ABŞ-ın ötən gecə endirdiyi “Tomoqavk” zərbələri nəticəsində Suriya ordusunun əş-Şirayat aviabazasında biri general olmaqla çoxsaylı hərbçi öldürülüb, 15 hərbi təyyarə məhv edilib. Bu barədə Amerika mənbələri xəbər verir. Aviabazaya ABŞ-ın Aralıq dənizindəki hərbi gəmilərindən cəmi 59 qanadlı raket buraxılıb. İnternetdə yayılmış görüntülərə əsasən aviabazada raketlər bir-birinin ardınca partlayır, alov səmaya qalxır.
Öldürülən generalın hərbi bazada dislokasiya olunmuş 2-ci briqadanın komandiri Xəlil İssa İbrahim olduğu bildirilir. Mənbələr Suriyaya yeni raket hücumlarının gözlənildiyini xəbər verib. Xatırladaq k, ABŞ-ın Əsəd rejiminə qarşı bu raket zərbələri Suriya aviasiyasının aprelin 3-də İdlib əyalətinin Xan-Şeyxun qəsəbəsinə endirdiyi kimyəvi silah zərbələrinə cavabdır. Həmin hücumda yüzdən çox mülki sakin həlak olub. Onların arasında çoxsaylı azyaşlılar da var.
Raket zərbələrindən sonra mətbuat konfransı keçirən dövlət katibi Reks Tillerson bəyan edib ki, Trampın bu qərarı “ölkələrin qırmızı xətti keçdiyi halda nə baş verəcəyini” göstərir. Tillerson bildirib ki, ABŞ artıq Bəşər Əsədin hakimiyyətdən uzaqlaşdırılmasına yönəlmiş tədbirlər görür.
Dövlət katibinin sözlərinə görə, raket zərbələrindən əvvəl Rusiya rəhbərliyi ilə diplomatik kanallarla təmas yaradılmayıb. Bununla belə ABŞ və Rusiya hərbçiləri arasında Suriyada koordinasiyaya dair razılaşmalara əməl olunub. Bu isə o deməkdir ki, hərbi kanallarla raket zərbələri barədə Rusiya tərəfi xəbərdar edilib.
ABŞ-ın raket zərbələrinin ardınca İsrail aviasiyasının da Suriyanın Dəraa vilayətinə zərbələr endirdiyi haqda sosial şəbəkələrdə xəbərlər yayılıb. Bildirilir ki, zərbələr əl-Manşiyah bölgəsinə endirilib. İsrail ordu komandanlığı məlumatı şərh etmir. Bununla belə xəbər verilir ki, İsrail aviasiyasının zərbələrindən sonra Azad Suriya Ordusunun dəstələri həmin istiqamətdə hücuma keçiblər.
Kürd mənbələri isə xəbər verir ki, raket zəbələrindən sonra Deyr əz-Zor bölgəsində Amerika ordusu desant çıxarıb. Desantın iki vertolyotdan endirildiyini və Hamat-ə-Tabani rayonunda hansısa avtomobilə hücum olduğu bildirilir. Avtomobildəkilərin hamısı öldürülüb. Ehtimal edilir ki, bu, İŞİD liderlərindən hansısa birinə qarşı xüsusi əməliyyatdır.
Suriya mənbələrinin bildirdiyin görə, Amerikanın raket zərbəsindən əvvəl əl-Şirayat aviabazasının personalı evakuasiya olunmuşdu və bu səbəbdən tələfat az olub.
Şahidlərin dediyinə görə bu, hücumdan bir neçə dəqiqə əvvəl baş verib. Raket zərbələri hərbi aeroportun nəzarət qülləsini, təyyarələrin olduğu anqarları, sursat anbarını, uçuş-enmə zolağını dağıdıb. İsrail və Səudiyyə Ərəbistanı ABŞ-ın raket zərbələrini dəstəkləyib. Baş nazir Benyamin Netanyahu bildirib ki, ABŞ bununla bütün dünyaya nümunə göstərib.
Virtualorg.az