"Axıra qədər Babayanın hüquqlarını müdafiə edəcəyik."Ermənistanın sabiq müdafiə naziri, hazırda isə prezident Serj Sarkisyana qarşı yaradılan “Ohanyan-Raffi-Oskanyan” seçki blokunun liderlərindən biri Seyran Ohanyan Qarabağ müharibəsi iştirakçısı Samvel Babayanın həbsdən azad olunmasını tələb edib.
İstiPress-in məlumatına görə, S.Ohanyan bəyan edib ki, silah qaçaqmalçılığında ittiham olunaraq həbs edilən S.Babayan üçün sonuna qədər mübarizə aparacaqlar.
“Babayan Qarabağ müharibəsində iştirak edib, döyüş yoldaşımızdır. Müharibədə qələbə qazanmağımızda onun rolu var. Axıra qədər Babayanın hüquqlarını müdafiə edəcəyik. İmkan verməyəcəyik ki, hakimiyyət saxtakarlıq yolu ilə öz məqsədinə çatsın”, - deyə Ohanyan bildirib.
Xatırladaq ki, Samvel Babayanın həbsindən əvvəl müxalif “Jamanax” qəzeti hakimiyyətin aprelin 2-də “Ohanyan-Raffi-Oskanyan” alyansının kölgə lideri olan Qarabağın keçmiş “müdafiə naziri”nin silahlı qiyam hazırladığı barədə məlumata malik olduğunu yazmışdı.
Bildirilirdi ki, Samvel Babayan ötən ilin yayında Yerevanda polis alayı qərargahının tutulması ilə nəticələnən “Sasna tsrer” qiyamının yeni variantını hazırlayır və hakimiyyət bu planının bütün detallarını, proqramını bilir.