“Müharibə uzaqda deyil” xəbərdarlıqları çoxalır
Cəbhə xəttində düşmən təxribatlarının artması xarici ekspertlərin də diqqətini çəkib; rusiyalı tarixçi-analitik: “Azərbaycan ordusu Dağlıq Qarabağa girsə...”
Dünən apreldəki 4 günlük müharibənin başlanmasından 7 ay ötdü. Cəbhə xəttində isə son günlər yenidən gərginlik hökm sürməkdədir. Düşmən tərəfin təzədən təxribatlara əl atması müşahidə edilir. Artıq bir çox hərbi və siyasi ekspertlər vəziyyətin istənilın an genişmiqyaslı hərbi toqquşmaya keçə biləcəyi haqda xəbərdarlıq etməyə başlayıb. Əcnəbi analitiklər də durumun çox təhlükəli olması haqda SOS siqnalı verməkdədirlər.
“Bu gün Azərbaycan və erməni silahlı qüvvələrinin təmas xəttində baş verən hadisələr 9 ay öncəki, aprel əməliyyatları ərəfəsi situasiyanı çox xatırladır. O vaxt da ön mövqelərdə atışmaların tezliyi və intensivliyi kəskin artmış, ardınca artilleriya duelinə çevrilmişdi. Və günün birində kiminsə əsəbləri dözmədi və hər iki tərəf 4 günlük eskalasiyaya tuş gəldi - hansı ki, nəticədə hərbi qələbə Azərbaycan hərbçilərinin oldu”.
Bu sözləri tanınmış rusiyalı tarixçi-analitik Oleq Kuznetsov rusdilli vesti.az saytına müsahibəsində bildirib.
Onun sözlərinə görə, yaxın zamanlarda yeni açıq hərbi qarşıdurma baş verərsə, o, heç də əvvəlkindən az kəskin olmayacaq: “Bu isə təkcə hərbi yox, mənəvi-psixoloji faktorlarla əlaqəli olacaq. Azərbaycan hərbçiləri öz xalqına və bütün dünyaya sübut etməyə çalışacaqlar ki, aprel qələbəsi təsadüfi və ya məqamın uğurluluğu ilə bağlı olmayıb. Ermənilər də bütün dünyaya, ilk növbədə isə özlərinə isbat etmək istəyəcəklər ki, aprel uğursuzluğu təsadüfi olub və bundan sonra onların başına bir də belə şey gəlməyəcək”.
Analitik hesab edir ki, əgər döyüşlər başlasa, bu, müharibədə mənəvi üstünlük uğrunda döyüş olacaq: “Əgər azərbaycanlılar qalib gəlsə, o zaman onlar Ermənistana olduqca güclü təzyiq rıçaqı əldə edəcəklər. Bunun ardınca ermənilərin işğal elədiyi torpaqların boşaldılması sürətli xarakter alacaq. Ermənilər üstünlük əldə eləsə, Dağlıq Qarabağla bağlı mövcud situasiya daha bir neçə il uzanacaq. İndiki situasiyada lokal olsa belə, istənilən miqyaslı toqquşma qarşı duran tərəflərin hər biri üçün özünəməxsus ”həqiqət anı" olacaq. Yəni məhz onda hər bir tərəfin potensial imkanları açıq şəkildə üzə çıxacaq. O zaman bilinəcək ki, kimi cəsarət, kimi isə ötkəmlik idarə edir. İstənilən səhv böyük uğursuzluqla nəticələnə bilər. Bildiyim qədər Azərbaycanın hərbi naziri Zakir Həsənov bütün bunları çox yaxşı başa düşür. Ona görə də o, indi cəbhə xəttində qoşunların təftişi ilə məşğuldur, tabeçilikdə olan qüvvələrin potensial və imkanlarını yoxlayır. Əlbəttə ki, bu təftiş yoxlanışı qoşunların hərbi texnikanın qış istismarına keçidi ilə də bağlı ola bilər. Ancaq belə bir təftiş çox qəribə şəkildə düşmən tərəflərin təmas xəttində vəziyyətin gərginləşdiyi dövrə təsadüf edir".
Rusiyalı tarixçi növbəti hərbi eskalasiya variantında Moskvanın bu eskalasiyaya mümkün müdaxiləsi barədə də danışıb: “Azərbaycanda məndən tez-tez soruşurlar ki, müharibə təzədən alovlana, Rusiyanın reaksiyası necə olacaq? Mənim Kremlin hərbi əməliyyatların başlamasına reaksiyasının necə olacağı barədə baxışım belədir: nə qədər ki, döyüş əməliyyatları işğal altındakı Azərbaycan ərazilərində gedəcək, xüsusən də keçmiş DQMV-nin inzibati sərhədləri aşılmadan, sırf onun ətrafındakı rayonların azad edilməsi yönündə gedəcək, o zamana kimi Rusiya hökuməti yalnız diplomatik kanallarla rəsmi Bakıya siyasi təzyiq edəcək. Moskva dəfələrlə bəyan edib ki, İrəvan 5 və ya 7 rayonu geri verməlidir və əgər bu, baş vermirsə, Bakı onları güc yolu ilə qaytara bilər. Sərhədlərin aşılması daha əsəbi reaksiya doğuracaq ki, Azərbaycan ona hazır olmalıdır”.
Bununla belə, Oleq Kuznetsov hadisələrin bu cür inkişaf ssenarisinin sırf öz şəxsi mövqeyi olduğunu vurğulayır və yanıla biləcəyini də istisna eləmir. “Buna bəraət kimi yalnız onu deyə bilərəm ki, səhv ehtimalı obyektiv informasiya qıtlığı ilə bağlıdır. Hərb dövrü şəraitində buna nəinki mülki şəxsin, üstəlik də, xarici dövlətin vətəndaşının ümid eləməsinə dəymir də. Mən ümumi mülahizələrimin yekununu, situasiya ilə bağlı hisslərimi dedim. Ancaq hisslər emosiya kimidir. Onlar analiz üçün material qıtlığı üzündən çox tez-tez yanlış da ola bilər”, - sonda analitik əlavə edib.
*****
Müharibə riskinin artmasını isə ilk növbədə Qarabağ danışıqlarında yaranan durğunluq, ATƏT-in Minsk Qrupu həmsədrlərinin dişsiz fəaliyyəti və təbii ki, o sırada iki həmsədr dövlət - ABŞ və Rusiya arasında son vaxtlar kəskinləşən münasibətlər şərtləndirir. Hətta vəziyyətə ABŞ-da yaxınlaşan prezident seçkilərinin (8 noyabr) təsir etdiyini düşünənlər var.
“Rusiyanın Dağlıq Qarabağla bağlı hazırkı susqunluğunun səbəbi 8 noyabrda ABŞ-da keçiriləcək seçkilərlə bağlıdır. Məhz bu seçkidən sonra dünyanın gedişatı dəyişəcək. Moskva da bu üzdən müəyyən addımlar atmaqdan çəkinir”. Bunu axar.az-a açıqlamasında politoloq Arzu Nağıyev deyib.
Ekspert hesab edir ki, prezidentin Qarabağla bağlı son bəyanatı açıq şəkildə məsələnin paket şəklində həll olunmayacağına dair bir mesaj idi: “Qarabağ problemi yalnız mərhələli şəkildə həll olunmalıdır. Rusiyadan Ermənistana verilən bu mesajın ardından ATƏT-in Minsk Qrupunun həmsədrləri dərhal regiona səfər etdilər. Ermənistan rəhbərliyi isə paket həll variantının üzərində dayanıb. Rusiya SSRİ-nin varisidir və bu yanan ocağın yaradılmasında SSRİ-nin birbaşa rolu olub. Ona görə də Rusiya məsələni sona qədər yerinə yetirməlidir”.
“Sankt-Peterburq görüşündə ilk dəfə uzun müddətdən sonra müəyyən bir müsbət hal yaranmışdı. Lakin hakimiyyətindən, hətta canından qorxaraq pərdəarxası görüşlərdə İrəvana qayıtdığı müddətdə artıq məhv ediləcəyini bildirən Sərkisyan bu dəfə də siyasi gedişlər edərək hökumət dəyişikliyinə getdi. Hətta separatçılarla görüşündə yenidən müstəqilliklə bağlı bəyanatlar verdi. Bu ərəfədə Rusiyanın regionda öz nüfuzunu qorumaq üçün atacağı addımlar çox müsbət qiymətləndirilsə də, İrəvanın bu variantları Moskvanı müəyyən tərəddüdlərə gətirdi. Bilirsiniz ki, Türkiyə ilə Rusiya arasındakı NATO sərhədi məhz Ermənistandan keçir. Ermənistanda cəmləşən ”İsgəndər" raketlərinin izinin məhz Qarabağda silinməsi isə heç də gözlənilməz olmadı" - politoloq qeyd edib.
Image result for Oleq Kuznetsov
Ekspert Cənubi Qafqazda mümkün real təhlükə fonunda Qarabağ münaqişəsinin həllini sürətləndirməkdənsə, əks mövqeni seçən Rusiyanın hazırkı susqunluğunu belə izah edib: “8 noyabrda ABŞ-da keçiriləcək seçkilərdən sonra dünyanın gedişatı dəyişəcək. Fikrimcə, Moskva da məhz bu üzdən müəyyən addımlar atmaqdan çəkinir. Bu da separatçıların Qarabağda və Talış kəndində müəyyən manevrlər etməsinə gətirib çıxarır. Nə qədər sülh tərəfdarı olsaq da, istənilən vaxt məsələnin hərbi yolla həllinə hazır olmalıyıq. Lakin bu, iki dövlət arasında olanlar müharibə, yaxud antiterror əməliyyatları ilə nəticələnməyə, böyük regional qarşıdurmaya gətirib çıxara bilər”.
Beləliklə, həm yerli, həm də xarici analitiklər səviyyəsində “Müharibə uzaqda deyil” xəbərdarlıqları çoxalmaqdadır. Bu isə ən çox vasitəçi dövlətləri qayğılandırmalıdır. Çünki həlli uzanan konfliktin təzədən qaynar fazaya keçməsi bu dəfə onları da üz-üzə gətirə bilər.(musavat.com)