azia.az
azia.az

Putin dünyanı müharibəyə aparır

18-10-2016, 16:28

Putin dünyanı müharibəyə aparır
“Öz ölkəsini militarizm yoluna saldı”

DTK-nın keçmiş polkovniki Vladimir Putin, 17 il bundan əvvəl Çeçenistanda gedən müharibə dalğası üzərindən öz ölkəsinin rəhbəri oldu.

Boris Yeltsin Çeçenistandakı üsyanı yatırmaq üçün hakimiyyəti ona ötürdü. Nəticədə özünün köhnə çekist dostları ilə əhatə olunmuş Putin, hərbi çarxı yenidən işə salmağa başladı.

Putin həmişə güclü Rusiya ideyasına mübtəla olub. Həm də o, hesab edir ki, Sovet İttifaqı dövründəki kimi, Qərb yenə də düşmən olaraq qalır. Elə bu səbəbdən də, Rusiya prezidenti düşünür ki, əsas etibarı ilə, ilk növbədə iqtisadi yox, hərbi cəhətdən qüvvətli olmaq lazımdır.

Özünün ilk çıxışından başlayaraq, Putin ABŞ və NATO ilə qarşıdurma tərəfdarı kimi tanınıb. Putinə görə, bunun səbəbləri müxtəlifdir – NATO-nun şərqə doğru genişlənməsi, Avropada Raket Əleyhinə Müdafiə sistemlərinin qurulması, Krımın ilhaqı ilə əlaqədar sanksiyaların tətbiqi, Ukraynada münaqişə və nəhayət, Suriyadaakı müharibə ilə bağlı fikir ayrılıqlarıdır.

Putin əmindir ki, ABŞ və Avropa Birliyi ixtiyarlarındakı bütün vasitələrdən istifadə etməklə, Rusiyanı durdurmaq istəyirlər və bu məqsədlə də, siyasi təcriddən tutmuş, iqtisadi təzyiq, informasiya müharibəsi, xüsüsi xidmət orqanlarının resurslarına kimi, bütün yollara baş vurulur.

- Moskvanın təsirinin dirçəldilməsi

Putin Sovet İttifaqının dağılmasını fəlakət hesab edir. Kremlə gələndən sonra o, Moskvanın dünyadakı itirilmiş nüfuzunun dirçəldilməsi ilə məşğul olub. Bu məqsədlə Putin ordunu yenidən silahlandırır, xaricdə hərbi bazalar açır, döyüş təyyarələrinin uçuş radiuslarını genişləndirir və döyüş gəmilərinin beynəlxalq sulardakı hərəkətini intensivləşdirir. Rusiya tərəfindən törədilmiş sonuncu təxribatçı hərəkət, senyabr ayında iki strateji bombardmançının Bilbao şəhəri ətrafına yaxınlaşması ilə baş verdi. Bu həftə isə Finlandiyada “Su-27” döyüş təyarələri ilə bağlı insident yaşanıb.

Putin İkinci Dünya Müharibəsindən sonrakı dövrdə əmələ gəlmiş və dünyanın söykəndiyi hazırkı nizam qaydasının birinci olaraq onun ölkəsi tərəfindən pozulmadığını iddia edir. 2007-ci ilin fevralında Münxendə, 2014-cü ilin oktyabrında Soçidə və həmçinin də Valday forumundakı məruzələrində Vladimir Putin amerikalıları və onların müttəfiqlərini BMT mandatı almadan İraqa hücum etməkdə, Kosovanın Serbiyadan ayrılmasında, “Ərəb baharı”nın qızışdırılmasında və Rusiyanın qapısının astanası – Gürcüstana və Ukraynaya müdaxilədə ittiham edib.

Rusiya Federasiyasının rəhbəri Kiyevdəki xalq üsyanını ABŞ və AB-nin idarə etdiyini söyləməklə yanaşı, onu da vurğulayır ki, Krımın Rusiyaya birləşdirilməsi, Luqansk və Donetsk vilayətlərindəki separatçılıq isə Qərbin həmin müdaxiləsinin nətiəcəsidir. Moskva özünün təsir zonası hesab etdiyi yerlərdə bu cür fəaliyyətlərə son qoymağı tələb edir. Bu məqsədlə də yeni dünya nizamının yaradılmasına çağırır və əks halda qlobal müharibə olacağı təqdirdə nüvə silahından istifadə edəcəyi ilə təhdid edir.

- Nüvə müharibəsi

Nüvə müharibəsi ehtimalı, Rusiyanın rəsmi KİV-ləri tərəfindən qızışdırılan indiki xarici anti-Qərb təbliğatının elementlərindən biridir. Rusiya cəmiyyətinin bir hissəsi bu cür riski, haradasa qəbuledilən sayır. Çünki Kremlə yaxın olan ekspertlərə görə, Rusiya bu müharibədə qalib gəlmək qabiliyyətində olacaq.

Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayer “Bild” qəzetinə bildirib: ”İndiki mərhələ Sovet İttifaqı və Qərb arasındakı qarşıdurmadan daha təhlükəlidir. Soyuq müharibənin astanasında dayandığımızı zənn etməyimiz sadəlövhlük olardı. İndiki mərhələ tamamilə baçqa cürdür və daha təhlükəlidir. Bir neçə on ildir ki, Şərq və Qərb arasındakı etibar, bu səviyyəyə qədər aşağı düşməmişdi”.

- Millətçilik əhavalının qızışdırılması

Keçən ay BMT-nin Baş Assambleyasında çıxış edən ABŞ prezidenti Barak Obama, rusiyalı həmkarını tənqid atəşinə tutaraq deyib: “İmperiya erasının keçmişdə qaldığı dünyamızda, biz, gücün köməyi ilə Rusiyanın əski şöhrətini necə bərpa etməyə cəhd göstərdiyini görürük. Əgər Rusiya öz qonşularının daxili işlərinə qarışmağa davam edərsə, onda bu onun əhalisi arasında populyarlıq yarada bilər. Müəyyən bir vaxta kimi millətçilik əhvalı qızışdırılsa da, lakin bir müddətdən sonra bütün bunlar Rusiyanın sərhədlərinin daha az etibarlı olmasına gətirib çıxaracaq”.

Putin əleyhinə nümayişlərdə iştirakına görə, deputat kürsüsünü itirmiş müxalifətçi Gennadi Qudkov deyir: ”Putin xarici təhlükə qorxuluğunu yelləyərək, ölkəni mühasirəyə alınmış qala kimi təqdim etməklə, Rusiyanı nəhəng bir kazarmaya döndərib. Bu ona ömürlük hakimiyyətdə bərkiyib qalmaq üçün lazım olan bir mexanizmdir”.

Qudkovun üzvü olduğu “Yabloko” partiyasının lideri Qriqori Yavlinski hesab edir ki, ölkədə daimi fövqəladə vəziyyətin dəstəklənməsi, gələcəkdəki avtoritarizm, şəxsiyyətə pərəstiş, represiya və həmçinin də, Putinə yenidən seçilməyə yardım göstərəcək fors-major atmosferi üçün lazım olan qida mənbəyidir.

Yavlinski xəbərdarlıqla bildirir ki, bu cür siyasət özündə dünya müharibəsinə aparan böyük təhlükə daşıyır.(“ABC”-İspaniya)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi