azia.az
azia.az

ABŞ kəşfiyyatından Bakı üçün qorxulu xəbərdarlıq

11-01-2017, 10:46

ABŞ kəşfiyyatından Bakı üçün qorxulu xəbərdarlıq
Mərkəzi Kəşfiyyat İdarəsi yaxın beş ildə dünya üçün gözlənilənlər barədə proqnoz xarakterli hesabat yayıb

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi yaxın beş ildə dünya üçün gözlənilənlər barədə proqnoz xarakterli hesabatını yayıb.

Sənəddə bildirilir ki, dünyada iqtisadi böhran və hakimiyyətdə kataklizmləri artıracaq. Eyni zamanda Rusiyanın aqressiyası da artacaq ki, bu da yaxın ölkələr üçün təhlükəli ola bilər.

Bəs Azərbaycan bu kimi təhlükələrdən sığortalanmaq üçün nələr etməlidir? Əsasən də hakimiyyətin və siyasi təşkilatların üzərinə hansı addımları atmaq düşür?

Ümid Partiyasının sədri İqbal Ağazadə bildirdi ki, Azərbaycanda vəziyyət hələ kataklizmlər ortaya çıxacaq səviyyədə kritik deyil. Azərbaycanda sadəcə mövcud vəziyyətin kritikləşməməsi, ABŞ-dan yayılan sənəddə verilən proqnozun gerçəkləşməməyi, iqtisadi böhranın siyasi böhrana keçməməsi üçün ciddi addımlar atılmır.

Ciddi addımlar atılmayacağı halda verilən proqnoz reallaşa bilər. Amma ciddi addımlar atılacağı təqdirdə Azərbaycan bu çətin mərhələni normal, təlatümsüz adlaya bilər: “Mən demirəm ki, hər şey neft bumu dövründəki kimi olar. Amma orta vəziyyətdə Azərbaycan yeni mərhələyə keçid eləyə bilər. Hakimiyyət bu mərhələni doğru-dürüst qiymətləndirməlidir və təkcə öz resurslarından, yəni hakimiyyətdə olanların resurslarından deyil, cəmiyyətin resurslarından düzgün faydalanmağın yollarını aramalıdır.

O cümlədən də cəmiyyətin bir parçası olan QHT-lərin, siyasi institutların rolundan birgə faydalanmaq gərəkdir. İqtisadi böhran vəziyyətlərində iqtisadi böhranla siyasi böhran birləşəndə durum daha qəliz olur və kataklizmlər bu zaman müşahidə olunur və vəziyyət çıxılmaz hala düşür. Bəzi hakimiyyət ekspertləri belə hesab edir ki, siyasi böhranla iqtisadi böhranın birləşməsi üçün güclü siyasi institutlar lazımdır. Əksinə, siyasi institutların olmadığı, zəif olduğu yerdə siyasi böhranla iqtisadi böhran birləşə bilir.

Siyasi institutlar güclü olduğu yerdə isə dəyirmi masalarda, danışıqlarda, birgə addımlar atmaqda, məsuliyyəti birgə bölüşməkdə fayda olur ki, bu fayda da iqtisadi böhranla siyasi böhranın birləşməsinə və kataklizmlərin olmasına imkan vermir. Ona görə də belə hesab edirəm ki, bu istiqamətdə hələ hər şey tükənməyib. Hər şey tükənmədiyi üçün də vəziyyətimiz bugünkü mərhələdən baxanda hələ kritik deyil. Vəziyyəti düzəltmək üçün resurslar və imkanlar var. Cəmiyyətin əksər siyasi qüvvələri Azərbaycan dövlətinin mənafeyini qorumaq, problemin dərinləşməməsi üçün barış mövqeyinə malik xəttədir. Belə bir təklif olarsa, hər kəs bunu sevə-sevə Azərbaycan dövləti naminə edə bilər”.

Rusiyadan gözlənən aqressiya və təhdidlərlə bağlı deyilənlərə gəldikdə, İqbal Ağazadə dedi ki, Rusiyadan təhdidlər hər zaman olub və olacaq: “Rusiyanın özünün vəziyyəti qəlizləşdikcə, o, ətrafdakı ölkələrə təhlükə mənbəyi kimi qalacaq. Azərbaycan da istisna deyil. Yeni problemlərin ortaya çıxması və Rusiyanın ətrafında qeyri-demokratik bufer zonasının yaradılması üçün Moskva bütün imkanlarını səfərbər edəcək. Çünki Rusiyanın ətrafında demokratik inkişaf etmiş həlqə olarsa, bu demokratik inkişaf Rusiyanın içərilərinə doğru keçəcək. Moskva isə bunun olmaması üçün cəhdlərini artıracaq. Amma Rusiya əvvəlki saldırılarda qazandıqlarını da itirəcək və bütövlükdə ətraf zonalar da demokratikləşəcək”.

Ümid sədri MKİ-dən yayılan hesabatda Azərbaycanda iqtidar daxilində kataklizmlər barədə iddiaların təhlil, yoxsa informasiyaya əsaslanan fikirlər olduğu haqda dəqiq nə isə söyləməyin çətin olduğunu vurğuladı: “Amma hər halda, Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən hazırlanan bir proqnozu, hesabatı qeyri-ciddiyə alıb ”bizdə bunlar qətiyyən ola bilməz" kimi mövqedə bulunmaq da yanlış olar. Çünki mənbə kifayət qədər ciddi və sanballı mənbədir. O mənbə iddialarını nəyin əsasında formalaşdırırsa belə, məlumat olaraq qiymətlidir və araşdırılmağa dəyər. Eyni zamanda oradakı iddiaların reallaşmamağı üçün də çıxış yollarını tapmaq lazımdır". (musavat.com)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi