Çörçilin məşhur sözlərini yeniləsək, siyasətdə yerlibazlıq olmur, “zemlyak”ların bir-birinin ətini didişdirməsi mümkündür, təki qurbanlığa çevrilməyəsən… Amma həmyerlisini cəza ekspedisiyasının üstünə göndərən siyasət adamını sabah eyni aqibətin gözləyəcəyi istisna deyil
Xəyanət bağışlanmır və bir dəfə siyasi xəyanətə yol verən adam, deməli, hər dəfə lazım gəldiyində təkrarlayacaq.
“Anaxeber” yazır ki, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov bu günə qədər vəzifədə qalmasını mənəvi cəhətdən həmyerlisinə borcludur. İqtidar rəhbərliyi məhz komitə sədrinin illər əvvəl göstərdiyi xidmətə görə mükafatlandırıb və vəzifədə saxlayıb.
“Hakimiyyət bu yaxşılıqları əsla unutmur, di gəl ki, haçansa K.Həsənovun hökumətə arxa çevirəcəyinə də güman edir. Əslində, həmyerlisinə xəyanət etmiş bir şəxsə hakimiyyət daxilində müsbət münasibət yoxdur. Sadəcə, hakimiyyətin idarə olunması prosesində belə lazımdır”, – sayt yazır.
K.Həsənov bu gün də həmyerlisi, həbs həyatı yaşamış keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevə etdiklərinə görə daxilən əzab çəkir. Amma bunu “timsahın göz yaşları” adlandırmaq olar. Komitə sədri onun bir zamanlar əlindən tutub karyera pilləsində yüksəldən həmyerlisi olan naziri istintaqda ələ verir, dost əlini uzatmış F.Əliyevin biləyindən kəsir.
Bu ona nə qazandırdı? – hakimiyyət, var-dövlət, milyonlar və korrupsiya piramidası…
Sayt yazır ki, K.Həsənov F.Əliyev arasında münasibətlər ikincinin həbsindən sonra korlanır. Sabiq nazir istintaqda arxadan vurulan zərbədən xəbər tutur. Onun əleyhinə həmkarlarının və ayrı-ayrı məmurların verdiyi ifadələr bir yana, K.Həsənovun istitnaqa təqdim etdiyi materiallar bir tərəfə qalır.
F.Əliyev həyatının ən böyük zərbəsi və xəyanəti ilə üzləşir. Öz əlləri ilə taxta çıxardığı, hakimiyyət dəhlizlərində ayaq tutmasına dəstək verdiyi şagirdi onu satır. Tarix belə faktlarla doludur. İstər orta əsrlər, istərsə 19-cu əsr tarixində siyasi xəyanətlər az olmayıb.
F.Əliyev-K.Həsənov nümunəsi isə müasir Azərbaycan tarixinin dərsliyidir. Komitə sədrinin F.Əliyevə etdiklərinin MTN şefi Eldar Mahmudov işində də təkrarlaması istisna edilmir.
Bir müddət əvvəl MTN işi ilə bağlı “quyruğu qapı arasında qalmış”, Mahmudov-Çovdarov bandası ilə işbirliyi de-şifrə olmuş, barəsində ifaşedici materiallar yayımlanmış K.Həsənov vəziyyətdən sivişib çıxmağa müvəffəq oldu.
Hətta mətbuata da minnətçi düşən və media emissarlarının hesabına təşkil etdiyi kampaniya ilə Mahmudov-Həsənov əlbirliyini ört-basdır etməyə çalışan komitə sədri kim bilir ki, istintaqa nələr açıqlayıb.
Elə bu iş üzrə Dövlət Reyster Xidmətinin rəisi Məhəmməd İmanovu qurban verən Kərəm Həsənov üçün bir həyat kredosu var – silahdaşlarını, ona dəstək verənlər ən dar anda ələ vermək olar, təki kreslosunu itirməsin…Hər halda faktlar bunu deməyə əsas verir.
Mətbuatda K.Həsənov-F.Əliyev işi üzrə yeni informasiyalar meydana çıxıb. Media yazır ki, komitə sədri keçmiş nazirlə barışmaq üçün təşəbbüs göstərib.
K.Həsənov vəzifədən çıxarılmaq qorxusu qarşısında köhnə düşmənçiliklərdən yaxa qurtarmaq üçün F.Əliyev və onun qardaşı Rafiq Əliyevlə münasibətlərini sahmana salmağa çalışır.
Komitə rəhbəri ümid edir ki, vəzifəsindən gedəcəyi halda sabiqlərin Cəlilabad qruplaşması yaratmaq olar. Cəlilabadda da K.Həsənova F.Əliyevi satmış biri kimi baxırlar. Yəni, iqtidarla Cəlilabad camaatının komitə sədrinə münasibəti adekvatdır.
O baxımdan K.Həsənov öz reputasiyasını bərpa etmək, günahlarını yumaq və bağışlanmaq arzusundadır. Yalnız bu məqamda da K.Həsənov öz məqsədlərini güdür.
Əliyev qardaşlarının isə onu əfv edəcəyi ağlabatan deyil. Digər tərəfdən, Əliyev qardaşları olanları unutmayıblar və yaşadıqları onlara həyat dərsi olub.
Hakimiyyət isə K.Həsənovun həmyerlisinə qarşı etdiyi hərəkəti əsla yadından çıxarmayıb. Siyasi komandanın yenilənməsi və refreş olunması çərçivəsində komitədə sədr dəyişikliyi gözləniləndir. Əgər ƏMDK-nə yeni rəhbər gətirilərsə, F.Əliyevin “vurulmuş” K.Həsənovdan intiqam alacağı da son dərəcə mümkündür.
Mətbuat yazır ki, K.Həsənovun var-dövləti də az deyil.
O bilir ki, gec-tez özününküləşdirdiyi var-dövlət başına bəla olacaq. Bu əmlakların bir qisminin siyahısını təqdim edirik:
1. Xəzər rayonu Şüvəlan qəsəbəsi, A.İldırım küçəsi 39 ünvanındakı rayon maliyyə şöbəsinin köhnə 2 mərtəbəli binası. Tikilialtı sahəsi 600 kv.m, torpaq sahəsi 1156 kv.m.
2.Xəzər rayonu Şüvəlan qəsəbəsi, Şimal DRES-in uşaq bağçası. Tikilialtı sahə 800 kv.m, torpaq sahəsi 3000 kv.m.
3.Suraxanı rayonu Hövsan qəsəbəsi, Yardımçı təsərrüfat. Tikilialtı sahə 1300 kv.m, torpaq sahəsi 47000 kv.m.
4.Xəzər rayonu Mərdəkan qəsəbəsi, Dəniz yolu. Məmmədov Umudəli Ramazan oğlunun adına rəsmiləşdirilib .Tikilialtı sahə 220 kv.m, torpaq sahəsi 8400 kv.m.
5.Suraxanı rayonu Əmircan qəsəbəsi, E.Həsənov küçəsi 42 ünvandakı qeyri-yaşayış sahəsi. Tikilialtı sahə 150 kv.m, torpaq sahəsi 1300 kv.m. Binnətov Zəbullanın adına rəsmiləşdirilib.
6. Xəzər rayonu Şüvalan qəsəbəsinin cənub–şərq hissəsində Maşınqayırma Pansionatının yarımçıq tikilisi. Tikilialtı sahə 600 kv.m, torpaq sahəsi 127022 kv.m. Rəsmiləşdirilib Davudov Yusif Abdulhəmid oğlunun adına.
7.Xəzər rayonu Mərdəkan qəsəbəsi, H.Z.Tağıyev küçəsində yerləşən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin balansında olan qeyri –yaşayış sahəsi. Tikilialtı sahə 120 kv.m, torpaq sahəsi 9000 kv.m. Bayramova Xalidə Nuru qızının adına rəsmiləşdirilib.
8. Sabunçu rayonu Sabunçu qəsəbəsi, İ.Aslanov küçəsi, 3 ünvanda qeyri-yaşayış sahəsi. Tikilialtı sahə 1200 kv.m, torpaq sahəsi 23500 kv.m. Mustafayev Azad Niyazi oğlunun adına rəsmiləşdirilib.
9. Xəzər rayonu Gürqan qəsəbəsi, Dənizkənarı tikili. Tikilialtı sahə 550 kv.m, torpaq sahəsi 50000 kv.m.
10.Xəzər rayonu Şüvalan qəsəbəsi, A.İldırım küçəsi “Aqro” kooperativinin və Su doldurma məntəqəsinin yanında. Tikilialtı sahə 2000 kv.m, torpaq sahəsi 58000 kv.m.
11. Xəzər rayonu Buzovna yolu, Mərdəkandan Buzovnaya gedəndə sol tərəfdə SMD-26-nın əmlakı və torpaq sahəsi.
12. Vişnevka dəmir yolunun yanı, yardımçı təsərrüfat, idman sağlamlıq mərkəzi.
13.Sabunçu rayonu Bakıxanov qəsəbəsi, Sülh küçəsi 1 a keçmiş Keyfiyyət Evi. Tikilialtı 960 kv.m, torpaq sahəsi 3000 kv.m. İsmayılov Ramazan İslam oğlunun adına rəsmiləşdirilib.
14. Xəzər rayonu Şüvəlan qəsəbəsi, bağlara gedən təzə yolun üstündə. Tikilialtı sahə və torpaq sahəsi 5000 kv.m. Donuzçuluq və heyvandarlıq yardımçı təsərrüfatı.
15.Xətai Mexanizasiya ASC-nin nəzarət səhm zərfi.
16.Bəhrəmtəpə Qum-Çınqıl ASC-nin nəzarət səhm zərfi.
17.Nəsimi rayonu, S.Vurğun küçəsində yerləşən Bakı şəhər yol polisinin keçmiş ərazisi.
18.H.Zərdabi küçəsində Ticarət Nazirliyinin keçmiş qarajının yerində çoxmərtəbəli binaya şərikliyi (Papanin körpüsünün yanı.)
19.H.Ələskərov küçəsi 6-12 ünvanında çoxmərtəbəli binaya şərikliyi.
20. Nizami rayonu 8-ci km bazarı.
21.Kənar şəxslərin adına rəsmiləşdirilən Nərimanov və Səbail rayonundakı villa və mənzillər. H.Hacıyev küçəsindəki 2 mənzili, Qubada, Şamaxıda, Qəbələdəki villaları…
Arqument.Az