azia.az
azia.az

OĞUL MƏNİMDİR ƏYƏR OXUTMURAM, ƏL ÇƏKİN

23-02-2017, 12:26

OĞUL MƏNİMDİR ƏYƏR OXUTMURAM, ƏL ÇƏKİN

“Oğul mənimdir əyər, oxutmuram əl çəkin”.Bəli,nəinki dövrünün ,ümumiyyətlə bütün zamanların laməkan satirik şairi kimi möhür sahibi olan Mirzə Ələkbər Sabirin qələmindən çıxan bu sətirlər və canlandırılan obrazlar demək olar ki hamımıza tanışdır. Təhsil almaq,elm aləminə baş vurmaq istəyən bir övlad və “oxutmuram əl çəkin” deyə kəskin şəkildə buna qarşı çıxan bir ata. Şairin qəflət yuxusunda olan cəmiyyətə catdırmaq istədiyi növbəti qınaq ünvanı dəqiq, hədəf isə aydındır. Nə yazıq ki,bir əsr keçməsinə baxmayaraq müasir cəmiyyətdə gedən bəzi kataklizmaların və bir çox probemlərin kökündə hələ də şairin tənqid atəşinə tutduğu savadsızlıq durur. Cəhaləti təbliğ edən, övladlarının gələcəyini kölgə altına alan heç kim bu əməlində özünə tərəfdar tapmamalıdır,bu birmənalıdır. Lakin populist çıxışlarla cəhalət saçan əməllərin dəbinin çoxdan keçdiyini nə qədər iddia etsəkdə, qəbul etməliyik ki bəzən zaman, məkan,dövrü reallıqlar qərarlara təsir etmək qüvvəsinə malikdir. Gördüyümüz nümunələr fonunda biz də bəzən ən qəti yanaşmalarımızı, qəlibləşmiş qənaətlərimizi belə dəyişməyə, öz mövqelərimizdən geri çəkilməyə məcbur oluruq. Elə buna görə hərdən düşünürəm ki,görəsən Sabir müasirimiz olsaydı tənqidi fikirlərində yenə bu qətiyyətdə olardı, yoxsa ara-sıra silahını qoyub mübarizə apardıqları ilə bir sırada səf tutardı? Nə bilmək olar,dövrümüzdə təhsil sferasında baş alıb gedən müəyyən reallıqları görüb əvvəl tənqid atəşinə tutduğu bir ata ilə bugün bəlkə də həmfikir olardı? Allah sənə rəhmət eləsin, şair, sən hardan bilirdin ki, müəllifi olduğun "oxutmuram əl çəkin" ifadəsi bir əsr sonra da aktual olacaq, lakin məcazi deyil, birbaşa mənasında.Və kim ehtimal edərdi ki, ali təhsili olmayanlara bir zaman cahil kimi baxanlar bir gün onların bu hərəkətini təqdir edərək, bu addımı uzaq görənlik kimi qiymətləndirəcəklər.
OĞUL MƏNİMDİR ƏYƏR OXUTMURAM, ƏL ÇƏKİN

Təbii ki, əks qənaətə gəlməyə əsas verən səbəblər, bu qərarlara gəlməyə vadar edən şərtlər və şəxsi nümunələr saysızdır.Bu gün bir şagirdin məktəbə ayaq basdığı gündən taki ali təhsil ocağını bitirmək üçün keçdiyi uzun bir yolda hər bir valideynin çəkdiyi xərci ,etdiyi məsrəfləri, aldığı borcları və bu marafonun sonunda əldə olunan nəticəni görəndə bu əziyyətlərə qatlaşmağa dəyərdimi deyə bir sual qarşısında aciz qalırıq.Çünki təhsil bitəndən sonrakı mərhələ əksəriyyət üçün gözlənildiyi qədər nağılsayağı olmur. Təsəvvür edin valideynlər var ki uzun müddət pul yığır, bir çox məhrumiyyətlərlə özünü sınağa çəkir ki uşağını hazırlıq kurslarına göndərsin,hətta ödənişli təhsil haqqını ödəmək üçün külli miqdarda borca girənlər də var. Təbii bütün bu yatırımların arxasında gələcəkdə həm övladları, həm də özünün maddi təminatının sığortaya alınması kimi taktiki addımlar durur, lakin hər parıldayan qızıl olmadığı kimi, bəzən xəyallar da xəyal olaraq qalır.Övladları 500-600 balla ali məktəbə daxil olan valideynlər zəhmətlərinin hədər getmədiyi üçün sevinclərindən hansı yüksəkliklərdə uçurlarsa,təhsil bitdikdən sonrakı mərhələdəki reallıqlarda elə o yüksəklikdən yerə enirlər. Diplom adlı kağız parçası nəinki günlərlə çəkdiklərini unutdurmağa qadir olur, hətta bu sənədə görə dəridən-qabıqdan çıxdıqları üçün peşmanşılıq çəkənlərdə az olmur. Çünki ali məktəbə daxil olmaq,buranı bitirmək işin əsas hissəsinin olduğunu düşünənlər yanıldıqlarını tezliklə anlayırlar və əsl həyat bundan sonra başlanır. Tükənmək bilməyən işsizlik periodu, demək olar ki, üfüqdə olan mümkün bütün şirkətlərə cv paylamalar, qarşılığında aylarla davam edən bugün get sabah gəl bəhanələri. Nəticədə xidmət sahələrində işləməyə namizəd növbəti ali təhsilli bir kütlədə daban basma gəlir. Xüsusi bir məqam da var ki, əminəm ali məktəbi yenicə bitirmiş hər kəs bununla mütləq qarşılaşmışdır, təcrübə ,daha doğrusu iş təklif edənlərin təəbirincə desək “staj“problemi. Gənclər işlə bağlı hansı qapını döysələr onlardan mütləq iş təcrübəsi tələb olunur. Mənim üçün şəxsən çox maraqlıdır, yenicə ali məktəbi bitirmiş və həyatının təqribən son 15 ilini təhsilə həsr etmiş bir şəxsin, hansı arada işləmək, staj toplamaq şansı və vaxtı ola bilərki? Maraqlıdır hər kəs təcrübəli işçi axtarır və təcrübəsizləri heç kim işlə təmin etmək istəmirsə bu binəvalar təcrübəni hansı sehirli üsulla qazanmaqmalıdırlar? Bu məntiqsiz bəhanələrin nəticəsidir ki, bir necə xarici dil bilən, kompyuter mütəxəssisi olan ofisiantlara, 2 ali təhsilli bənna, yükdaşıyan, avtosalonda təkər qaraldanlara yalnız bizdə rast gəlinir. Bir sual yaranır, əgər ali təhsil bir insanın həyatında rol oynamağa qadir olmayacaqsa, orta təhsillilərlə bir sırada səf tutaraq fəhlə, usta, yük daşıyan olacaqdısa, işlədikləri sahə ilə təhsillərinin heç bir ortaq yönü olmayacaqdısa bu qədər əziyyətə, maddiyyat, zaman və sinir hüceyrələrinin sərfinə nə ehtiyac var? Bu faktların qarşısında beyin hüceyrələrimi yükləyərək nə qədər düşünsəmdə “oxutmuram əl çəkin” deyən valideynləri fikirlərindən döndərəcək heç bir arqument tapmıram. Sözsüz ki,yuxarıda qeyd olunan problemlərin yaranmasında kütləvi qəbulların da günah payı var.İşlə təmin edilmə ehtımalı zəif olan ixtisaslara qəbulu azaltmaq əvəzinə gündən günə artırılmağın nəticəsidir ki,bu cəmiyyətin yaxın yarım əsr üçün kifayət qədər ehtiyatda olan həkimlər,müəllimlər,kompyuter mühəndisləri var artıq. Halbuki qəbulda kütləviliyi ləğv edərək, kadr bolluğu, deyil kadr çatışmamazlığı istiqamətində işləmək lazımdır. Daha doğrusu qurumlar vəhdət şəkildə çalışsa,gələcəkdə hansı sahədə və nə qədər kadrlar tələb olunacağı ilə bağlı statistikalar aparılaraq qəbullar bunun əsasında təşkil edilsə nə gənclərin arasında işsizlik bu qədər kütləvi hal almaz, nə də gördükləri pis nümunələrə görə kimlərinsə maariflənmək arzusu elə beşiyindəcə boğulmaz. İşsizlik, pulsuzluq və savadsızlıq kimi 3 amilin bəhdətinin açdığı çığırlar, sövq elədiyi yollar heç kimə sirr deyil. Bunun qarşısını almaq üçün fövqəladə və ya fövqəlbəşəri tədbirlərə ehtiyac yoxdur, çünki bəzən ən kiçik addımlar belə böyük dəyişikliklər etməyə qadirdir.

ELÇİN ŞÜKÜR


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi