azia.az
azia.az

Türkiyə və Azərbaycan əleyhinə gizli Qarabağ ssenarisi

14-12-2016, 10:41

Türkiyə və Azərbaycan əleyhinə gizli Qarabağ ssenarisi
Bir millət-iki dövlətə qarşı yeni təhdid; Avropanın PKK terrorunu az qala milli-azadlıq hərəkatı kimi qələmə verməyə başlamasının təhlükəli pərdəarxası; Qərbin qardaş ölkəyə qarşı gerçək hədəfinin detalları üzə çıxır; bizim də götürəcəyimiz dərslər var; politoloq: “Türkiyəni təkləməyə çalışırlar...”

İstanbulda 44 nəfərin ölümü ilə nəticələnən 10 dekabr terror aktına Avropadan, Qərbdən reaksiya, yumşaq desək, məyusedici oldu.

Xəbər verdiyimiz kimi, klassik terror hücumu olan və PKK-nın açıq şəkildə məsuliyyətini öz üzərinə götürdüyü bu qanlı olayı Qərb dünyası bəzi istisna ilə ya pisləməyə tələsmədi, ya da pisləsə də bu, adekvat olmadı.

Məsələn, Almaniyanın nüfuzlu “Deutche Welle” nəşrinin jurnalisti Vodafon Arena terror aktı ilə bağlı özünün twitter səhifəsində “Bu, PKK-nın böyük uğurudur” yazmaqla faktiki surətdə onu “milli-azadlıq hərəkatı”nın təzahürü kimi qələmə verməyə çalışdı, terrorçulara rəğbət ifadə etdi. Avropa Parlamentinin sədri Martin Şults “qəlbi ilə Türkiyə vətəndaşları ilə olduğunu” söyləsə də, hadisəni terror adlandırmadı.

Avropa Birliyinin (AB) xarici işlər naziri Federiko Moqerini da şablon yanaşma sərgiləyərək, yalnızca Türkiyə ilə həmrəylik ifadə etdi, o da “terror” demədi. Həmçinin AB-nin qonşuluq və genişlənmə siyasəti üzrə ali komissarı Yoxannes Xan “terrorizm” sözünü işlətmədi. Yalnız “demokratik cəmiyyətdə zorakılığa yer yoxdur” kimi abstrakt və əhəmiyyətsiz ifadə ilə kifayətləndi. ABŞ-dan da sanballı və adekvat reaksiya gəlmədi.



Maraqlıdır ki, Ədirnə həbsxanasında saxlanılan, PKK-nın siyasi qanadı HDP-nin həmsədri Səlahəddin Dəmirdaş da İstanbul teraktını terror adlandırmayıb. Hər fürsətdə PKK-nı müdafiə edən, terrorçu-kamikadzelərin dəfninə qatılan və qardaşı PKK rəhbərliyində təmsil olunan kürd separatçı deyib: “Bütün toplumu, xalqımızı şiddət qarşılığında, barış, qardaşlıq, demokratiya və azadlıq duyğuları ətrafında ümidlə bir arada durmağa dəvət edirəm. Şəraitimiz nə qədər çətin olursa, olsun, müqəddəs hesab etdiyimiz sülhü müdafiə etməkdən imtina etməməli, ümidimizi itirməməliyik. Bu çətin dövrü mübarizə ilə aşaraq, ölkəni stabil mərhələyə çıxarmağı bacarmalıyıq”.

*****

Bu da sizə əlahəzrət fakt: PKK-çılar və onların siyasi dəstəkçiləri ilə Avropanın mötəbər təşkilatları və onların rəsmilərinin 10 dekabr teraktına yanaşması tam üst-üstə düşür! Təsadüfmü? Düşünmürük. Niyə?



Çünki söhbət artıq Qərbin faktiki surətdə qardaş ölkəni separatçı-terrorçu kürdlərin və onların təşkilatlarının əli ilə daxildən zəiflətməyə, bölməyə, bununla da onu sözəbaxan və sıradan bir dövlətə çevirməyə (yalnız bundan sonra Türkiyənin Avropa Birliyinə üzvlüyü mümkün sayılır) yönəlik olduqca məkrli bir plandan - təxminən “Qarabağ ssenarisi”nə oxşar bir gizli plandan gedir.

Diqqət edin, Qərbin Qarabağdakı separatçı-terrorçu rejimə, işğalçılara münasibəti PKK bölücülüyü və terroruna münasibəti ilə təxminən eyniyyət təşkil edir. Avropa, Amerika PKK-yanlılara da öz qoynunda məmnuniyyətlə yer verib, nümayəndəliklərinin fəaliyyət göstərməsinə şərait yaradıb, Qarabağ separatçılarına da. Az öncə Demirtaş başda olmaqla, Türkiyə dövləti əleyhinə fəaliyyət göstərən deputatların həbsinə Qərbin etiraz reaksiyası da eyni yanaşmanın xəbərçisi idi.


Demək, qardaş məmləkətə qarşı məkrli planla Azərbaycana da mesaj verilib. Ona görə ki, Türkiyənin zəifləməsi Azərbaycanın zəifləməsi, ölkəmizin ən güclü müttəfiqdən və arxadan məhrum edilməsi deməkdir. Böyük ehtimalla, məhz zəifləmiş Azərbaycana da Qarabağ erməniləri üçün öz müqəddəratını təyinetmə haqından dəm vuran Qərb öz bildiyi şəkildə “nizamlama” sırımaq niyyətindədir. Bu mənada Türkiyə əleyhinə Qarabağ planında dolayısyla ölkəmizin də yer aldığını söyləmək olar.

Odur ki, qardaş ölkə, onun hakimiyyəti və toplumu olduqca diqqətli olmalıdır: Türkiyə, deməli, həm də Azərbaycan yeni və daha böyük təhdidlə üz-üzədir. Şübhəsiz ki, Türkiyə Azərbaycan deyil. Fəqət, unutmaq olmaz ki, qardaş ölkəyə qarşı gizli-açıq şəkildə duran çevrələr də daha mütəşəkkil və imkanlıdır. Siyasi analitiklər də bu yöndə xəbərdarlıqlar etməkdədir.



*****
“Görünür, öz ərazi bütövlüyünü və Ankaraya olan təhdidləri qorumaq üçün Türkiyənin gördüyü tədbirlər Avropanın ürəyincə deyil”. Bunu İstanbul teraktı və onun arxasında dayanan güclərlə bağlı axar.az-a danışan sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq bildirib ki, Türkiyədə asayiş keşikçilərinə qarşı törədilmiş terror dünyada birmənalı olaraq pislənilməlidir.

“Avropa tərəfindən bu cür biganə münasibət Türkiyəni qəzəbləndirə bilər. Çünki bu gün Avropanı terror sui-qəsdlərindən qoruyan və oraya miqrantların içərisində İŞİD, ”əl-Qaidə" və başqa terror təşkilatların sızmasının böyük ölçüdə qarşısını alan məhz Türkiyədir. Avropa isə bunu dəyərləndirmək istəmir. Bu, Avropanın söykəndiyi dəyərlərlə qətiyyən üst-üstə düşmür. Türkiyəyə terroru gətirən PKK və İŞİD-çilərdir. İndi isə birdən-birə Avropa və Amerikanın baxışları dəyişib, hətta kürdlərin terror törətməsinə milli azadlıq hərəkatının təzahürü kimi baxmağa başlayıblar. Bu, nə elmi-siyasi, nə də normal insan düşüncəsi nöqteyi-nəzərindən qəbul ediləndir" - siyasi şərhçi qeyd edib.



Politoloq hesab edir ki, özlərini sivilizasiyanın mənbəyi hesab edənlər terrora bir növ mənəvi siyasi dəstək verməklə Türkiyəni təkləməyə çalışırlar: “Görünür, Türkiyənin öz ərazi bütövlüyünü və Ankaraya olan təhdidləri qorumaq üçün gördüyü tədbirlər Avropanın ürəyincə deyil. Xarici qüvvələr məhz buna görə bu məsələdə qardaş ölkəni müdafiə etmək istəmirlər. Bu, Avropa dəyələrinin iflasa doğru getdiyini göstərir. Vaxt gələcək, Avropa ölkələri buna görə xəcalət çəkəcəklər”.



Q.Hüseynlinin fikrincə, Türkiyə bu terror aktları ilə bağlı daxili siyasətində ciddi dəyişikliklər etməlidir: “Ordu, jandarma və kəşfiyyat idarələrinin peşəkarlıq səviyyəsi gücləndirilməli, eləcə də sərhədlərin qorunması məsələsinə xüsusi diqqət yetirilməlidir. İstər PKK, istərsə də onun siyasi və hərbi qanadı olsun, xaricdən sızmalar dərhal zərərsizləşdirilməlidir. Bir sözlə, Türkiyənin qarşısında çox ciddi məsələlər durur”.

*****

Qərbin Türkiyəyə qarşı məkrli planını faş edən daha bir mühüm detal: bəllidir ki, prezident V.Putin 10 dekabr İstanbul qətliamını dərhal alçaq terror hücumu adlandıraraq pisləyib, Türkiyə prezidenti və xalqına başsağlığı verib - yəni, tam normal, şüuru yerində olan, mədəni, sivil insanlar kimi. Avropa, Qərb, demokratik dövlətlər və onların rəsmiləri isə...

İndi bu, daim təməl insan haqlarından dəm vuran Qərbin 44 günahsız insanın qətlinə münasibətdə “ədaləti”, bu da Kremlin yanaşması. “Siyasətdə əxlaq axtarmaq qüsurludur” deyənlərə indi necə haqq qazandırmayasan ki... (musavat.com)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi