğurlar da onun nəticəsidir. Bu münasibətlə bütün xalqımızı təbrik edirəm”.
B. Quliyev birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Təşkilati Komitəsinin fəaliyyətini də yüksək qiymətləndirib.
[/justify]